Görkəmli nasir və ədəbi
tənqidçi
Mehdi Hüseyn-115
XX əsr Azərbaycan ədəbi nəsrinin
inkişafına töhfələr verən ədiblərimizdən
biri də yazıçı, dramaturq, tənqidçi, ictimai
xadim, Xalq yazıçısı, Dövlət mükafatı
laureatı Mehdi Hüseyn olub. Yazıçı orijinal
yaradıcılıq xüsusiyyətləri ilə nəsr və
dram əsərlərində yaşadığı
dövrün xarakterik cəhətlərinə işıq
tutub. 56 illik ömrünün 40 ilini ədəbiyyata həsr
edən yazıçını anadan olmasının 115 illiyi
münasibətilə yada saldıq.
Mehdi Əli oğlu Hüseynov 22 mart 1909-cu ildə
Qazax rayonunun II Şıxlı kəndində dünyaya
göz açıb. 1929-cu ildə Azərbaycan Dövlət
Universitetinin (indiki BDU) Tarix fakültəsini bitirib. 1938-ci ildə
Moskvada Dövlət Kinematoqrafiya İnstitutu nəzdində
akademiya tipli kinossenaristlər kursunda təhsil alıb.
Yaradıcılığa müxbir yazıları ilə
başlayan Mehdi Hüseynin II Dünya müharibəsi illərində
qələmə aldığı “Nişan üzüyü”,
“Bəxtiyar”, “Qanlı sular”, “Dost” və s. hekayələr
maraq doğurub. Bu hekayələrdə müharibə
dövrü insanlarının psixologiyasında yaranan dəyişikliklər
önə çəkilir. Bu hekayələr oxucular tərəfindən
maraqla qarşılanır. Gənc yazıçı bundan bir
az da cəsarət tapır. İrihəcmli əsərlər
yazmağa başlayır. “Daşqın”, “Tərlan”, “Səhər”,
“Abşeron”, “Qara daşlar” və “Yeraltı çaylar dənizə
axır” romanlarını yazır.
“Daşqın” əsəri (1936) Azərbaycan sovet
romanının ilk nümunələrindən hesab olunur. Məlumdur
ki, həmin dövrdə yazılan romanların mövzusunu
sovetləşmə uğrunda gedən mübarizə təşkil
edirdi. “Daşqın” romanında Azərbaycan-Gürcüstan sərhədində
Cümhuriyyət tərəfdarları ilə
işğalçı XI Qızıl Ordunun
qarşılaşma səhnələri təsvir edilib. Əsərdə
xalqımızın faciəli taleyi, öz müstəqilliyini
qoruyub saxlamaq uğrunda cəhdlərinin uğursuzluğa
düçar olması əksini tapıb.
Görkəmli yazıçı və ədəbiyyatşünas
Mir Cəlal Paşayev 1959-cu ildə Mehdi Hüseynin
yaradıcılığına həsr etdiyi məqaləsində
yazırdı: “Mehdinin əsərləri hələ otuzuncu
illərdən yayılmağa, diqqəti cəlb etməyə
başlamışdı. Onun bir sıra həcmcə xırda,
mövzu etibarilə əhəmiyyətli, məzmunca zəngin
hekayələrindən istedadlı gənc bir qələm
sahibinin səsi gəlirdi... Müzakirə və söhbətlərdə
bəzən bu sual eşidilirdi: Mehdinin yazı üslubu
klassiklərdən kimə daha yaxındır – Mirzə Cəlilə,
Süleyman Saniyə, yoxsa Qorkiyə və ya Fadeyevə? Mən
deyərdim ki, bu üslub hər kəsdən əvvəl
Mehdinin öz orijinal üslubudur”.
Mehdi Hüseynin roman yaradıcılığında
yeni mərhələ “Qara daşlar” romanı ilə
başlayır. Bu əsər yazıçının 1947-ci
ildə yazdığı “Abşeron” romanının davamı
hesab olunur. Ancaq əsər tənqidə məruz qalır.
Qeyd edilir ki, yazıçı əsərdə maarifçi ədəbiyyatda
olduğu kimi, ideyadan süjetə keçir və ictimai
şüuru durmadan “yüksələn”
əmək adamlarının obrazını yaratmağa
çalışıb...
“Yeraltı çaylar dənizə axır” əsərində
isə insan taleyi, onun həqiqi yaşantıları öz
gerçəkliyi ilə əks olunmağa istiqamətlənib.
Romanda oxucu II Dünya müharibəsində itkin düşən
Səmirə Aydının başına gələnlərlə
onun qələmə aldığı gündəliklər
vasitəsilə tanış olur. Əslində, əsərdə
cərəyan edilən hadisə – Səmirə Aydının
göz yaşı ilə suvarılan tale müharibədən
sonrakı illərdə Azərbaycan xalqının
başına gətirilən dəhşətlərin əksidir.
Yazıçı xalqın bütün faciəli
yaşantılarının kökünü “respublikanın
sahibi” Mollayevin şəxsiyyəti ilə əlaqələndirir.
Ümumilikdə, müəllif əsərə sovet siyasi
rejiminin antihumanist mahiyyətini açmağa
çalışır.
Araşdırmalardan da məlumdur ki, Mehdi Hüseyn ədəbi
tənqidə yazıçılıqdan əvvəl
başlayıb. 1930-cu ildə ədibin ilk tənqidi məqalələrindən
ibarət “Ədəbi döyüşlər” kitabı
işıq üzü görüb. Görkəmli ədib 40
illik yaradıcılıq fəaliyyəti dövründə
sinfi-siyasi mübarizə və 20–30-cu illərin ən
qızğın sənət mübahisələrinin
iştirakçısı olub. O, sonrakı illərdə də
həqiqi ədəbiyyatın mənafeyini müdafiə edib,
sənətdə keyfiyyət amilini əsas tutub. Obyektiv tənqidçi
kimi qəbul edilən Mehdi Hüseyn qənaətlərini
açıq və kəskin şəkildə bildirib.
Mehdi Hüseyn Azərbaycan Yazıçılar
İttifaqının təşəkkül tapmasında
yaxından iştirak edib, təşkilat komitəsinin məsul
katibi (1930–1934), ittifaqın idarə heyətinin katibi (1954–1958)
olub. 1958–1965-ci illərdə isə Azərbaycan
Yazıçılar İttifaqına rəhbərlik (idarə
heyətinin birinci katibi) edib. 1964-cü ildə “Xalq
yazıçısı” fəxri adına layiq
görülüb. Əsərləri bir sıra dillərə
tərcümə edilib. Mehdi Hüseyn 10 mart 1965-ci ildə vəfat
edib, Fəxri xiyabanda dəfn olunub.
Savalan Fərəcov
Mədəniyyət .- 2024.- 13 mart(¹20).- S.6.