Teatr Xadimləri
İttifaqında “Baxış”a çıxanlar
Azərbaycan Teatr Xadimləri İttifaqında
(ATXİ) fəaliyyət göstərən laboratoriyaların ənənəvi
“Baxış” festivalı dördüncü dəfə
keçirilir.
İttifaqın aktyor və rejissor laboratoriyalarında
məşğul olan gənclər bir il ərzində öyrəndikləri
barədə tamaşaçılar qarşısında hesabat
verirlər. Üç gün ərzində (4, 6, 7 mart)
ittifaqın böyük və kiçik səhnələrində
göstərilən tamaşalara giriş sərbəstdir.
Martın 4-də keçirilən
açılış mərasimində ATXİ-nin sədri vəzifəsini
icra edən Xalq artisti Hacı İsmayılov yaradıcı gəncləri
teatr ictimaiyyətinə təqdim etmək, onların fəaliyyətini
stimullaşdırmaq və istiqamətləndirmək məramlı
festivalın əhəmiyyətindən danışdı.
İttifaqda yaradıcılıq laboratoriyalarının yaranmasından 10 il keçdiyini və
bu müddətdə maraqlı layihələrin icra olunduğunu
yada saldı.
Festival marafonuna qoşulan gənclərə uğurlar
arzulayan Hacı İsmayılov vurğuladı ki, ümumilikdə
teatr məkanında yaradıcılıq proseslərini fəallaşdırmaq
layihənin məqsədlərindən biridir.
Ardınca “Baxış – 4” festivalının
proqramındakı ilk tamaşa – “Gözəllik
kraliçası” nümayiş olundu.
İngilis dramaturq Martin MakDonaxın “Lineynin gözəllik
kraliçası” əsəri (“Lineynin trilogiyası”ndan) əsasında
səhnələşdirilən tamaşanın
quruluşçu rejissoru Könül Şahbazova, musiqi tərtibatçısı
Qurban Əhmədovdur. Rolları Gülər Ləzgiyeva,
Sovqat Səmədova, Mehman Piriyev və Toğrul İsabəyli
ifa edirdilər.
Pyesin süjet xəttində Meq adlı 70 yaşlı
xudbin və hiyləgər anasına qulluq edən 40
yaşlı ərə getməmiş qızı Morin
Folanın taleyi dayanır. Morinin bacıları ərə gedərək
bu aqibətdən canlarını qurtarıblar.
Keçmişdə ruhi xəstəliyi ilə əlaqədar
olaraq xəstəxanada yatan Morin anasına tablaşmağa məcburdur.
Onları birləşdirən məhkumiyyətdən başqa
bir şey deyil. Amma o həm də hesab edir ki, anası
olmasaydı, o daha xoşbəxt olardı. İngiltərədən
yenicə gəlmiş Pato Dulin keçmiş sevgilisi Morinin həyatına
rəng qatmağa çalışsa da, heç nə
alınmır. Morin yenə tək qalır və nəticədə
bütün intiqamını illərlə saxladığı
kininə bələyərək anasından
çıxır, onu boğur. Sözsüz ki, tənhalıq
içində yalnız qalan Morin bədbəxtlik içərisində
taleyi ilə təkbətək qalır.
Ağır mövzuya yenilikçi baxış sərgiləyən
tamaşanın rejissor təqdimatı və buna adekvat aktyor
oyunu yaddaqalan oldu.
***
İlk günün ikinci tamaşası da məlum
mövzu ətrafında idi. Fransa-Belçika
yazıçısı Erik-Emmanuel Şmittin “Oskar və
çəhrayı xanım” romanı əsasında
hazırlanan “Oskar” tamaşası nümayiş olundu.
Ağasəlim Feyzullayevin quruluş verdiyi səhnə
işinin musiqi tərtibatçısı Zaur Rəşidovdur.
Rolları Əli Nurzadə və Aynur Mustafayeva ifa edirdilər.
Əsər xərçəng xəstəliyindən əziyyət
çəkən on yaşlı uşağın həyatından,
xəstəxanada keçirdiyi vaxtdan, ona baxıcılıq edən
çəhrayı geyimli Roza nənə ilə münasibətlərindən
bəhs edir.
Oskar optimist, həyatsevər olsa da, artıq onun
üçün hər şeyin geridə
qaldığını anlayır və bu onun özündən
başqa doğmasına çevrilən Roza nənəni
çox üzür. Ölümünə günlər qalan
Oskar nağıllara inanmaq istəyir və Roza nənənin
ona danışdığı nağıllarla özünə
çəhrayı dünya yaradır.
Özünü 15, 20, 30 yaşında təsəvvür
edən Oskar məktublar yazmağa başlayır. 14 məktub
yazaraq özündən sonra iz qoymağa
çalışır, həyatla rəngli şarların,
yarıqaranlıq və soyuq xəstəxana palatası kimi təsvir
olunan otağa həyatsevərlik bəxş edən
işıqların müşayiəti ilə ömür səhnəsindən
enir.
Məhdud məkana uyğun rejissor həlli diqqətəlayiq
idi və tamaşaçılar tərəfindən rəğbətlə
qarşılandı.
***
“Baxış – 4” festivalının daha dörd
tamaşası 6 və 7 martda nümayiş olunacaq.
Festivalın nəticələri 10 mart – Milli Teatr
Günündə açıqlanacaq və qaliblərə
mükafatlar veriləcək.
Həmidə
Mədəniyyət .- 2024.- 6 mart(¹18).-S.1;3.