Bayramqabağı bayramlaşma
Teatrlar 10 martı necə qeyd edəcəklər?
Martı, baharın ilk ayını sevməyən
çətin tapıla. Xalqımızın birlik və bərabərlik,
anamız təbiətlə əbədi sevdasının
vüsalıdır, məncə, mart. Nə bilmək olar, bəlkə
xalqın ziyalı, yaradıcı insanları əsr yarım
öncə (1873) peşəkar milli teatrımızın təməlini
qoyanda da Novruz ərəfəsini (10 mart) təsadüfən
seçməyiblər.
Sözsüz ki, xalq teatrının, milli oyun mədəniyyətinin
tarixi onun peşəkar səhnə dönəmindən
çox-çox qədimdir. Ulularımız qədim zamanlarda
odla, suyla, torpaqla, küləklə sirli təmasdaykən oyun
mədəniyyətimizdəki “Xıdır Nəbi”,
“Sayaçı”, “Novruz”, “Kəvsəc”, “Qodu-qodu”, “Kosa-gəlin”
kimi daha neçə-neçə tamaşalar, xalq ayin və
oyunlarından bəhrələnən kütləvi həsb-hal
fürsətləri yaradıblar. Amma onun peşəkarlıq
yolu, yəni səhnə tərtibatlı, rejissor yozumlu, aktyor
mizanlı zühuru 151 il əvvəl başlayıb.
1873-cü ilin 10 mart tarixində Bakıda böyük
maarifçi Həsən bəy Zərdabi və görkəmli
yazıçı-dramaturq Nəcəf bəy Vəzirovun təşəbbüsü,
aktyor Əsgər ağa Adıgözəlov (Gorani) və
Realnı məktəbin şagirdlərinin iştirakı ilə
Mirzə Fətəli Axundzadənin “Lənkəran
xanının vəziri” komediyası səhnələşdirilib.
Bununla təkcə Azərbaycanda deyil, bütün müsəlman
Şərqində peşəkar teatrın təməli
qoyulub...
Ənənəvi olaraq, teatr camesi və teatra
sevdalı tamaşaçıların xüsusi qeyd etdiyi bu
günü sənət ocaqları premyera, fərqli tədbirlərlə
daha da yaddaqalan etmək, özlərinə bayram ovqatı
yaşatmaq istəyirlər.
Gəlin, görək bu dəfə peşə
bayramını teatrlarımız necə qeyd edəcək?
Akademik Milli Dram Teatrı
tamaşaçılarını premyera – “Əsrə bərabər
gün”lə salamlayacaq. Dünyaşöhrətli
qırğız yazıçısı Çingiz Aytmatovun məşhur
romanı əsasında hazırlanan tamaşanın
quruluşçu rejissoru və səhnə üçün
işləyəni Əməkdar incəsənət xadimi
Mehriban Ələkbərzadədir.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da, ənənəsinə
sadiq olaraq, yenə 10 martda teatrsevərlərin
görüşünə yeni tamaşa ilə gələcək.
Saat 12:00-da “İki küpəgirən qarı” (Ə.Əlizadə,
R.Sef, Т.Каrelina) musiqili nağıl-tamaşası balacaların
ixtiyarına veriləcək. Həm ana dilimizdə, həm də
rus dilində hazırlanan tamaşanın quruluşçu
rejissoru Əhəd Hacıyevdir.
Akademik Opera və Balet Teatrı 10 martda “Trubadur”
operasının növbəti tamaşasını (BMA-nın
Opera Studiyasının səhnəsində) təqdim edəcək.
Akademik Rus Dram Teatrında milli koloritli səhnə əsəri
– dramaturgiyamızın banisi M.F.Axundzadənin “Müsyö
Jordan və dərviş Məstəli şah”ı yenidən
zühur edəcək.
Dövlət Gənc Tamaşaçılar Teatrı
uşaqlar üçün “Möcüzəli pillələr”i
təqdim (saat 12:00) edəcək. Səhnə əsərinin
müəllifi mərhum Xalq artisti Ağaxan Salmanlıdır.
