Sən dünyada
olmayanda...
Yazını niyə belə sərlövhə ilə
qələmə aldığımı sonda
açıqlayacam. İndi isə onunla bağlı
düşüncələrimi xatirəsi ilə
bölüşmək istəyirəm. Bəli, onun xatirəsi
ilə. İnanıram ki, bu düşüncələr həzin,
kövrək bir xatirə kimi oxucuların da yaddaşında
iz qoyacaq. Çünki o, çoxlarının qəlbində
xoş xatirə və həzin duyğularla əbədi
yaşamaq haqqı qazanıb. Bu əbədiyaşarlığı
da ona Tanrı verdi. Səsi ilə, istedadı ilə, fədakarlığı
ilə, sənətkarlığı ilə onu elə
yaratdı ki, o, daim yaşasın. Səsində, sənətində
yaşasın.
Əziz oxucular, əminəm ki, bu düşüncələrlə
siz də razısınız. Çünki mənim
duyduqlarımı siz də duyursunuz. Siz də o səsin məlahətliliyinə,
onun sənətinin böyüklüyünə
heyransınız və onu heç kimlə səhv salmaq və
ya səsini, avazını kiminləsə
qarışdırmaq mümkünsüzdür. Çünki
o, səsi, görkəmi, davranışı, hətta imici ilə
də bənzərsiz idi. Aygün Hümbətova Bəylər.
Bizim onunla şəxsi
tanışlığımız yox idi. Onun barəsində bu
günə qədər nə yazı yazmışam, nə də
haqqında veriliş hazırlamışam. Amma həmişə
ona bir dinləyici kimi sevə-sevə qulaq asmışam. Bu
sevginin mənbəyi isə onun peşəkar ifa tərzi olub.
Hər bir ifasında nəsə yeni bir xal, yeni nəfəs,
yeni zəngulə eşidəcəyim üçün onu
maraqla dinləmişəm. Belə bilirəm ki, bu maraq
heç vaxt azalmayacaq. Çünki Aygün xanımın məlahətli
səsi və peşəkar ifa məziyyətləri əsl sənətkarlıq
nümunəsidir. Sənətdə özü olanlar heç
vaxt unudulmur. Sən də unudulmayacaqsan, əziz Aygün!
Əgər şəxsi münasibətimiz olsaydı,
bəlkə haqqında daha çox fikir söyləyərdim.
Amma indi yalnız sənətin haqqında danışıb
düşüncələrimi ruhunla bölüşürəm.
Əminəm ki, bu dediklərim ruhuna əyandır. Ruhun
varlığı həmişəyaşarlıqdır. Fərq
etmir sən bu dünyada varsan, yoxsa yox. Səninlə
bağlı düşüncələrimi də sən
dünyada olmayanda qələmə aldım. İstədim ki,
düşüncələrimi xatirənlə
bölüşüm.
Sən bu sənət üçün
doğulmuşdun. İstedadını zəhmətinlə
qovuşdurub bu sənətin sirlərini daha dərindən mənimsəyib,
ali təhsil alıb kamil ifaçılıq cəhətlərinə
yiyələndin. İfanda muğam, xalq və bəstəkar
mahnıları, milli və estrada nümunələri çox
mükəmməl səslənirdi, hər nə oxudunsa ona
öz möhürünü vurdun. İfalarınla sənətə
öz adını yazdın. Amma, təəssüf ki, bəstəkarlıq
üzrə Ü.Hacıbəyli adına Bakı Musiqi
Akademiyasında aldığın ali təhsil
yarımçıq qaldı. Bəlkə bu da taleyinə
düşən bir qismət idi.
Oxuduğu nəğmələrin sonuncusu bəstəkar
Sevda Məmmədlinin Elmira Sabirqızının sözlərinə
“Sənli xatirələr” mahnısındakı kimi:
Ömür bir dalğa idi, sahilə dəydi getdi,
Həyat bir məşəl idi, ölüm
söndürdü getdi...
O, beləcə, ömür nəğmələrini
ifa edərək bəlkə də öz taleyini oxuyub getdi. Və
onun oxuduqlarında da elə insan taleyi səslənir.
Əziz Aygün, ifalarından aldığımız
təəssürat ruhumuzun qidasıdır. Sanki
qulağımda sənin bəstəkar Pikə Axundovanın
İlham Aslanovun sözlərinə yazdığı “Qəlbimin
səsi” mahnısından ifan səslənir, bu misranı
eşidiriəm: “Sən mənim ruhumun qida yerisən”. Bu məlahətli
səs neçə-neçə ruhun qida yeri olub və olacaq.
Hələ bu səsin açılmamış şifrələri
açılacaq. Sənin sənətin daha da seviləcək
və bu sənət haqqında daim xoş sözlər deyiləcək.
Səsin nəsillərin mənəvi qida yeri olacaq.
Əziz Aygün, bütün bunlar sən dünyada
olmayanda səni yaşadacaq. Bu yerdə unudulmaz bəstəkarımız
Nəriman Məmmədovun şair Adil Babayevin sözlərinə
bəstələdiyi “Ürəklərdə qalaydım”
adlı mahnısından misralar da düşür yadıma.
Sanki Aygün həzin səslə, incə ruhu və kövrək
avazı ilə pıçıldayır:
Könlüm aya, günə sirdaş,
Bircə kəlməm, bircə sözüm
Ürəklərdə qalaydı kaş,
Mən dünyada olmayanda.
Səsi və sənəti ilə ürəklərdə
qalan Aygün, ruhun şad olsun.
Səadət Təhmirazqızı
sənətşünaslıq üzrə fəlsəfə
doktoru
Mədəniyyət .- 2024.- 6 mart(¹18).-S.6.