“Rəsulzadənin 10
cildlik külliyyatının nəşri işini davam etdirirəm...”
Professor Nəsiman Yaqublu: “Hələ bizim
tapmadığımız,
araşdırmadığımız mənbələr var. Həmin
mənbələr bir sıra ölkələrdədir”
6 mart görkəmli ictimai-siyasi xadim, ilk Cümhuriyyətimizin
banilərindən biri, Azərbaycan Milli Şurasının sədri
Məhəmməd Əmin Rəsulzadənin (1884–1955) xatirə
günüdür. Rəsulzadə siyasi lider olmaqla
yanaşı, Azərbaycanın dövlətçiliyi, tarixi,
mədəniyyəti, ədəbiyyatı və ictimai fikri ilə
bağlı diqqətəlayiq əsərlər qələmə
alıb. Prezident İlham Əliyev görkəmli şəxsiyyətin
140 illiyinin qeyd edilməsi haqqında sərəncam
imzalayıb. Rəsulzadənin çoxtərəfli fəaliyyətinə
həsr olunmuş silsilə tədbirlər keçirilir.
Müsahibimiz Cümhuriyyət dövrünün
tanınmış tədqiqatçısı, Məhəmməd
Əmin Rəsulzadə İrsini Araşdırma Mərkəzinin
sədri tarix elmləri doktoru, professor Nəsiman Yaqubludur.
– Nəsiman müəllim, Cümhuriyyət
dövrü və Məhəmməd Əmin Rəsulzadə
ilə bağlı elmi-tədqiqat işlərinə nə
vaxtdan başladınız?
– 1988-ci ildən bu mövzularda araşdırmalara
başlamışam. Mən o dövrdə Rusiyanın
Sankt-Peterburq şəhərində ali təhsil
almışdım. Həmin dövrdə Rusiyada arxivlər
açılır, yeni sənədlər ortalığa
qoyulurdu. Universiteti bitirib Vətənə qayıtdıqda
gördüm ki, bizdə bu proses çox zəif gedir. Bundan
sonra Cümhuriyyət dövrü və istiqlal şairimiz
Əhməd Cavad haqqında araşdırmalara başladım.
Onun övladları, nəvələri ilə
görüşdüm. Həmin vaxt Ə.Cavadın həyat
yoldaşı Şükriyyə Cavad (Axundzadə; 1902–1993) həyatda
idi. Onunla görüşmək üçün Şəmkir
rayonuna yollandım. Şükriyyə xanımın xatirələrini
qələmə aldım.
1989-cu ildə professor Murtuz Sadıxlı məni Rəsulzadənin
nəvəsi, rəssam Rais Rəsulzadə ilə tanış
elədi. Rais müəllim mənə dedi ki, atam Azər Rəsulzadə
sağdır, Qazaxıstanın Karaqanda şəhərində
yaşayır. Azər müəllimlə görüşmək
üçün ünvanı dəqiqləşdirib
Qazaxıstana getdim. Onunla danışdım, xeyli arxiv
materialları topladım. Bundan sonra araşdırma
üçün Türkiyəyə üz tutdum. Türkiyədə
Rəsulzadənin ən yaxın silahdaşlarından olan Məhəmməd
Kəngərli, Cəmil Ünal, Əhməd Qaraca, Məhəmməd
Azər Aran və digərləri ilə
görüşdüm. Onlardan da çoxlu sayda sənəd və
materiallar aldım.
1991-ci ildə M.Ə.Rəsulzadənin səsinin lent
yazısını ilk dəfə olaraq Bakıya gətirdim. O
vaxt Azərbaycan Televiziyasında “Dalğa” verilişi
vardı. Çox böyük çətinliklə həmin
verilişdə iki-üç dəqiqə Rəsulzadənin
səsini ilk dəfə olaraq Azərbaycan xalqına
çatdırdıq. 70 il qadağan edilən bir səs ilk dəfə
1991-ci il fevralın 2-də Azərbaycan ictimaiyyətinə təqdim
olundu. Bundan bir qədər sonra Rəsulzadə haqqında ilk
kitabım çap edildi. Qeyd etmək istəyirəm ki, bu, Rəsulzadə
irsini araşdıranlar arasında, tədqiqatlar içərisində
birinci kitab sayılır. Təbii ki, onu yazmaq çox çətin
idi.
– Əsas çətinlik nə ilə bağlı
idi?
– Çünki Rəsulzadə haqqında ilk dəfə
yazılan bir kitab asan başa gələ bilməzdi. Digər
tərəfdən uzun müddət qadağan edilmiş bir
mövzu idi. O vaxt sənədləri araşdırıb
toplamaq üçün arxivlərə girməyə imkan
vermirdilər. Amma əlimdə olan arxiv və digər sənədlərin
əsasında ilk tarixi-publisist kitabı yazdım. 1991-ci ildə
bu kitab 30 minə yaxın tirajla çap edildi. Hətta məndə
olan məlumata görə, sonradan bu kitab bir neçə dəfə
yüksək tirajla çap edilib, yayılıbmış.
