Naxçıvanın
qədim mədəniyyəti Tarix Muzeyinin eksponatlarında
I yazı
2024-cü ildə Naxçıvan Muxtar
Respublikasının 100 illiyi qeyd edilir. Bununla bağlı
Prezident İlham Əliyev tərəfindən 30 dekabr
2023-cü il tarixində sərəncam imzalanıb. Əlamətdar
yubiley eyni zamanda Naxçıvan diyarının Azərbaycan
tarixindəki çoxəsrlik keçmişinə bir daha nəzər
salmaq fürsətidir.
Milli Azərbaycan Tarixi Muzeyində
Naxçıvanın ilkin şəhər mədəniyyətinin
xüsusiyyətlərini müəyyənləşdirməyə
imkanı verən çoxsaylı eksponatlar qorunur. Bu günlərdə
materiallarla tanış olmaq üçün muzeyi ziyarət
etdik. Muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri tarix
üzrə fəlsəfə doktoru, dosent Nasir Quluzadə
bizimlə söhbətində yubileylə əlaqədar
“Naxçıvan sivilizasiyaların qovşağında”
adlı kitabı nəşrə hazırladıqlarını
dedi. Əlavə etdi ki, muzeyin direktoru akademik Nailə Vəlixanlı
ilə birgə “Naxçıvanın qədim şəhər
mədəniyyətinin tədqiqində və təbliğində
Milli Azərbaycan Tarixi Muzeyi arxeoloji materiallarının əhəmiyyəti”
mövzusunda vaxtilə çox geniş bir material
hazırlanıb. Alim həmin material əsasında bir sıra
məlumatları bizimlə bölüşdü.
***
Muzeyin Arxeologiya fondunda mühafizə olunan arxeoloji
materialların bir qismini Naxçıvan tapıntıları
təşkil edir. Eneolitdən başlayaraq Orta əsrlər
dövrünədək böyük bir mərhələni əhatə
edən bu tapıntılar I və II Kültəpələr,
Şahtaxtı, Qızılburun (Qızılvəng),
Naxçıvan, Danaqırd və Xaraba Gilan abidələrindən
aşkar olunub. Arxeoloji tapıntılar Naxçıvanın qədim
şəhər mədəniyyətinin öyrənilməsində
də çox böyük əhəmiyyət kəsb edir.
Yazılı mənbələrin olmadığı
Tunc dövrü protoşəhərlərinin tədqiqində
arxeoloji materialların rolu danılmazdır. Bu arxeoloji
materiallar arasında, xüsusilə, hər iki Kültəpə
tapıntıları Naxçıvanda ilkin şəhər mədəniyyətinin
təşəkkülünü özündə təcəssüm
etdirir. Ekspozisiyada nümayiş etdirilən I Kültəpə
materialları (daş, sümük və buynuz toxalar, dənəzən
daşlar, həvəngdəstələr, kömürləşmiş
buğda və s.) e.ə. VI–IV minilliklərdə azərbaycanlıların
inkişaf etməkdə olan əkinçi mədəniyyətindən
xəbər verir. Müxtəlif təyinatlı gil qablar, qazan
və küplər dulusçuluğun, sümükdən olan
iynə və bizlər, gil əyircəklər, eləcə də
bəzək əşyaları sənətkarlığın,
o cümlədən toxuculuğun inkişafının göstəricisidir.
Arxeoloqların aşkar etdikləri və muzeyin
ekspozisiyasında nümayiş olunan məşhur Xələf
mədəniyyətinə məxsus boyalı çölməyi
də xüsusi qeyd etmək olar. Çox səliqəli və
daha yüksək texnika ilə hazırlanmış bu qabın
üstündəki naxışların magik xarakter
daşıması ehtimal edilir.
I Kültəpədən tapılmış
sümük, pasta və əqiqdən, qaban dişindən
asmalar bəzək əşyası olmaqla yanaşı, amulet
funksiyası da daşıyırdılar. Üzərində
müxtəlif magik işarələr olan çox zərif
qablar bizi qədim əcdadlarımızın dini-ideoloji təsəvvürləri
ilə tanış edir. Naxçıvandan tapılmış
Erkən Tunc dövrünə məxsus qayıqvarı dən
daşı ən maraqlı nümunələrdəndir. Eləcə
də Kür-Araz mədəniyyətinə xas olan spesifik
xüsusiyyətli – yumru, yarımşar formalı və bir
çox halda öküz burnuna oxşar qulplu, müxtəlifölçülü
və təyinatlı saxsı qablar maldarlıq və əkinçiliyin
intişar tapdığı bu ərazidə məhsuldarlıq
rəmzi olan öküz kultunun geniş
yayıldığını göstərir.
