Bu Evridika o Evridika
deyil...
Orfey də bambaşqadır
Akademik Opera və Balet Teatrının tamaşası
haqqında oxucularımızın ötən həftədən
ümumi məlumatı var. Biz isə bir qədər təfərrüata
varmaq istədik.
Əslində, tamaşada yeniliklərin olacağı
elə afişadan da bilinirdi. “Orfey və Evridika”da
çıxış edən üç vokalçıdan
ikisi üçün bu tamaşa debüt idi: Əməkdar
artist Fəridə Məmmədova Evridika, gənc
vokalçı Zümrüd Davudova isə Amur obrazında ilk
dəfə səhnəyə çıxacaqdılar.
Tamaşanın yaradıcı heyətində də dəyişiklik
vardı: afişada quruluşçu baletmeyster olaraq Əməkdar
artist Yuri Lobaçovun adı yazılmışdı.
Bəri başdan deyək ki, XVIII əsr alman bəstəkarı
Kristof Villibald Qlük ilə libretto müəllifi italyan
Ranyero da Kalsabicinin “Orfey və Evridika”sı yunan əsatir qəhrəmanı,
musiqiçi və sehrli səs sahibi kimi ilahiləşdirilmiş
Orfey və onun sevimli həyat
yoldaşı Evridikanın uğursuz bitən eşq hekayəsi
əsasında ərsəyə gəlib. Lakin müəlliflər
minilliklər boyu kişi sədaqətinin mücəssəməsi
sayılan Orfeyin iztirablarına hörmət olaraq, sonradan
Evridikanı bu dünyaya qaytararaq sevgililərin təkrar
qovuşması sonluğunu seçiblər. Təbii ki, belə
xoşbəxt sonluq ilahi musiqini dinləməkdən və məhəbbət
mövzusunu seyr etməkdən zövq alan musiqisevərlərin
ürəyincədir.
“Orfey və Evridika”nı təkcə opera
tamaşası kimi təqdim etmək düz olmazdı.
Çünki bu tamaşada opera və balet
ifaçılığı bir-birinin dəstəkçisi
yox, tərəfdaşıdır. Orfey meşədə
çobanlar və meşə pəriləri ilə
ixtilatında da, cəhənnəmdə şeytanlar, iblislər
arasında da tək deyil. O, Evridikanı itirmə səbəbindən
qəmgin nəğmələrini oxuduqca əsas qəhrəmanların
alter-eqoları – Orfey və Evridika obrazlarını rəqs
dili ilə canlandıran Seymur Qədiyev və Əməkdar
artist Nigar İbrahimova da onu izləyir, səhnədə
boşluğun yaranmasına imkan vermirlər. İnsaf naminə
deyək ki, tamaşanın budəfəki plastik həlli,
baletmeysterin uyğun bildiyi rəqslər, üstəlik, Orfeyin
özünün də səhnədə rəqs elementlərini
ifa etməsi diqqəti çəkir.
Yazımızın əvvəlində
debütantların adını çəksək də,
tamaşanın əsas vokal yükünü daşıyan
Əməkdar artist İlham Nəzərovun adını
çəkmədik. Əvvəlki tamaşalarda dəvətli
Evridikalar ilə səhnəni paylaşmış
vokalçı tamaşa və yeni tərəfdaşları
barədə öz təəssüratlarını belə
bölüşdü:
– “Orfey və Evridika” tamaşasında Avstriyada və
Fransada fərqli versiyalarda oxumuşdum. Bugünkü tamaşa
mənim vətəndə oynadığım
dördüncü və Əməkdar artist Fəridə Məmmədova
ilə ilk tamaşamdır. Fəridə xanımın dil
bilgisi, dramatik aktrisa
bacarığı, peşəkarlığı
baxımından çox rahat tərəf-müqabil
olduğundan onunla səhnəni paylaşmaqdan zövq
aldım. Amur partiyasının yeni ifaçısı
Zümrüd Davudova da özünəməxsus, Əməkdar
artist İnarə Babayevanın Amuruna oxşamayan bir obraz yarada
bildi. Balet artistləri Seymur bəylə Nigar xanım da öz
partiyalarını peşəkarlıqla ifa etdilər.
“Yeni obraz, yeni partiya hər bir sənətkar
üçün özünü yenidən kəşf etmək
imkanı verir” deyən Əməkdar artist Fəridə Məmmədovanın
da tamaşa barədə təəssüratını öyrəndik:
– Evridika partiyası o qədər böyük olmasa
da, çətindir. Üstəlik, bu quruluşda Evridika səhnəyə
çıxdıqdan sonra sonadək səhnədə
qalır, oxumaqla yanaşı, bir sıra xoreoqrafik hərəkətləri
yerinə yetirməli olur, hətta dəqiqələrlə
yerdə hərəkətsiz uzanıb qalmalıdır. Sağ
olsun, Yuri Lobaçov təkcə balet artistləri ilə
deyil, həm də bizimlə xeyli işləmişdi. İlk dəfə
Amur obrazında səhnəyə çıxan Zümrüd
Davudovanı da sənət uğuru münasibətilə təbrik
edirəm.
O ki qaldı Evridikaya, mənim nəzərimdə
K.V.Qlük bu obraza yüngül istehza ilə baxır.
Çünki Orfeyin öz qadınına ilahi məhəbbəti
o qədər də düzgün deyil. Evridika nə qədər
gözəl, sevimli olsa da, adi qadındır. Onu elə adi
qadın kimi sevmək lazımdır. Orfey sevdiyi qadından
ötrü cəhənnəmi də, cənnəti də
görür, ona qovuşmaq üçün bütün əzablara
qatlaşır.
Deyim ki, tamaşa bütün kollektivin uğuru idi.
Əyyub Quliyevin idarəsi ilə orkestr, Sevil Hacıyevin rəhbərlik
etdiyi xor, balet artistləri, fleyta ifaçısı Elman
Mustafayevin solo ifası çox gözəl idi.
İlham Nəzərov ilə başqa tamaşalarda tərəf-müqabil
olmuşam. Bu dəfə mənə elə gəlir ki, biz səhnədə
öz ifamızla bir-birimizi anladıq.
***
Beləcə, daha bir uğurlu tamaşa geridə
qaldı və artıq 151 ilini
tamamlayan peşəkar teatr sənətimizin salnaməsinə
yazıldı.
Növbəti tamaşaların təəssüratını
paylaşmaq ümidi ilə
Gülcahan Mirməmməd
Mədəniyyət .- 2024.- 13 mart(¹20).- S.5.