Axşam seansında isə Xalq artisti Naibə
Allahverdiyevanın “Gerçəkləşməyən
arzular”ının benefisi olacaq. Əməkdar artist Nicat
Kazımovun quruluşunda.
Yuğ Dövlət Teatrı M.Vişnekin əsəri
əsasında səhnələşdirilən “Kloun Bizzz”i
(quruluşçu rejissor Mikayıl Mikayılov) göstəriləcək.
30 yaşının həyəcanı ilə
başı yubileyə qarışan mimçilər bu dəfə
də bizi “Pantomima buketi”nə qonaq edəcəklər.
Azərbaycan Dövlət Kukla Teatrı da peşə
bayramına premyera ilə gəlir. X.Əlibəylinin mənzum
pyesi – “Dovşanın ad günü” kuklaçıların
yeni yozumunda səhnəyə çıxacaq. Eyniadlı
tamaşanın səhnələşdirmə və quruluş
müəllifi Saida Haqverdiyevadır.
Bakı Uşaq və Gənclər Teatrında isə
S.S.Axundovun eyniadlı əsəri əsasında İlhamə
Əhmədovanın quruluş verdiyi “Qaraca qız”ın
premyerası olacaq. Fransız yazarı R.Şartın
“Arvadım olun” əsəri teatrın ikinci premyerasıdır
və onun da nümayişi 11 martda nəzərdə tutulub.
Tamaşanın quruluşçu rejissoru Elşən
Zeynallıdır.
Milli Teatr Günündə bölgə teatrları
“açıq qapı” aksiyaları keçirəcəklər.
Teatrsevərlər yerlərdəki sənət ocaqlarında
ödənişsiz tamaşa seyr edə biləcəklər.
Lənkəran Dövlət Dram Teatrında “The Müqəssir”
(rejissor Abdulla Elşadlı), Şəki Dövlət Dram
Teatrında “Ezop” (rejissor Mirbala Səlimli) tamaşaları təqdim
ediləcək.
Mingəçevir Dövlət Dram Teatrının
yaradıcı heyəti şəhər sakinlərində
bayram ovqatı yaratmaq üçün karnavalsayağı tədbir
də hazırlayıb. Martın 10-da “açıq qapı”
günü çərçivəsində
çıxışlar olacaq, rəqslər ifa olunacaq və
tamaşalardan səhnəciklər göstəriləcək.
Qazax Dövlət Dram Teatrı Jalə
İsmayılın “Ametist xanım və Apatit bəy” pyesi əsasında
hazırlanan “Love butik” tamaşasının (rejissor Mirzə
Nicat) premyerasını edəcək.
Füzuli Dövlət Dram Teatrında isə premyera
olacaq. Şıxəli Qurbanovun “Olmadı elə, oldu belə”
əsəri əsasında hazırlanan eyniadlı səhnə
aktının quruluş müəllifi Asif Şirinovdur.
Bölgə kuklaçıları da xüsusi
günü premyera ilə qeyd etməyə hazırlaşırlar.
Gəncə Dövlət Kukla Teatrında uşaq
yazarı Aləmzər
Əlizadənin “Balqabağın Ay yuxusu” pyesi əsasında
hazırlanan eyniadlı tamaşanın (quruluş: teatrın
baş rejissoru Şamil Məmmədli) premyerası baş
tutacaq.
Qax Dövlət Kukla Teatrında da premyera var. Teatrın
baş rejissoru Əməkdar artist Yusif Abdurahmanovun
quruluşunda yerli dramaturq Osman Abdullayevin “Tülkü və
quyruq” tamaşası təqdim olunacaq.
Salyan Dövlət Kukla Teatrının kollektivi isə
tamaşaçılara mərhum kuklaçı, Əməkdar
artist Ələkbər Hüseynovun “Xoşbəxtlik quşu”
tamaşasını göstərəcək. Eyniadlı
tamaşaya teatrın direktoru Əməkdar mədəniyyət
işçisi Laləzar Hüseynova quruluş verib.
Həmidə
Mədəniyyət .- 2024.- 6 mart(№18).-S.5.