Teatrımızın
bayramı münasibətilə
Azərbaycan milli peşəkar teatrının
yarandığı 10 mart tarixi (1873) ölkəmizdə Milli
Teatr Günü kimi qeyd olunur. Bu münasibətlə bölgələrdə
tamaşa nümayişləri və tədbirlər
keçirilib.
Naxçıvan səhnəsində Lənkəran
xanının sərgüzəştləri
Cəlil Məmmədquluzadə adına
Naxçıvan Dövlət Milli Dram Teatrında Mirzə Fətəli
Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran”
tamaşası nümayiş olunub.
Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı
Həcərxanım Məmmədova, quruluşçu rəssamı
Naxçıvan MR-in Əməkdar rəssamı Səyyad
Bayramovdur. Səhnə əsərində Xalq artisti Həsən
Ağasoy, Əməkdar artistlər Nazlı Hüseynquliyeva, Bəhruz
Haqverdiyev, Əbülfəz İmanov, Əli Əliyev, həmçinin
aktyorlardan Ələsgər Quliyev, Zəminə Məmmədova,
Şölə Alışova, Səkinə Məmmədova,
Saynur Babayev, Səyyad Bayramov və digər aktyorlar rol
alıblar.
Qeyd edək ki, “Sərgüzəşti-vəziri-xani-Lənkəran”
Azərbaycan teatrı səhnəsində tamaşaya
qoyulmuş ilk əsərdir. Hadisələr Lənkəran
xanının vəziri Mirzə Həbibin evində və
xanın sarayında cərəyan edir. Tamaşada səriştəsiz
xan və vəzirinin yarıtmaz əməlləri
gülüş hədəfinə çevrilir.
Qusar teatrının kompozisiyası
Qusar Dövlət Ləzgi Dram Teatrı milli
teatrımızın yaranmasının 151-ci
ildönümü münasibətilə
tamaşaçılara Azərbaycan və ləzgi dillərində
kompozisiya təqdim edib.
Əvvəlcə teatrın bədii rəhbəri Faiq
Qardaşov ölkəmizdə teatrın inkişaf tarixindən
danışıb. Bildirib ki, yaranmasının 151-ci
ildönümünü qeyd etdiyimiz Azərbaycan teatr sənəti
zəngin bir tarixi yol keçib. O, Qusar Dövlət Ləzgi
Dram Teatrının 32 əvvəl
yaradıldığını və regionda teatr sənətinin
inkişafına öz töhfələrini verdiyini diqqətə
çatdırıb. Deyib ki, bu illər ərzində teatr
100-dən çox səhnə əsəri ilə
tamaşaçıların görüşünə gəlib.
Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin
dəstəyi (RMİ) ilə keçirilən bayram tədbirində
kollektiv Mirzə Fətəli Axundzadənin komediyaları əsasında
hazırlanmış tamaşalardan parçalar nümayiş
etdirib. Kompozisiyada həmçinin milli rəqslər, folklor
nümunələri, həmçinin Azərbaycan və ləzgi
dillərində mahnı və şeirlər yer alıb.
Kompozisiya tamaşaçılar tərəfindən maraqla
qarşılanıb.
İncəsənət məktəbində tədbir
Quba şəhər Uşaq incəsənət məktəbində
10 mart – Milli Teatr Gününə həsr edilmiş tədbir
keçirilib.
Çıxış edənlər milli
teatrımızın yaranması və inkişaf tarixindən,
teatr sahəsində əldə edilən nailiyyətlərdən,
vaxtilə fəaliyyət göstərmiş Quba Dövlət
Dram Teatrından söz açıblar.
Qeyd olunub ki, dövlət tərəfindən teatr sahəsinin
inkişafına diqqət və qayğı göstərilir.
Bu sahənin tərəqqisi üçün dövlət
proqramları həyata keçirilib. Eyni zamanda teatr xadimləri
müxtəlif fəxri adlara və dövlət təltiflərinə
layiq görülürlər.
Tədbir şagirdlərin hazırladıqları səhnəciklərin
nümayişi və bir-birindən maraqlı musiqi nömrələri
ilə davam edib.
Səhnə sənəti də mədəni irsimizdir
Masallı rayon Mərkəzi Kitabxanasında Milli Teatr
Gününə həsr olunmuş “Teatr sənəti mədəni
irsimizdir” adlı tədbir təşkil edilib.
Qeyd olunub ki, 1873-cü il martın 10-da Bakıda
Realnı məktəbin teatr həvəskarları truppası
tərəfindən M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran”
komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda
milli teatrın əsası qoyulub. Bildirilib ki, zəngin sənət
ənənələri olan Azərbaycan teatrının
inkişafında son illərdə yeni mərhələ
başlayıb. Bu inkişaf özünü, ilk növbədə,
yeni və maraqlı tamaşaların hazırlanmasında,
xarici ölkə teatrları ilə təcrübə
mübadiləsinin genişləndirilməsində və s.
göstərir.
Vurğulanıb ki, teatrlarımızın
inkişafında ölkəmizə rəhbərliyinin
bütün dövrlərində mədəniyyət və
incəsənətin böyük hamısı kimi bu sahədə
çalışanların sonsuz rəğbətini
qazanmış Ümummilli lider Heydər Əliyevin xidmətləri
misilsizdir. Ulu öndərin bu siyasəti hazırda Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Nurəddin Məmmədli
Mədəniyyət .- 2024.- 13 mart(¹20).- S.4.