Ölkəmiz London
Beynəlxalq Kitab Sərgisində təmsil olunur
Martın 12-də dünyanın ən böyük
kitab sərgilərindən olan London Beynəlxalq Kitab Sərgisi
öz işinə başlayıb. Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin təşkilatçılığı və
Böyük Britaniyadakı səfirliyimizin dəstəyi ilə
ölkəmiz sərgidə təmsil olunur.
Sərgidə Mədəniyyət Nazirliyinin məsul əməkdaşları,
nazirliyin dəstəyi ilə “Təhsil” Nəşriyyat-Poliqrafiya
MMC-nin baş direktoru Tural Axundov və “Everest” nəşriyyatının
rəhbəri Ramil Rzazadə iştirak edirlər.
Azərbaycan nümayəndə heyəti sərginin
açılış günündə bir sıra tədbirlərə
qatılıb.
Həmçinin Azərbaycan naşirləri öz məhsullarını
daha geniş auditoriyaya təqdim etmək üçün
görüşlər keçirir, əməkdaşlıq əlaqələri
qururlar.
Milli stendimizdə nümayəndə heyəti tərəfindən
Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı,
kitab sənəti, o cümlədən Şuşa şəhərinin
2024-cü il üzrə “İslam dünyasının mədəniyyət
paytaxtı” seçilməsi barədə sərgi iştirakçılarına
və ziyarətçilərə geniş məlumat verilir.
1971-ci ildən keçirilən London Beynəlxalq Kitab
Sərgisində ölkəmiz 129 adda 300-ə yaxın kitabla təmsil
olunur. Onlarla ölkədən nəşriyyat, kitab sənayesi
nümayəndələri və yazarların
qatıldığı sərgi martın 14-dək davam edəcək.
Mədəniyyət .- 2024.- 13 mart(¹20).- S.1;2.