“Musiqi kimliyimiz” – aşıq sənətinə həsr olunan layihə həyata keçirilib

 

Xəbər verdiyimiz kimi, 29 fevral – 2 mart tarixlərində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası (GDF) və Azərbaycan Aşıqlar Birliyinin (AAB) birgə təşkilatçılığı ilə “Musiqi kimliyimiz” layihəsi həyata keçirilib.

Layihə çərçivəsində ilk musiqi axşamında aşıqlar Elbrus Hüseynov və Şöhrət Kərimov “Aşıq Alının Zəngəzur səfəri” dastanını söyləyiblər.

İkinci gün GDF-nin Urban Mərkəzində Zərif Qayıbov adına 5 nömrəli Uşaq musiqi məktəbinin sazçalanlar ansamblının konserti olub.

Layihə üzrə martın 2-də “Azərbaycan aşıqları” mövzusunda elmi konfrans keçirilib. GDF-nin direktoru Əməkdar artist Ramil Qasımov qeyd edib ki, konfransın məqsədi tarixi ənənələri təbliğ etmək, zəngin irsi olan aşıq sənətini bugünkü nəslə çatdırmaqdır.

Aşıqlar Birliyinin sədri Əməkdar incəsənət xadimi, professor Məhərrəm Qasımlı layihənin əhəmiyyətini yüksək qiymətləndirib. AAB-nin sədri gələcəkdə aşıq sənətinin təbliği üçün bu cür layihələrin davamlı olmasını arzu edib.

Konfrans iştirakçıları müxtəlif aşıq ifaçılarının həyat və yaradıcılığı ilə bağlı məruzələrlə çıxış ediblər.

Günün sonunda GDF-də saz-söz sənətimizin görkəmli nümayəndəsi Aşıq Ələsgərin (1821–1926) xatirəsinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Gecədə Aşıq Ələsgərin nəticəsi, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli layihənin təşkilatçılarına təşəkkürünü bildirib.

Aşıqların ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 

Mədəniyyət .- 2024.- 6 mart(¹18).- S.4.