Naxçıvanda qadınların bayramına həsr olunmuş konsert

 

Martın 4-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan şəhər Uşaq musiqi və incəsənət məktəbi Xoreoqrafiya şöbəsinin 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konserti keçirilib.

Konsertdən öncə tamaşaçılar teatrın foyesində hazırlanmış sərgi ilə tanış olublar.

Məktəbin müəllimləri – layihə rəhbəri və baletmeyster Fatimə Kazımova və Aysel Axundova çıxış edərək ölkəmizdə, eləcə də muxtar respublikada xoreoqrafiya sənətinin inkişaf yolu və məktəbin bu sahədəki uğurlarından bəhs ediblər. Vurğulanıb ki, məktəbin balaca xoreoqrafları ötən il ölkəmizdə ilk dəfə təşkil edilən Uşaq İncəsənət Festivalında qalib olublar.

Məktəblilərin ifasında rəqs nömrələrindən ibarət videoçarx nümayiş etdirilib. Konsertdə şagirdlər “Mirvari”, “Turacı”, “Üzümçülər”, “Ay qaşı-gözü qara qız”, “Tənzərə” yallısı, həmçinin xarici bəstəkarların əsərlərini təqdim ediblər.

Naxçıvan Dövlət Filarmoniyası Kamera orkestrinin solisti Emin Hüseynov “Ana” mahnısını səsləndirib və səhnəcik göstərilib.

 

Mədəniyyət .- 2024.-6 mart(¹18).- S.4.