İşıqlı
insan
Svetlana İsmayılova-85
Hər kəs ömür yolunu özü müəyyənləşdirir.
Amma məslək seçimi də
təsadüfi deyil. Burda zəhmətdən, bilikdən
başqa, insan xarakterinin, dünyagörüşünün,
daxili dünyasının, duyğularının mütləq
şəkildə rolu var. Elə buna görə də hər
kəsin əməli düşüncəsinin, iç
dünyasının cəmidir desək, yanılmarıq.
“İnsanın iç dünyası sifətinə,
xarakterinə yansıyır” sözünü təsadüfi
deməyiblər. Gözəl görən gözəl söyləyər,
əməlləri, düşüncələri də gözəl
olar. Gözəllilk yalnız xarici görünüşdə
deyil. O həm də insanın daxili saflığından,
xoş arzularından mayalanır, qidalanır...
“Azərbaycanfilm” kinostudiyasında ssenarist, redaktor kimi
çalışan, məzmunlu məqalələri ilə ədəbi
mühitin diqqətini çəkən, uzun illər Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetində Kinoşünaslıq və ekran
dramaturgiyası kafedrasında baş müəllim, dosent vəzifələrində
çalışan Svetlana İsmayılova da imza
atdığı hər bir işində gözəllik təcəssüm
etdirib, istedadlı mütəxəssis, mehriban insan kimi həmkarlarının,
onu tanıyanların yaddaşında iz salıb.
İnsanı nəcib əməlləri
yaşadır. Artıq iki ildir (2022-ci ilin 25 fevralından)
aramızda olmayan Svetlana xanımı da həmkarları,
dostları sənətdəki peşəkarlığı,
yüksək mənəvi keyfiyyətləri, gözəl
xüsusiyyətləri ilə xatırlayırlar. Onu
tanıyanların hafizəsində nurlu, işıqlı insan
kimi qalan Svetlana İsmayılovanın anadan olmasının
85-ci ildönümündə həyat yoluna qısa nəzər
salaq.
Onu hamı sevirdi
Xatirələr ömür kitabının səhifələridir.
Vərəqlədikcə ora həkk olunanlar nostalji duyğular
yaradır, insanın keçdiyi ömür yolu, məramı,
həyat mövqeyi aydınlanır. Məmnunluq hissi doğuran
xatirələrsə örnək timsallı ömürlərə
ünvanlanır.
Svetlana İsmayılovanın belə örnək
ömrünün başlıca xüsusiyyəti
insanlığa verdiyi dəyəri, ətrafındakılara
olan hörməti ilə bağlıdır. Həyatın
ziqzaqlı dolanbaclarında, kələ-kötür
yollarında zəhməti, biliyi sayəsində şəxsiyyətini,
cəmiyyətdəki mövqeyini təsdiqləyən
ziyalı xanım üçün fərdiyyətini
tanıtmaq məqsəd yox, ruhundan mayalanan qismət idi.
İşıqlı düşüncəsinə, əməlisalehliyinə,
işgüzarlığına görə də hamı onu
sevirdi.
Svetlana İsmayılova ömrünün 45-ci ilində
həyatını kinostudiya ilə bağlayıb. 1984–2001-ci
illərdə “Azərbaycanfilm” kinostudiyasının
aparıcı redaktoru olub. Burada sənədli, bədii və
animasiya filmləri şöbəsində, “Mozalan” satirik
kinojurnalında ssenari müəllifi və redaktor kimi
çalışıb. Filmlərin mətn
düzülüşünün qüsursuzluğna diqqət
yetirib, məzmun tamlığına,
axıcılığına, rəvan, aydın və
anlaşıqlı şəkildə təqdim olunmasına
imkan yaradıb. Eyni zamanda bir sıra sənədli, animasiya
filmlərinin, “Mozalan” süjetlərinin müəllifi olub. 70-ə
yaxın bədii filmi rus dilindən Azərbaycan dilinə tərcümə
edib. Ssenariləri əsasında Azərbaycan alim və
yazıçılarına həsr olunan silsilə sənədli
(görkəmli alim, yazıçı, pedaqoq Əzizə Cəfərzadənin
70 illiyinə ithaf edilən “Ağ saçların
işığı”, tarix elmləri doktoru Püstəxanım
Əzizbəyova haqqında “Dünyanı gözəllik xilas
edəcək” və s.) filmlər çəkilib. Ssenarisi əsasında
ekranlaşdırılan “Anam Kür” (Ərzuman Məmmədovla
birgə) sənədli filminin yaradıcı heyəti
1996-cı ildə ekologiya sahəsindəki aktual məsələlərin,
problemlərin kütləvi informasiya vasitələri ilə
işıqlandırılmasına və fəal təbliğinə
görə akademik Həsən Əliyev adına mükafata
layiq görülüb.
