Ağdamda alınan
“Qisas”a baxarkən...
Hər dəfə oralara gedəndə uşaq kimi
sevinirəm. Bilirəm bütün fəsillər oralarda daha
gözəldir. Ora Qarabağdır, ağ damları mənfurlar
tərəfindən uçurulub yerlə yeksan edilsə də,
şöhrətini heç vaxt itirməyən böyük
Ağdamdır. Özü də indi yenidən qurulan,
daşı daş üstünə qoyula-qoyula öz əzəmətli
günlərini inamla gözləyən Ağdam...
Biz Bakıdan hələ səhər açılmadan
yola çıxdıq. Yol uzunu palıd, çinar, cökə
ağaclarının iri gövdələrini
sayırmış kimi irəlilədikcə öz-özümə
Allah bilir neçə dəfə “Əzizinəm, ağ
damlar” bayatısını dedim, həm də kövrəldim.
Bu halımın, həm də səfərimin səbəbkarı
Xanirə Röyadır. Ötən il yubileyi münasibətilə
müsahibəmiz zamanı dramaturq kimi də kəşf etdiyim
Şuşa Dövlət Musiqili Dram Teatrının
aktrisası.
İllər əvvəl, gənc qız ikən
doğulduğu Ağsudan baş götürüb
böyük sənət sevdası ilə Ağdama gələn,
burada səhnə adlı ecazkar məkanla tanış olan
özü də, sözü də kövrək Xanirə
xanım gah bizi də özünə qoşub ötən illərə
aparır, gah da premyera tamaşasının, müəllif kimi
səhnədə ikinci pyesinin “Görən nə təhər
olacaq” sual-həyəcanında heç cür rahatlıq tapa
bilmirdi.
Dünyadan uşaq ikən köçən oğlu
Röyanın adını ədəbi imzası kimi təsdiqləməyə
çalışan, bu günədək bir neçə pyes
yazan və onları kitab halına salan müəllif gah “Qisas”
adını verdiyi bu əsəri, fədakar Ağdam
teatrının kollektivi, gah da hazırda
çalışdığı, aktrisa kimi səhnəyə
çıxdığı Şuşa teatrı, sənət
dostları haqqında danışırdı. Deyəsən,
sürücümüz Tariyel kişinin sükan arxasında
yuxulaya biləcəyi ehtimalından ehtiyat edərək arabir
“Ay Tariyel, sən Allah, xalxı burdan ora aparırıq,
ayıq ol ha!” deyərək narahat-narahat arxa oturacaqdakılara
tərəf boylanırdı.
Sonra sevimli şeirlərindən, rollarından
parçalar deməyə başladı. Arabir yadına nə
düşdüsə gözləri doldu, bənövşəyi
yaylığının ucu ilə yanağına süzülən
yaşları gizlincə sildi, avtomobilin şüşəsini
aşağı endirərək dərindən nəfəs
aldı.
İşin bu yerə çatdığını
görüb sözü ədalətsiz rol bölgüsü
edən rejissorlardan salıram. Bilirəm, bu mövzu artistlərin
ən yaralı yeridir. Söhbətimiz qızışır,
bir də görürük ki, hələ də öz yurdunda
didərgin, doğma ocağının qalıqlarından
kilometrlərlə uzaqda Quzanlı qəsəbəsində qərar
tutan Ağdam Dövlət Dram Teatrına yetişirik.
Köhnə-yeni dostların günəşli Ağdam
sabahında xoş münasibəti ilə qarşılanıb
buz kimi soyuq binaya keçirik. “Niyə buz kimi?” təfərrüatına
varmayacam. Deyəsən, teatrın və bir neçə mədəniyyət
müəssisəsinin yerləşdiyi ərazidə xətlərdəki
nasazlıq üzündən istilik təchizatında fasilə
yaranıb. Olan işdir. Necə deyərlər, proses baş
verirsə, problem də qaçılmazdır.
Tamaşanın başlanmasına hələ bir az var.
Teatrın direktoru, ağsaqqal yaşı və məqamına
çatmış Məhəmməd Hüseynov buz kəsən
mühitə ilıq hava gətirmək üçün
zarafat edir. Teatrı yaşatmağın, bölgədə fəaliyyətin
çətinliklərindən, sənətə məhəbbətdən,
Ağdam teatrının yeni nəslindən söz
açır. Ağdam teatrının veteranı – Əməkdar
artist Cəmilə Məmmədzadənin premyera, Bakıdan gələn
qonaqların sorağı ilə həyəcanla içəri
daxil olması və əsl sənət adamı kimi parlaq
çıxış-salamlaması da ovqatı xeyli dəyişir...
İlahi, bir sənət ocağı, quruca divarlar neçə-neçə
insanın tale yolunda, alın yazısında necə izlər
qoya bilərmiş?! Cəmilə xanım sadalayır, kövrəlir,
60–70-ci illərə pərvazlanır. Şöhrətli həmkarları
Əməkdar artistlər Tofiq Qarayev, Simuzər Namazova, Qaflan
Muradov, Narınc Məlikova, Qurban Mirzəyev və
başqaları haqqında xatirələrini dilə gətirir.
