Sənətə həsr edilən
uzun ömür
Görkəmli rəssam, səriştəli pedaqoq
Tofiq Ağababayevin Azərbaycan təsviri sənəti
üçün xidmətləri əvəzsizdir. Dekorativ-tətbiqi
sənət, qrafika, rəngkarlıq sahələrində
bir-birindən maraqlı əsərlər ərsəyə gətirən
rəssamın yaradıcılıq irsi təsviri sənətimizin
parlaq səhifələrindəndir.
Tofiq Ağababayev 1928-ci ildə Bakıda hərbçi
ailəsində dünyaya göz açıb. Sənətə
marağı onu Əzim Əzimzadə adına Azərbaycan
Dövlət Rəssamlıq Məktəbinə gətirir.
Burada rəngkarlığın sirlərini öyrəndikdən
sonra təhsilini Sankt-Peterburq Rəssamlıq Akademiyasının
(keçmiş V.Muxina adına Ali Bədii-Sənaye Rəssamlıq
Məktəbi) Keramika-şüşə fakültəsində
davam etdirir. Vətənə qayıtdıqdan sonra gərgin
yaradıcılığa başlayan rəssam həm də
respublikanın ictimai və mədəni həyatında aktiv
rol oynayıb. O, 1966-68-ci illərdə Bakının ilk
baş rəssamı vəzifəsində
çalışıb, şəhərin estetik
görünüşünə töhfə olan bir sıra
yeniliklərin müəllifi olub. “28 May” metro stansiyası
qarşısında ucaldılan Cəfər Cabbarlının əzəmətli
heykəli üçün yerin seçilməsi onun təşəbbüsüdür.
Bakının simvolik açarının hazırlanması,
Bakı Sovetinin binasının üzərindəki gerbin yenidən
işlənilməsi də istedadlı rəssamın adı
ilə bağlıdır.
Rəssamın yaradıcılığında
dekorativ-tətbiqi sənət nümunələri
mühüm yer tutur. Bakı
Dövlət Sirkindəki “Azərbaycan sirki” mozaik lövhəsi,
Dövlət Statistika Komitəsinin, Memarlıq və
İnşaat Universitetinin idman salonunda mozaik işləri, “Azərbaycan
lirikası” triptixi onun keramik işləri sırasında
xüsusilə fərqlənir.
Tofiq Ağababayev vətəninə, doğulduğu
torpağa bağlı insandır. Bu sevgi, bağlılıq
onun istər rəngkarlıq,
istərsə də qrafika sahəsində
yaradıcılığında da özünü aydın
büruzə verir. Əsərlərində doğma Abşeron
təbiətinin gözəlliyini, bənzərsizliyini, əhalinin
məşğuliyyətini canlandırıb. Mənzərə
“Bakı bağları”, “Bostan”, “Əncir
yığımı” qrafik tabloları bunun bariz nümunəsidir.
Mavi Xəzər, qızmar günəş,
barlı-bağatlı Abşeron bağları rəssamın
yaradıcılığının müxtəlif mərhələlərində
müraciət etdiyi sevimli mövzularındandır.
Rəssam sənaye mənzərələrini də
xüsusi sevgi və peşəkarlıqla işləyib. Məlumdur
ki, İkinci Dünya müharibəsi zamanı faşizm üzərində
qələbə çalınmasında Bakı neftinin
müstəsna rolu olub. Rəssam “41–45 müharibə illərində
Bakı neftinin dənizə daşınması” əsərində
bunu bacarıqla təsvir edib. Neft mövzusunda bir çox rəssamların
əsərləri var. Onların hər biri öz baxış
prizmasından mövzuya yanaşaraq dəst-xətti,
üslubuna nəzərən əsərlər ərsəyə
gətirib. Tofiq Ağababayev də bir neçə dəfə
bu mövzuya müraciət edib. Rəssamın yuxarıda
adı çəkilən əsərində Xəzərin
mavi sularının ağuşunda daşınan neft çənlərinin
düzülüşü, demək olar ki, kompozisiyanın
istiqamətini müəyyənləşdirir. Maraqlı
kompozisiya həllinə malik əsərdə elementlər sol tərəfdə
yerləşdirilsə də, sağ tərəfdə
uçuşan qağayılar sanki simmetriyanı tarazlamağa
xidmət edir. Ön planda diqqəti cəlb edən
qağayılar, arxa planda üfüqə doğru irəliləyən
neftdaşıyan gəmilər, bacadan səmaya ucalan
tüstü, xüsusən də bir qədər sərt
yaxılarla tamamlanmış kompozisiya həlli əsərə
məxsusi dinamika, hərəkət aşılayır.