Nasir Quluzadə deyir ki, ilkin şəhər mədəniyyətini
səciyyələndirən əlamətlərdən biri də
coğrafi şərait və təbii sərvətlərlə
bağlıdır. Bu baxımdan Naxçıvanın yerləşdiyi
coğrafi mövqe və təbii sərvətləri,
sözsüz ki, şəhərin yaranmasına, ən qədim
zamanlardan yerli qəbilələrin tarixi-mədəni
inkişafına kömək edib. Bu da, öz növbəsində,
II Kültəpə kimi müdafiə tikililərinə malik
erkən şəhər məskənlərinin meydana gəlməsini
şərtləndirib. Onu da qeyd edək ki, II Kültəpədə
1968-ci ildə arxeoloji tədqiqatlar nəticəsində
aşkar edilmiş İlk, Orta, Son Tunc və Erkən Dəmir
dövrü mədəniyyətlərinə məxsus
nümunələr muzeyin Arxeologiya fonduna 1977-ci ildə təhvil
verilib.
Naxçıvanın qədim şəhər mədəniyyətinin
öyrənilməsi və təbliği baxımından əhəmiyyətli
mənbələrdən birini də məhz Son Tunc və Erkən
Dəmir dövrü abidələri və onların
materialları təşkil edir. Muzeydə bu dövrə aid
materialları mühafizə olunan abidələrdən biri
Qızılburundur (Qızılvəng) ki, arxeoloji
axtarışlar zamanı bu abidədən Son Tunc və
İlk Dəmir dövrlərinə aid saxsı, metal,
sümük və daş məmulatları tapılıb.
Qızılburunun saxsı məmulatı, əsasən, xeyrə,
kasa, şargövdəli küpə, çaynik formalı,
güvəc, bardaq, qədəh, ayaqqabı formalı qablardan
ibarətdir. Tunc məmulatını isə xəncər, ox
ucları, boyunbağı, sancaqlar, qolbaqlar, üzüklər,
halqalar, pilək, lövhələr, düymələr və
muncuqlar təşkil edir.
***
Naxçıvanın şəhər mədəniyyəti
haqqında Ordubad rayonunun Anaqut (keçmiş Danaqırd) kəndi
ərazisində aşkar olunmuş arxeoloji tapıntılar da
az əhəmiyyət kəsb etmir. Son arxeoloji tədqiqatlarla
müəyyənləşdirilib ki, Ordubad rayonu ərazisində,
Gilançayın mənsəbində e.ə. II minilliyin
sonlarında müdafiə divarları ilə möhkəmləndirilmiş
şəhər – Sumbatan-Dizə olub. 1926-cı il sentyabrın
10-da Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti
Ə.Ələkbərovu arxeoloji və etnoqrafik tədqiqatlar
aparmaq üçün Naxçıvana – Ordubad rayonuna ezam
edir. O bu səfər zamanı təsadüfi arxeoloji materiallar
– əsasən, tunc əşyalar toplayır. Naxçıvan ərazisindəki
qədim abidələrin öyrənilməsi 30-cu illərdə
uğurla davam etdirilib. Ə.Ələkbərov həmin ərazidə
Son Tunc və İlk Dəmir dövrünə aid silsilə
yaşayış yerlərini, iç qalaları kəşf
edib. 1934–1936-cı illərdə Ə.Ələkbərovun rəhbərliyi
ilə SSRİ EA Azərbaycan Filialının ekspedisiyası tərəfindən
Oğlanqala, Şahtaxtı Govurqalası, Şortəpə
yaşayış yeri və bir sıra digər abidələr
aşkara çıxarılıb tədqiq olunub. Göstərilən
abidələr təkcə Azərbaycanda deyil, bütün
Qafqazda ən qədim şəhərlər və şəhər
mədəniyyəti haqqında məlumat verən məxəzlərdir.
Hazırladı: Lalə Azəri
Mədəniyyət .- 2024.- 13 mart(¹20).- S.1;6.