Onlarla tərəf-müqabil olmuş Xanirə xanım da
söhbətə qoşulur. Əksəriyyəti həyatda
olmayan digər sənət dostları ilə bağlı
xoş anlar artıq yaşının üstünə yaş
gəlmiş sənətkarları gənclik
çağlarına aparır.
Sonra teatrın keçmiş direktoru, Ağdam səhnəsinin
taleyində dönüşə nail olan Əməkdar mədəniyyət
işçisi Məmməd Əmirov, 1983–1988-ci illərdə
təyinatla teatrda baş rejissor olmuş Məmmədkamal
Kazımovla bağlı xatirələr, o zaman səs-küyə,
yaradıcı rezonansa səbəb olan premyeralardan
danışılır.
Söhbətin bu yerində dəhlizdə aydın
olmayan həngamə qopur. Bayaqdan onsuz da narahat görünən
Məhəmməd Hüseynov o səs-küyə doğru
yüyürür. Bir neçə dəqiqədən sonra
qayıdaraq “Uşaqlar son məşqlərini edirlər” deyir.
Ardınca premyera həyəcanını bütün bədənində
hiss etdirən teatrın baş rejissoru, tamaşanın
quruluşçusu Kərim Həsənov (Xançoban)
içəri daxil olur və son məşqlərin effektli
olduğunu və ona görə belə həyəcanla
replikalar üzərindən keçdiyini deyir.
Düzü, rejissorun “qisas” alırmış kimi etdiyi
son məşq məndə tamaşaya olan marağı birə-beş
artırır. Zalda əsas etibarilə gənclərdən
ibarət tamaşaçılar maraqla yeni səhnə
işini gözləyirlər.
Fevralın 28-nə təsadüf edən premyeradan
öncə səhnəyə çıxan teatrın direktoru
M.Hüseynov tamaşaçıları salamlayır, bir əsri
adlayan tarixə malik Ağdam teatrı, onun tarixi, bu
günü və cari repertuarı barədə
tamaşaçılara qısaca məlumat verir.
Ardınca səhnə işinin müəllifi
X.Röya yaradıcı heyəti təbrik edir, əsərinin
bir zamanlar aktrisa kimi fərqli rollara həyat verdiyi teatrda
oynanılmasını qürurla qeyd edir. Bundan əvvəl məhz
bu səhnədə “Cadu əməliyyatı” adlı tragikomik
pyesinin də səhnəyə qoyulduğunu yada salır,
yaradıcılığına diqqətə görə təşəkkürünü
bildirir.
Sonra hamılıqla “Qisas”ı izləyirik.
Ailə-məişət mövzulu dramatik əsərdə
hadisələr vəzifə naminə illər əvvəl ailəsini,
körpə qızını atıb yad millətin nümayəndəsi
ilə evlənən yüksək mənsəb sahibi olan ata Rəcəb
(Kərim Həsənov) və ondan evinə qulluqçu kimi
daxil olaraq intiqam almağa çalışan aktrisa Rənanın
(Afəridə Əhmədova) ətrafında cərəyan
edir. Artıq o illəri çoxdan unudan, yeni ailə və
övladları ilə mənsəbinin və var-dövlətinin
verdiyi imkanlarla məsud həyat yaşayan və vicdan hissini
çoxdan itirən Rəcəb əsas amalı – vəzifəsi
üçün düşünmədən bu ailəsini də
qurban verir...
Rənanın aktyor dostları ilə qurduğu oyun – Rəcəbin
arvadı və övladlarının oğurlanması
planı icra olunur. Rəna və dostları Rəcəb
qarşısında tələb qoyurlar: o ya istefa verməlidir,
ya da ailəsindən imtina etməlidir. Sözsüz ki,
gözlənilən olur və Rəcəb düşünmədən
ailəsindən imtina edir. Xəyalları suya düşən
sevimli arvadı və övladları da ondan.
İbrətamiz, sadə və çətin mövzuya
insan talelərinin fərdi təqdimatı ilə baxmağa
çalışan müəllif bizi bir həqiqətlə
baş-başa qoyur: insan ali dəyərini də özü
müəyyən etməli və yaddaşının onu aldatmasına
imkan verməməlidir.
Belə də olur. Rəna illərdir onu tərk edən
ərinin xiffətini çəkən daim küskün, kədərli
anası Gövhərə (Əməkdar artist Aidə
Qasımova) də, Rəcəbin başqa millətdən olan
digər qadının səadətini əlindən alan yeni
arvadı Məlahətə (Xəyalə Xudadatova) də isbat
edir ki, elə bir kişini bağışlamaq olmaz.
Birhissəli səhnə əsərinin
quruluşçu rəssamı M.Qarayev, musiqi tərtibatçısı
A.Şükürov, rejissor assistenti X.Abdullazadədir.