Bütün sadalanan meyarlar kompozisiyanın tamamlanmasına və
mövzunun dolğunluğuna xidmət edir.
Tofiq Ağababayevin yaradıcılığında
portret janrının da xüsusi yeri var. Onun portretlər
qalereyasında görkəmli şəxsiyyətlər,
dövlət və ictimai xadimlər, şairlər və
yazıçıların təsvirini görürük.
Obrazların daxili dünyasını, emosiyalarını
tamaşaçıya çatdırmaq rəssamın
istedadının təcəssümüdür.
“Şah İsmayıl Xətai”, “Dədəm Qorqud”,
“Rasim Babayev”, “İlyas Əfəndiyev” və başqa portretlər
dərin emosional təsir gücü, obrazın daxili
duyğularının tərənnümü baxımından
maraqlı əsərlərdir. Milli kolorit və formanın
kombinasiyası, cəsarətli rəng keçidləri, poetik
kolorit, peşəkarcasına həll olunmuş
işıq-kölgə effektləri Tofiq Ağababayevin çəkdiyi
portretləri birləşdirən əsas meyarlardır.
Rəssam Azərbaycan Səfəvilər dövlətinin
banisi, görkəmli şair, mütəfəkkir Şah
İsmayıl Xətai (1487–1524) obrazına bir neçə dəfə
müraciət etsə də, hər əsərdə qəhrəmanını
qüdrətli sərkərdə, əzəmətli dövlət
başçısı kimi təsvir edib. Dəbdəbəli
hökmdar qiyafəsi, qızılı rəngli baş geyimi, əzəmətli
görünüş onun dövlət başçısı
olduğunu ifadə edir. Hökmdarın qüdrətini,
gücünü simvolizə edən qara bəbir əsərin
təsir gücünü daha da artırır. Qəhrəmanın
ictimai, siyasi fəaliyyəti ilə poetik-lirik
yaradıcılığının sintezi əsərin diqqət
çəkən ünsürlərindəndir. Rəng
keçidlərinin forma ilə mükəmməl
kombinasiyası əsərə əsl Şərq ab-havası
aşılayıb.
Rəssam Tofiq Ağababayevin əsərləri ölkəmizlə
yanaşı, Rusiya, ABŞ muzeylərində, Kanada, Türkiyə,
Fransada şəxsi kolleksiyalarda saxlanılır. O,
yaradıcılığı boyu ölkədə və
ölkədən kənarda bir çox sərgilərdə
iştirak edib. O cümlədən Azərbaycan Milli İncəsənət
Muzeyində rəssamın 85 illiyi münasibətilə sərgisi,
2023-cü ildə isə 95 illiyinə həsr olunmuş “Zamanla dialoq” adlı fərdi sərgisi
sənətsevərləri rəssamın zəngin
yaradıcılığı ilə
görüşdürüb.
Ömrünü sənətə həsr etmiş rəssamın
yaradıcılığı dövlət tərəfindən
yüksək qiymətləndirilib. O, 1992-ci ildə “Əməkdar
incəsənət xadimi”, 2006-cı ildə “Xalq rəssamı”
fəxri adlarına layiq görülüb. 12 sentyabr 2023-cü
ildə Prezident İlham Əliyev tərəfindən
“Şöhrət” ordeni ilə təltif olunub.
Qocaman rəssam uzun illər (o cümlədən Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasında) pedaqoq kimi fəaliyyət
göstərib, neçə-neçə nəslə sənətin
sirlərini öyrədib. Sənətə yeni gələn gənclər
bundan sonra da onun yaradıcılığından bəhrələnəcəklər.
Gülnaz Mustafayeva
sənətşünas, Milli İncəsənət
Muzeyinin əməkdaşı
Mədəniyyət .- 2024.- 13 mart(¹20).- S.7.