“Doğma xalqıma” – 70 yaşlı
film-konsert
XX yüzilliyin ikinci yarısından etibarən Azərbaycanda
milli kino sənayesinin sürətli inkişafı
başlanır. Demək olar ki, hər il bir neçə diqqətəlayiq
ekran əsəri lentə alınır. Onlar
tamaşaçılar tərəfindən sevilməklə
yanaşı, beynəlxalq festivallarda da uğur qazanırdı.
“Yubilyar filmlər” rubrikasında 70 yaşlı “Doğma
xalqıma” ekran əsəri haqqında söhbət
açacağıq.
Azərbaycan rejissor sənətində məktəb
yaradan ustadlar çox olub. Əməkdar incəsənət
xadimi Hüseyn Seyidzadə
(1910–1979) də Azərbaycanın kino salnaməsində dərin
iz qoymuş sənətkarlardandır. Onun rejissor kimi fəaliyyəti
1939-cu ildə lentə almaq istədiyi “Ayna” filmi ilə
başlayır. Amma Niyazi Bədəlovla birgə çəkdiyi
film məlum olmayan səbəblərdən
yarımçıq dayandırılır. Yeri gəlmişkən,
“Ayna”nın materiallarından istifadə edərək sonradan
(1943) müharibə mövzusunda “Sovqat” adlı film (İmran
Qasımovun ssenarisi əsasında) çəkilib.
“Doğma xalqıma” bədii-sənədli filminin
çəkilişlərinə 1953-cü ildə
başlanmışdı. Filmin quruluşu rejissor Yan Fridə
tapşırılır. Sonda kinorejissor Mixail Rommun təşəbbüsü
ilə Hüseyn Seyidzadəyə Yan Fridlə birgə bu filmi
işləmək həvalə edilir. Beləliklə,
1954-cü ildə Azərbaycanda ilk rəngli bədii-sənədli
film müvəffəqiyyətlə çəkilib
tamaşaçıların ixtiyarına verilir.
“Doğma xalqıma” film-konserti incəsənət
ustalarının Azərbaycan zəhmətkeşlərinə
yaradıcılıq hesabatıdır. Ekran əsərində
görkəmli bəstəkarlar Üzeyir Hacıbəyli,
Müslüm Maqomayev, Qara Qarayev, Tofiq Quliyev, Soltan Hacıbəyov
və Əfrasiyab Bədəlbəylinin əsərləri,
“Koroğlu” və “Nərgiz” operalarından, “Yeddi gözəl”,
“Qız qalası”, “Gülşən” baletlərindən
fraqmentlər, xalq yaradıcılığı nümunələrindən
istifadə olunub.
Kinolent ilk rəngli Azərbaycan filmi hesab edilsə də,
bəzi səhnələr ağ-qara çəkilib. Filmin
yaradıcı heyətinə diqqət etsək, Azərbaycan
incəsənətinin görkəmli simalarının bu layihədə
iştirak etdiklərini görərik: baş operator Əlisəttar
Atakişiyev, operatorlar Xan Babayev, Teyyub Axundov, rəssamlar Cəbrayıl
Əzimov, Elbəy Rzaquliyev, səs operatoru Ağahüseyn Kərimov,
bəstəkar, musiqi redaktoru və dirijor Niyazi, rejissor
Şüa Şeyxov, rejissor assistentləri Məmməd
Əlili, Əlisəttar Məlikov.
Filmdə rolların ifaçıları da sənət
tariximizdə şöhrət qazanmış adlardır:
Bülbül, Rəşid Behbudov, Qəmər Almaszadə,
Ağababa Bünyadzadə, Leyla Vəkilova, Rəfiqə
Axundova, Maqsud Məmmədov, Sona Aslanova, Azad Əliyev, Nəcibə
Məlikova, Əfrasiyab Məmmədov, Həsənağa
Salayev, Əli Qurbanov, Kazım Həsənov, Şövkət
Ələkbərova, Məmmədsadıq Nuriyev, Kamil
Qubuşov.
Onu da qeyd edək ki, məhz bu ekran işinin uğurundan
sonra Hüseyn Seyidzadəyə müstəqil olaraq
tammetrajlı bədii film həvalə olunur. 1956-cı ildə
o, Azərbaycan kino tarixində ilk rəngli bədii film olan “O
olmasın, bu olsun”a quruluş verir. Üzeyir bəyin
eyniadlı operettası əsasında ssenarini Sabit Rəhman yazmışdı.
Həmin dövrdə “Ədəbiyyat
və incəsənət” qəzetində yazılan tənqidi
materialların heç biri
filmin ekran ömrünü qısalda, şöhrətini,
tamaşaçı sevgisini azalda bilmir. Azərbaycanın
korifey aktyorlarının “çələngi” sayılan film
60-dan artıq ölkədə nümayiş olunub. Bu gün də
maraqla izlənilir, güldürür və
düşündürür.
Hazırladı: Lalə
Mədəniyyət .- 2024.- 13 mart(¹20).- S.5.