Tamaşada digər rolları Anar Əhmədov, Fərhad Fərhadzadə,
Camal Zamanov, Vüqar Mərdanov, Rüstəm Məmmədov, Ülviyyə
Qasımova ifa edirdilər.
Etiraf edim ki, teatrın ikinci-üçüncü dərəcəli
rollar ifa edən aktyorları – həvəskar gəncləri məndə
daha çox müsbət təəssürat oyatdılar.
Baş rol ifaçısı kimi A.Əhmədova nəinki
obrazının, ümumən tamaşanın yükünü
çəkməyə çalışdı. Hərçənd
mizanlar arasında rabitəsizlik, tamaşanın temporitminin
aşağı olması, işıq və musiqi həllindəki
natamamlıq, rejissorun əsərin ideyası ilə
uzlaşmayan oyun-üslub çağırışları sadə
hekayətin aydın təsvirinə maneçilik törədirdi.
Amma kollektivin çətin şəraitdə işləməsini,
üstəlik, texniki imkanlardakı məhdudiyyəti nəzərə
almaqla bu kimi çatışmazlıqların üzərindən
keçsək yaxşıdır.
***
Nümayişin ardınca fürsətdən istifadə
edib teatrın xidməti otaqları, əlbəsə və
rekvizit sexlərini də dolaşdım. Səhnə geyimlərinin
saxlanıldığı otaqda kiçik masada oturan dərzi
köhnə əl maşınında nə isə tikirdi.
Başı işinə elə qarışmışdı ki,
gəlişimizi duymamışdı. İlhamə Baxşəliyeva
rəngarəng parçaları bir-birinə tikirdi. Xəbər
alanda Novruz bayramı ilə bağlı tədbir
üçün hazırlıq gördüklərini dedi. 8 ildir
teatrda dərzi kimi çalışır. Bu sahədə
peşə təhsili alıb, teatrdan öncə də dərzi
kimi fəaliyyət göstərib. Deyir, teatrda işləmək
daha maraqlıdır: “Çalışıram teatrın
sifarişlərini də axsatmadan yerinə yetirim. Baxmayaraq ki,
artistlərlə işləmək daha çətindir,
onları razı salmaq üçün gərək dəridən-qabıqdan
çıxasan”.
Teatrın bədii-quruluş hissə müdiri
Yaşar Abbasov da iş prinsipindən danışır.
Ştativ sisteminin olmadığı teatrda kulis-paduqa (səhnə
geyimi) məsələsini yalnız statik ağ-qara pərdələrlə
həll etdiklərini, onların da səhnədən-səhnəyə
deyil, yalnız tamaşadan-tamaşaya dəyişdiyini deyir.
Bildirir ki, rejissorların, quruluşçu rəssamların tələb
etdikləri avadanlıqları çətinliklə də olsa
ərsəyə gətirməyə
çalışırlar.
Direktor M.Hüseynov deyir ki, son illər işə əsas
etibarilə gəncləri götürüb. Pensiyaya
çıxan, yaşı və səhhəti ilə
bağlı teatrdan getmək məcburiyyətində qalan
qocamanları yeni nəsillə əvəzləməyə
çalışıb: “Rayonda teatra maraqlı gənclər
var. Aralarında incəsənət təhsilliləri az olsa
da, yaxın sahələr üzrə təhsil alanlar cəlb
olunub”.
Belə olduqda haqlı bir sual yaranır: bu gün
bölgədə, konkret Ağdamda teatra üz tutan gənclər
ora stabil maaşlı iş yeri kimi baxırlar, yoxsa sənət
məbədinə xidmət edəcək aktyor kimi?
Bu sual təcrübəli direktorun lap ürəyindən
oldu və təəssüflə “Əvvəl-əvvəl
iş yeri kimi baxıb gəlirlər. Bir-iki aydan sonra çətinliyi
görüb qaçanlar da olur. Teatra qalan o bir-iki nəfər
lazımdı və şükür ki, onlar var” deyib nikbin
sonluğa çalışdı.
Hazırda baş rejissoru və quruluşçu rejissorları
da aktyorluq ixtisası üzrə məzun olan, nəinki indi,
ümumilikdə son illər Əməkdar artist Vaqif Şərifovdan
başqa rejissor təhsilli quruluşçuya (sözsüz ki,
daimi ştatda) həsrət teatrın ən böyük dərdi
də budur: peşəkar rejissor.
Sonda onu da deyim ki, sayıb-saymadığım müvəqqəti
çətinlikləri ağdamlı teatr təəssübkeşlərini
artıq narahat etmir. Çünki inanırlar ki, yenidən
qurulan Ağdamda köhnəsindən də əzəmətli
bir teatr binası olacaq və onlar səhnə ömürlərinin
qalan hissəsini o binada yaşayacaqlar...
Həmidə Nizamiqızı
Mədəniyyət .- 2024.- 13 mart(¹20).- S.1;6.