Hər bir mövzuya dolğun yanaşma ekran qəhrəmanının
həyat yolunu kino estetikası çərçivəsində
təqdim etmək, haqqında danışacağın
insanı yaxından tanımaq, yaşam tərzini,
varlığını obrazlı şəkildə təqdim
etmək deməkdir. Svetlana İsmayılovanın ssenariləri
əsasında çəkilən filmlərdə əmək,
elm, sənət adamlarının həyatı
aydınlıqla çatdırılır, məzmunlu mətnlər
ziyalı təfəkkürünün süzgəcindən
keçirilərək əks olunur. Bu mənada məsləyini
yüksək səviyyədə təqdim etmək, sənətsevərlərin
rəğbətini qazanmaq illərin təcrübəsini
ömür kitabının səhifələrinə fəxarət
hissi ilə həkk etmək deməkdir.
Əməkdar incəsənət xadimi, kinorejissor
Nizami Abbas onu belə xatırlayır: “Svetlana xanım kinonun
ağır günlərində kinostudiyaya gəlmişdi.
“Yaddaş” sənədli filmlər studiyasında redaktor kimi fəaliyyət
göstərirdi. 1998-ci ildə kinorejissor Cəmil Fərəcov
Xalq yazıçısı İlyas Əfəndiyevin həyat
və yaradıcılığından, ictimai fəaliyyətindən
bəhs edən “Sən həmişə bizimləsən”
filmini çəkirdi. Mən həmin filmdə operator kimi
çalışırdım. Filmin ssenarisini Mailə
Muradxanlı Cəmil Fərəcovla birgə
yazmışdı. Svetlana xanım filmin redaktoru idi. O,
işini gözəl bilirdi və məsuliyyətlə
yanaşırdı. Aurası gözəl idi. Olduqca
istiqanlıydı, hamıyla mehriban davranırdı. Onunla
işləmək rahat idi. Buna görə də kinostudiyada
hamı onun hörmətini saxlayırdı...”.
Yazıb-yaratmaq eşqi
1939-cu il fevralın 26-da Bakıda dünyaya göz
açan Svetlana İsmayılova hələ kiçik
yaşlarından ədəbiyyata, sənətə maraq
göstərib. Azərbaycan Dövlət Universitetinin (indiki
BDU) Jurnalistika fakültəsini bitirib (1958). Tələbəlik
illərindən mətbuatda müxtəlif mövzulu yazıları
ilə çıxış edib, ədəbi mühitin diqqətini çəkib.
Yazıb-yaratmaq eşqi onu bir gün də olsun rahat
buraxmadığından jurnalist fəaliyyəti ilə
yanaşı, bir neçə kitab qələmə alıb.
“Çinarım mənim”, “Vaxt var idi…” kitabları oxucular tərəfindən
maraqla qarşılanıb.Azərbaycan Elmlər
Akademiyasının Memarlıq və İncəsənət
İnstitutunda kino sənəti üzrə dissertant olub, “Azərbaycan
gəncləri” qəzetində ədəbi işçi və
şöbə müdiri, incəsənət şöbəsinin
elmi redaktoru vəzifələrində çalışıb.
Azərbaycan Sovet Ensiklopediyası baş redaksiyasında incəsənət
şöbəsinin elmi redaktoru işləyib.
