Yağışlı
gündə yığıldı bir yerə teatrı sevənlər...
Milli Teatr Günü elə bir vaxtda qeyd olunur ki,
heç hava özü də bilmir ki, onun ovqatı
yazdandır, yoxsa qışdan?... Bu dəfə martın
10-dakı paytaxt havası teatr cameəsinin sənət
sevgisini gur yağışla sınağa çəkdi.
Yolboyu xırda-para gölməçələrdən ehtiyatla
keçərək yağışda islanıb öz
bayramsayağı görkəminin korlanmaq ehtimalından əndişələnərək
Aktyor evinə gələnlərin arasında yəqin teatr sənətinin
uğurları üçün dua etməyi, dilək
tutmağı unutmayanlar da olmuşdu.
***
Teatr Xadimləri İttifaqının Aktyor evi təkcə
paytaxtın deyil, həm də bölgə teatrlarının
nümayəndələrini bir araya
yığmışdı. Teatr azmanları, yaxşı
tanıdığımız “orta kalibrli” sənətçilərlə
bayramlaşıb içəri keçirik: pərdəsi
açıq səhnəyə nəzər salınca
tamaşa salonundakı rəngarənglik, şöhrəti
yaşı ilə qoşa artan sənətkarlarımızın
bolluğu aydınlaşır. İllərdən bəri Milli
Teatr Gününün ittifaqda keçirilən baş tədbirində
iştirak təcrübəmiz deməyə imkan verir ki, indiyədək
bayram günündə bu qədər fəxri fərman, heykəlcik-mükafat
tavandan baxan projektorların işığında belə bərq
vurmamışdı...
Mədəniyyət Nazirliyi və ATXİ-nin təşkilatçılığı
ilə gerçəkləşən bayram tədbiri
ittifaqın son birillik fəaliyyətinin vizual hesabatı
sayıla biləcək videoçarxın nümayişi ilə
başladı. ATXİ-nin “Qonaq teatr” layihəsi, eləcə də
Azərbaycana işgüzar səfərə gəlmiş
yaxın-uzaq xarici ölkə teatr xadimləri ilə
görüşlər həmin videoçarxda öz əksini
tapmışdı.
Sonra ittifaqın idarə heyəti sədrinin səlahiyyətlərini
icra edən Xalq artisti Hacı İsmayılov səhnəyə
çıxdı. Milli teatr ənənəsinin
yaradılışından söz açan natiq vurğuladı ki, Prezident İlham
Əliyevin 1 mart 2013-cü il tarixli sərəncamı ilə
10 mart Milli Teatr Günü kimi bayram səviyyəsində qeyd
edilir. Teatr sahəsində çalışan insanlara dövlət
qayğısı artır, teatrlarımızın maddi-texniki
təchizatı dünya standartlarına yaxınlaşır.
Hacı İsmayılov ittifaqın idarə heyətinin
qərarı ilə milli teatr sənətinin
inkişafındakı xidmətlərinə və yuvarlaq
yaşdönəmləri münasibətilə 30 nəfərdən
çox teatr xadiminə fəxri fərman təqdim etdi. Təbii
ki, çıxışçılar arasında qısaca “təşəkkür
edirəm” deyənlər də oldu, bir-iki dəqiqəlik minnətdarlıq
nitqi söyləyənlər də. Lakin iki nəfərin –
Xalq artisti İlham Namiq Kamalın və Əməkdar artist
Loğman Kərimovun çıxışları yadda
qaldı. İlham müəllim “zəhmət olmasa, salonun
işıqlarını bir az artırın” deyərək təklifini
belə əsaslandırdı: “Sağlam insanları görmək
sənət adamı üçün vacibdir”. Yəni sənəti
sevən insanın ruhu da, düşüncəsi də
sağlam olar.
Bu il 65 yaşını qeyd edən Loğman Kərimov
isə belə dedi: “Yaxşı olar ki, gələn ildən
belə fəxri fərmanlar 35, 40 yaşını qeyd edən
teatr adamlarına da verilsin. Çünki onlar da həmin
yaşadək teatr sənətinin inkişafına öz
töhfələrini vermiş olurlar”.
ATXİ-nin “Qızılgül” mükafatı isə
bu sənətə ömür həsr etmiş xanımlara təqdim
edildi. İllərdən bəri ittifaqın bütün tədbirlərinin
hazırlanmasında əməyi keçən, bu
yaradıcılıq qurumunun təşkilati əziyyətini
öz zərif çiyinlərində daşıyan
üç xanım əməkdaş – Elmira Kərimova, Məlahət
Manafova, Xatirə Babayeva da “Qızılgül” mükafatı
ilə təltif olundular.
Tədbirin musiqili qonaqları – Xalq artisti Heydər
Anatollu, Akademik Musiqili Teatrın aktyorları Gültac və
Hüseyn Əlili cütlüyü öz ifaları ilə
bayrama rəng qatdılar. Lakin Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrının beş gənc aktyorunun
yumoristik təbriki tədbirin əvvəlindən kəsilməyən
alqış sədalarına gülüş səsi qatdı.
Gənclər demişkən, ATXİ-nin Milli Teatr
Günündə təqdim edilən “Ümid” mükafatı
da var ki, o, ilin ən istedadlı gəncinə verilir. Bu dəfə
həmin mükafat çox da uzağa getmədi: Sumqayıt
Dövlət Dram Teatrının aktyoru və rejissoru Ümid
Abbaszadəyə verildi.
Bu il üç teatr xadimi ATXİ-nin ən prestijli
mükafatı sayılan “Sənətkar” medalı ilə təltif
edildi: indən belə Xalq artistləri Şükufə
Yusupova və Firudin Məhərrəmovun, Əməkdar artist
Azad Şükürovun mükafat və təltiflər
siyahısına bu şərəfli medal da əlavə olundu.
***
...Milli Teatr Gününə həsr olunmuş tədbir
başa çatandan sonra küçəyə
çıxanda gördük ki, yağış kəsib.
Başımızı qaldırıb açıq göy
üzünə baxanda ürəyimizdən keçdi ki, təki
bütün xoş arzularımız, o cümlədən də
teatr sənəti ilə bağlı diləklərimiz Tanrı
dərgahına yetişib gerçək olsun.
Gülcahan
Mədəniyyət .- 2024.- 13 mart(¹20).- S.1;3.