52 illik ömrə
sığan əsrlik sənət şöhrəti
Əhsən Dadaşov-100
Tar ifaçılıq sənətindən söz
düşəndə ilk olaraq Mirzə Sadıqcan, Qurban Pirimov
və digər görkəmli sənətkarlar göz
önünə gəlir. Sələflərinin ənənələrini
layiqincə davam etdirən tarzənlərdən biri də,
musiqi təşkilatçısı, pedaqoq, Əməkdar
artist Əhsən Dadaşov olub. Bu il görkəmli tarzənin
anadan olmasının 100 illiyidir.
Əhsən Əliabbas oğlu Dadaşov 4 sentyabr
1924-cü ildə Bakı şəhərində dünyaya
göz açıb. İlk təhsilini 22 saylı orta məktəbdə
alıb. Erkən çağlardan musiqiyə dərin maraq
göstərib.
Sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent Yaqut Seyidovun araşdırmalarında qeyd edilir ki,
Əhsən Dadaşov əvvəlcə tütək alətində
ifa etməyə başlayıb, sonra tara həvəs göstərib.
Bir gün məktəbdən evə dönərkən yolu Azərbaycan
Dövlət Musiqi Texnikumunun qarşısından
düşür. Divara vurulan qəbul elanını oxuyur.
Valideynlərindən xəbərsiz sənədlərini
hazırlayıb təhsil ocağının tar sinfinə
verir. Qəbul imtahanını götürən tarzən
Ənvər Mənsurov gəncin istedadını görür
və deyir: “Musiqini duymağından hiss etdim ki, gələcəkdə
ustad sənətkar olacaqsan”. Beləliklə, Əhsən
Dadaşov 1938-ci ildə texnikuma daxil olur. Onun sənət
müəllimləri görkəmli musiqiçilər, bəstəkar
Səid Rüstəmov, Mənsur Mənsurov, Ənvər Mənsurov
olur. Bu sənətkarlardan klassik muğam
ifaçılığının
xüsusiyyətlərini dərindən öyrənir.
Sonralar onu daha da inkişaf etdirir və bu sənətin qüdrətli
davamçılarından birinə çevrilir. Onun lentə
yazdırdığı “Rast”, “Orta Mahur”, “Şur”, “Zabul-segah”,
“Hümayun”, “Vilayəti-dilkeş”, “Çahargah”,
“Bayatı-Şiraz” və s. muğamları bu gün də Azərbaycan
Televiziya və Radio Verilişləri QSC-nin “qızıl
fond”unda saxlanılır. O, hər ifasında muğama yeni
xallar, çalarlar əlavə edib. Bu məharəti
Ə.Dadaşovun ustad tarzən olmaqla bərabər, onun
tükənmək bilməyən
fantaziyaya, oriyentasiyaya sahib olduğunu göstərib.
Ə.Dadaşov tarın texniki imkanlarından
bacarıqla bəhrələnib. Musiqini dərindən duyan,
novator ifaçı kimi tanınıb. Bir sıra ölkələrdə
(İran, İraq, Hindistan, Əlcəzair, Qvineya, Rumıniya,
Polşa, Avstriya, Misir, Kuba, Əfqanıstan, Suriya, Türkiyə,
ABŞ və s.) musiqi mədəniyyətimizi layiqincə təbliğ
edib. Görkəmli sənətkar tamaşaçı və
dinləyicilər tərəfindən maraqla qarşılanan
bir sıra rəng, təsnif, rəqs, ümumilikdə 30-a
yaxın melodiyanın müəllifidir.
Araşdırmalardan məlum olur ki, 1937-ci ilin
repressiyası onların ailəsindən də yan keçmir,
atası repressiyaya məruz qalır. Ancaq bu məhrumiyyət və
çətinliklər gənc musiqiçini ruhdan salmır. O
öz üzərində daha çox çalışır.
Qısa bir vaxt ərzində məktəbin açıq
konsertlərində fəal çıxışlar edir və
müvəffəqiyyət qazanır. Konsertlərin birində
Ə.Dadaşov “Şur” muğamını çalır. Tədbirdə
iştirak edən dahi bəstəkar Üzeyir Hacıbəyli
onun çalğısını yüksək qiymətləndirib
deyir: “Əhsən sənə, Əhsən!” Bu xeyir-dua gənc
tarzənin sənətə marağını daha da
artırır.
Onun parlaq istedadı
görkəmli bəstəkar və dirijor Səid Rüstəmovun
da diqqətini cəlb edir. Rəhbərlik etdiyi Xalq
çalğı alətləri orkestrinə işə qəbul
etmək istəyir. Ancaq Ə.Dadaşovun yaşı az
olduğuna görə bir qədər gözləməli olur.
O zaman belə bir ifadə işlədir: “Əhsən hələ
vətəndaşlıq pasportu almayıb, amma tar çalmaq
pasportunu çoxdan alıb...”. Nəhayət, gənc tarzən
S.Rüstəmovun rəhbərlik etdiyi orkestrə qəbul
edilir. Bəstəkar ona da xüsusi qayğı ilə
yanaşır, sənətkar kimi formalaşması
üçün böyük səy göstərir. Nəticədə
o, kollektivin yaradıcı simalarından biri olur. Qırx ilə
yaxın yaradıcılıq yolu keçən tarzən
solist, orkestr
ifaçısı, ansambl rəhbəri, bəstəkar,
pedaqoq kimi şöhrət qazanır.
Ə.Dadaşov 1953-cü ildə Rumıniyanın
paytaxtı Buxarestdə keçirilən Tələbə və
gənclərin IV Ümumdünya musiqi festivalının
laureatı, 1957-ci ildə isə Moskvada keçirilən VI
Ümumdünya musiqi festivalının qızıl
mükafatçısı olur.
Dünyaşöhrətli müğənni, SSRİ
Xalq artisti Rəşid Behbudov 1962-ci ilin əvvəllərində
İranda qastrol səfərində olur. Tehran, Təbriz,
İsfahan, Ərdəbil, Şiraz, Xoy, Ənzəli, Zəncan,
Məşhəd və digər şəhərlərdə
konsert proqramları ilə çıxış edir.
Müğənnini həmin konsertlərdə unudulmaz tarzən
Ə.Dadaşov və pianoçu Çingiz Sadıqov
müşayiət edirlər.
İstedadlı tarzənin musiqi mədəniyyətimizin
inkişafında xidmətləri yüksək qiymətləndirilir,
1959-cu ildə “Əməkdar artist” fəxri adına layiq
görülür.
Sənətkar 1960-cı ildə Azərbaycan Televiziya
və Radio Verilişləri QSC-nin nəzdində Xalq
çalğı alətləri ansamblını yaradır.
Ömrünün sonuna kimi bu ansamblın bədii rəhbəri
olur. “Xatirə” xalq çalğı alətləri
ansamblı görkəmli sənətkarın adını
daşıyır.
Mədəniyyət tariximizdə bənzərsiz sənəti
ilə dərin iz qoyan və musiqisevərlərin sevimlisinə çevrilən Əməkdar
artist Əhsən Dadaşov
yaradıcılığının coşqun
çağlarında 30 may 1976-cı ildə, 52 yaşında
vəfat edib. 2019-cu ildə Mədəniyyət Nazirliyinin dəstəyi
ilə yazıçı-jurnalist Rafiq Hacıyevin tarzənin həyat
və yaradıcılığından bəhs edən “Əhsən
sənə, Əhsən!” kitabı işıq üzü
görüb.
Savalan Fərəcov
Mədəniyyət .- 2024.- 6 mart(¹18).-S.6.