Bir müddət Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin
Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasında
dosent, baş müəllim olub. Sözün əsl mənasında,
tələbələrinin hamisinə, dostuna çevrilib. Kino
sahəsindəki xidmətlərinə görə müxtəlif
diplomlara, mükafatlara, o cümlədən “Qızıl qələm”
(1990), “Həsən bəy Zərdabi” (1998) mükafatlarına,
Arif Babayev adına fəxri diploma (2002) layiq görülüb.
Yada düşər xatirələr
Əməkdar incəsənət xadimi, Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin professoru, kinorejissor Cəmil Quliyevin xatirələri
Svetlana xanımı daha yaxından tanımağa kömək
edir: “Svetlana İsmayılova “Azərbaycanfilm”
kinostudiyasında ssenari redaksiya heyətinin üzvü, bir
çox bədii, sənədli, animasiya filmlərinin
aparıcı redaktoru idi. Kinostudiyanın Dublyaj şöbəsində
rus dilindən Azərbaycan dilinə dublyaj olunan filmlərin
redaktoru və tərcüməçisi kimi işləyirdi.
Onunla iki sənədli film üzərində işləmişəm.
Onlardan biri akademik Püstəxanım Əzizbəyovaya həsr
olunmuş film idi, ikinci film isə Qərbi Azərbaycanda,
indiki Ermənistan ərazisindəki yurd yerimiz olan Nüvədi
kəndindən bəhs edirdi. Svetlana xanım sənədli
kinonu dərindən bilirdi və sənədli materiallarla dəqiq
işləyirdi. Filmin görüntü sırası hazır
olduqdan sonra məntiqli, təsirli yanaşma ilə həmin
görüntülərə aid mətn hazırlayırdı.
Qayğıkeş, təvazökar insan olduğundan
hamı onun otağına toplaşırdı. Adama elə gəlirdi
ki, onun otağı intellektual, mədəni mərkəzdir.
Görkəmli kinorejissorlardan Tofiq Tağızadə, Rasim
Ocaqov, Şamil Mahmudbəyov, Ceyhun Mirzəyev, Ziyafət
Abbasov, Cəmil Fərəcov, Yalçın Əfəndiyev,
Dublyaj şöbəsinin aparıcı rejissorlarından Arif Həbibi,
Ağası Zeynalov, görkəmli aktyorlardan Həsənağa
Turabov, Səməndər Rzayev və digərləri həmişə
onun otağına gəlir, yaradıcılıq söhbətləri
edirdilər. Otağında həmişə isti çay
olurdu, qonaq gələn insanları gülərüzlə
qarşılayırdı. Bu kimi mehriban xüsusiyyətləri
ilə insanları özünə
yaxınlaşdırırdı.
Mədəniyyət və İncəsənət
Universitetində bir neçə fənni tədris edirdi. Tələbələri
tərəfindən sevilən, hörmət olunan pedaqoq idi.
Svetlana xanım 2002-ci ildən Almaniyada yaşayanda da tələbələri
onunla mütəmadi olaraq əlaqə saxlayırdılar.
Dünyasını dəyişdiyini eşidəndə onlar
sosial şəbəkədən təəssüfləndiklərini,
kədərləndiklərini bildirirdilər. Bu isə onun nə
qədər böyük sevgi ilə əhatə
olunmasının bariz nümunəsidir.
Onunla sonuncu dəfə 2022-ci ilin fevral ayının
1-də danışdım. Bir müddət sonra xəstəxanada
olduğunu eşitdim. Həyatdan getməsi mənim
üçün ağır bir itki oldu. Çünki bir il əvvəl
anamı itirmişdim. Çətin vaxtlarımda Svetlana
xanım daim mənimlə əlaqə saxlayırdı.
Baxmayaraq ki, Almaniyada idi, hər gün mənə zəng
edirdi, qayğıma qalırdı. Qayğıkeş, təvazökar,
dostluğu axıra kimi davam etdirməyi bacaran insan, ziyalı,
peşəsini dərindən bilən bir şəxsiyyət
idi. Allah ona rəhmət eləsin...”.
Şəhla Əmirli
Kinoşünas
Mədəniyyət .- 2024.- 6 mart(¹18).-S.6.