Çınqıllar sənət əsərinə çevriləndə

 

Pebble art – heyranedici əsərlərin sadə dəniz və çay çınqıllarından doğulduğu sehrli bir dünyadır. Daş çınqılları, balıqqulaqları personajlara, mənzərələrə, mücərrəd naxışlara çevrilir.

Uşaqlıqdan əl işlərinə böyük həvəsi olan, öncə muncuqlarla işləyən, daha sonra oriqami ilə maraqlanan Nigar Ələnurlu hazırda pebble art sənəti ilə məşğul olur.

“Pebble artla, kiçik çay daşlarından rəsmlər, insan emosiyalarını, onların ruh halını qeyri-adi bir formatda təsvir etmək mümkündür. Əl işlərim həm yerli əhali, həm xarici turistlər tərəfindən sevilir. Bu da mənə yeni ideyalar axtarışında olmağa təkan verir”, – deyə o AZƏRTAC-a müsahibəsində bildirib.

İşin incəliyi və əsas məğzi ondan ibarətdir ki, daşda heç bir oyma və sair işlər aparılmır, paspartu üzərində işlənir və yapışdırılır. Daşın ilkin forması saxlanılaraq insan portretləri və yaxud da bəzi heyvan rəsmləri yaradılır. Əl işlərinin bəzilərində arxa fonda təbiət işləməsi olur, daşlardan isə insan portretləri yaradılır.

Əl işlərində istifadə olunan daşları dəniz və yaxud çay kənarından yığır: “Balaca portretlər olduğuna görə kiçikhəcmli daşlara daha çox üstünlük verirəm. Çünki daşın ağırlığını paspartu bəzən saxlaya bilmir. Daşa baxanda bilirəm ki, bu yaradacağım əsərin ayağıdır, əlidir və yaxud da baş hissəsidir”.

Nigar Ələnurlu ABAD-la 2019-cu ildən əməkdaşlıq edir: “İlk dəfə ABAD-a təqdim etdiyim əl işlərim bəlkə də bir az səliqəsiz, rəng ahənginə uyğun deyildi. ABAD mənim üçün həm məktəb oldu, həm də ki, bu işi inkişaf etdirməyimə bir vəsilə. Onun dəstəyi ilə yüzlərlə əsərim satılıb”.

İxtisasca müəllim olan Nigar xanım pebble artın onun üçün ikinci sənət olduğunu deyir.

 

Mədəniyyət .- 2024.- 13 mart(¹20).- S.7.