Torpağı Vətən edənlərin xatirəsi yaşadılır

 

Sumqayıt şəhərindəki Poeziya evində Vətən müharibəsi şəhidlərinə həsr olunan “Sənə xidmətdən qürur duyuruq, Vətən!” layihəsi çərçivəsində “Sizi xatırladır...” adlı sərgi-tədbir təşkil edilib.

Tədbir Sumqayıt Dövlət Rəsm Qalereyası, Azərbaycan Yazıçılar Birliyi (AYB) Sumqayıt bölməsinin birgə təşkilatçılığı və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt şəhər komitəsinin dəstəyi ilə gerçəkləşib.

Şəhər İcra Hakimiyyətinin əməkdaşı Fərman Kazımov, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Camaləddin, Abşeron-Xızı RMİ-nin nümayəndəsi Bayram Cəfərli və başqaları çıxış ediblər.

Qalereyanın direktoru Ellada Həsənova layihənin əhəmiyyətini vurğulayaraq sərgi-tədbirin keçirilməsinə dəstək göstərənlərə təşəkkürünü bildirib.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Eksponatlar arasında 30 şəhidin 100-ə yaxın şəxsi əşyası nümayiş etdirilib.

Hacı Zeynalabdin Tağıyev qəsəbə Ə.Bakıxanov adına 1 nömrəli Uşaq incəsənət məktəbinin kollektivi musiqi nömrələri səsləndirib.

 

***

Göyçayda şəhər 6 nömrəli tam orta məktəbdə “Şəhidlər muzeyi” yaradılıb. Muzeyin açılışında şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər, rayon rəsmiləri, məktəbin kollektivi, məzunları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda muzeyin Vətənimizin müdafiəsi uğrunda canından keçən şəhidlərin xatirəsinə ehtiramın ifadəsi olduğu vurğulanıb.

Şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunub.

 

Mədəniyyət .- 2024.-6 mart(¹18).- S.4.