“Baxış”da sonuncu “Avtobus” idi
Azərbaycan Teatr Xadimləri İttifaqının
(ATXİ) yaradıcılıq laboratoriyalarının
“Baxış – 4” festivalı “Avtobus” tamaşası ilə
başa çatdı.
Laboratoriyanın rəhbəri Məhəmməd
Verdizadənin öz tərcüməsi və quruluşunda səhnəyə
çıxan məşhur bolqar dramaturqu Stanislav Stratiyevin
“Avtobus” pyesindəki bütün rolları onun yetirmələri
oynayırdı. Təbii ki, bu tamaşa 10 gəncin səhnədə
ilk çıxışı idi və onlardan “Gözəllik
kraliçası” və “Akkompaniator” tamaşalarında
çıxış edən peşəkar aktyorların məharətini
gözləməyə dəyməzdi. Bununla belə, təzəhəvəs
aktyorların heç birində aşırı həyəcan
və səhnə davranışlarında “mənim burda nə
işim var” sayaq naşılıq hiss olunmurdu.
Bəs tamaşa nə barədədir? Beş qadın
və beş kişi avtobusa minib ki, bu ictimai nəqliyyat
onları ünvana çatdırsın. Avtobus
sürücüsü isə səhnədə yoxdur. Yəni
bir qrup insanı mənzil başına çatdırmaq məsuliyyətini
daşıyan şəxs gözə görünmür. Birdən
avtobus marşrutdan çıxır və… nəqliyyatın
hansı istiqamətdə hərəkət etdiyini
sürücüdən öyrənə bilməyən sərnişinlər
panikaya düşürlər. Ümumi təhlükə
insanları birləşdirmir, əksinə, onları
üz-üzə qoyur. Beləliklə, bütün qəza vəziyyətlərində
olduğu kimi, insanların heç də yaxşı
sayılmayacaq cəhətləri üzə
çıxır, qorxu və panika onları asan idarəolunan
insan kütləsinə çevirir...
***
Milli Teatr Günü ərəfəsində başa
çatan “Baxış – 4” festivalının
mükafatlandırma mərasimi də elə 10 mart tədbirinin
ardınca keçirildi.
Rejissor laboratoriyasının müdavimləri –
Könül Şahbazova, Ağasəlim Feyzullayev və Xəyalə
Meydanova sertifikat aldılar. Aktyorlar fəal iştiraka görə
diplom, Məhəmməd Verdizadə isə təşəkkürnamə
ilə mükafatlandırıldı.
“Baxış – 4”ə Milli Teatr Gününün bayram
tədbirinin sonunda, bütün fəxri fərman və
mükafatlar sahiblərinə çatdırılandan sonra
yekun vurulması ikitərəfli rəmzi məna
daşıyırdı: cavanlar, görürsünüz ki,
teatra ömür həsr edənlərin qədrini bilirik; təcrübəli
peşəkarlar, arxanızca gələn var...
Mədəniyyət .- 2024.- 13 mart(¹20).- S.3.