“Orfey və Evridika”
yenidən səhnədə
Azərbaycanın dünyada tanınan zəngin mədəniyyəti,
incəsənəti nəsilləri bir-birini əvəzləyən
dəyərli sənətkarların əməyi, zəhməti
sayəsində böyük inkişaf yolu keçib. Bu gün
də Azərbaycan incəsənətini, o cümlədən
musiqi sənətini inkişaf etdirən, dünyada təbliğinə
töhfə verən yaradıcı insanlarımız
onların yolunun davamçılarıdır.
Onların arasında çoxşaxəli
yaradıcılığı ilə tanınan Əməkdar
artist, sənətşünaslıq üzrə fəlsəfə
doktoru, Prezident mükafatçısı, Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının solisti İlham Nəzərovun
adını xüsusi vurğulamaq istərdim. Opera və kamera
ifaçısı, onlarla şagird və tələbə
yetişdirən müəllim, Azərbaycan vokal
ifaçılıq sənətinin tədqiqatçılarından
biri, eləcə də beynəlxalq festival və digər tədbirlərin
bədii rəhbəri və təşkilatçısı
kimi fəaliyyət göstərən İlham Nəzərov
usanmadan öz üzərində çalışaraq yeni
uğurlara yol açır.
Martın 3-də bu uğurların sırasına daha
biri yazıldı. Ü.Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının nəzdində fəaliyyət göstərən
Opera studiyasında səhnələşdirilən
K.V.Qlükün “Orfey və Evridika” operası Əməkdar
artistlər İlham Nəzərov, Fəridə Məmmədova
və beynəlxalq müsabiqələr laureatı
Zümrüd Davudova kimi peşəkarların sayəsində
tamaşaçılar tərəfindən yüksək qiymətləndirildi.
Əməkdar artist Yuri Lobaçev xoreoqraf kimi operaya yeni
nəfəs bəxş etdi. İlk dəfə Evridika
partiyasını səsləndirən F.Məmmədova bu
partiyanın ondan öncəki ifaçılarından
seçilirdi. Onun canlandırdığı Evridika daha zərif
və nəcib idi. Operanın üçüncü pərdəsindəki
“Che fiero momento” ariyası bəstəkarın üslub xüsusiyyətlərini
tam əks etdirirdi. Orfeylə duet əzəmətli səslənirdi.
Orfey və Evridika rollarının xoreoqrafik təcəssümü
– balet artistləri Nigar İbrahimova (Əməkdar artist) və
Seymur Qədiyevin üçüncü pərdədəki
dueti də tamaşaçıları valeh etdi.
Xormeyster, Əməkdar incəsənət xadimi Sevil
Hacıyeva, hər zaman olduğu kimi, bu tamaşada da xorun
mükəmməl səslənməsinə nail oldu. İstər
birinci pərdədə, istərsə də digər hissələrdə
fərqli vokal məktəblərinə malik xor artistlərinin
birlikdə ahəng təşkil etməsi xüsusi qeyd edilməlidir.
Vurğulamaq istərdim ki, “Orfey və Evridika”
operası ilk dəfə 2022-ci ildə Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının səhnəsində Xalq
artisti Kamilla Hüseynovanın verdiyi quruluşda Əməkdar
artist Əyyub Quliyevin idarəsi altında səhnələşdirilib.
Ümid edirəm ki, yüksək peşəkarlığa
malik vokal və balet artistlərinin təfsirində yeni-yeni
opera və baletlərin tamaşaçısına çevriləcəyik.
Yulizana Kuxmazova
Əməkdar artist, sənətşünaslıq
üzrə fəlsəfə doktoru
Mədəniyyət .- 2024.-6 mart(№18).- S.5.