Vyanadakı AMM-də
Novruz şənliyi
Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət
Mərkəzinin nəzdində “Ana dili” həftəsonu kursunda
Novruz şənliyi təşkil olunub.
Mədəniyyət Mərkəzinin rəhbəri
Leyla Qasımova ana dilinin əhəmiyyəti və bu
kursların mərkəzin fəaliyyətində tutduğu
önəmli yerindən bəhs edib. Bildirilib ki, kiçikdən
böyüyə hamının sevimli bayramı olan Novruz ərəfəsində
təşkil olunan tədbir kurslarda iştirak edən
uşaqların böyüklərə ərməğanıdır.
Bayrama xüsusi həvəslə hazırlaşan balacalar ana
dilində şeir və mahnılar, eləcə də müxtəlif
milli rəqslər öyrəniblər.
Sonra kursun rəhbəri Yeganə Balamədova bayram
proqramı barədə məlumat verib, Vyanada yaşayan
soydaşlarımızı öz övladlarını daha fəal
şəkildə Mədəniyyət Mərkəzi nəzdindəki
həftəsonu kurslarına, rəsm və rəqs dərnəklərinə
üzv yazdırmağa dəvət edib.
Uşaqlar Novruza həsr olunmuş mahnılar və
şeirlər səsləndirib, milli rəqslər ifa ediblər.
Konsertin ardınca mərkəzin əməkdaşları Rəşidə
Əsgərli və Gülər Əzizovanın təqdimatında
Abdulla Şaiqin “Tıq-tıq xanım”
nağılının motivləri əsasında kukla
tamaşası nümayiş olunub.
Bədii hissədən sonra uşaqlar və valideynlər
bayram süfrəsinə dəvət ediliblər. Uşaqlar
üçün Novruza məxsus oyunlar keçirilib.
Mədəniyyət .- 2024.- 13 mart(¹20).- S.8.