Bundan da belə nəticəyə gəlmək olar ki, Rəsulzadə
haqqında ilk kitab ictimaiyyət tərəfindən
böyük maraqla qarşılanmışdı.
“Məhəmməd Əmin Rəsulzadə” adlı bu
kitab, əslində, 1991-ci ilin əvvəllərində çıxmalı
idi. Amma o zaman sovet rejimi hələ mövcud idi. Təbii ki,
kitabda müəyyən ixtisarlar oldu. Avqustda Moskvada dövlət
çevrilişinə cəhd oldu. Yadımdadır, ondan sonra
da kitabın nəşrini bir müddət dayandırdılar.
Həmin ilin oktyabr-noyabr aylarında kitab çap edildi.
– Yəqin ki, bu kitab yeni araşdırmalarınız
üçün böyük stimul olar...
– Əlbəttə. Bu istiqamətdə
araşdırmalarımı davam etdirdim. Həm kitabxanalardan,
arxivlərdən, həm də başda Rəsulzadə olmaqla
Cümhuriyyəti quranların ailələrindən materiallar
topladım. Məsələn, Rəsulzadənin güllələnmiş
oğlu Rəsul Rəsulzadənin fotosunu onun bir qohumundan
tapdım. Rəsulzadənin xaricdəki pasportunu Məhəmməd
Kəngərlidən aldım. Şəxsi arxivimdə 100-ə
yaxın orijinal sənəd var. Bunları gələcəkdə
Milli Arxiv İdarəsindəki şəxsi fonduma təqdim edəcəyəm.
– İlk olaraq Rəsulzadənin irsinin hansı istiqamətini
ictimaiyyətə təqdim etdiniz?
– İlk dəfə 1997-ci ildə onun “Azərbaycan
davası” adlı mühacirətdə yazdığı məqalələrdən
ibarət kitabı nəşr etdirdim. Hazırda Rəsulzadənin
10 cildlik külliyyatının nəşri işini davam
etdirirəm. Toplunun I cildi 2016-cı ildə, II cildi isə
2021-də çap olunub. Üçüncü cild üzərində
iş gedir. Düşünürəm ki, Rəsulzadənin
Fransa, Polşa, Almaniyada dərc edilmiş
yazılarının hərəsi bir cild olacaq. Eyni zamanda məndə
Rəsulzadənin 100-dən çox məktubu var. Bunları
da bir cild altında nəşr etməyi
planlaşdırıram. Rəsulzadənin həm rus, həm də
fars dilindən çox gözəl tərcümələri
var. Onları da ayrıca cilddə çap etdirəcəyəm.
– Bu yaxınlarda sizin “Məhəmməd Əmin Rəsulzadə
mətbuat haqqında” kitabınız çapdan
çıxdı. Kitabda əvvəllər ictimaiyyətə
məlum olmayan hansısa faktlar yer alırmı?
– Kitabda Rəsulzadənin mətbuat haqqında 50-dən
artıq yazısı oxuculara təqdim edilib. Kitabda eyni zamanda
onun şəxsi məktublaşmalarındakı və arxiv sənədlərindəki
mətbuat problemlərinə münasibətinə də
toxunmuşam. Bu mövzu ilk dəfə
araşdırılır. Rəsulzadənin ilk məqaləsi
1903-cü ildə çap edilib. Ancaq mətbuat haqqında
fikirləri, yazıları 1906-cı ildən “İrşad” qəzetindən
başlayır. Rəsulzadənin “İrşad”, “Tərəqqi”,
“İrani-nov”, (“Yeni İran”) “Açıq söz”, “Azərbaycan”
qəzetlərində yazıları dərc olunub. Onun
mühacirətdə “Yeni Qafqaziya”, “Azər Türk”, “Odlu Yurd”
jurnallarında da yazıları var ki, bunları ilk dəfə
mən araşdırıb təqdim etmişəm.
– Rəsulzadə ilə bağlı bu günədək
aparılan tədqiqatları yetərli hesab edirsinizmi?
– Rəsulzadə ilə bağlı hələ də
əhatəli araşdırmalara ciddi ehtiyac var. Onun mühacirətdə
yazdığı əsərləri toplanıb çap edilməlidir
ki, bu işlə məşğul oluram. İndi nə qədər
gücüm çatacaq, onu bilmirəm. Bundan başqa,
Türkiyənin bir sıra arxivlərində məxfi sənədlər
var ki, onlar da açılmalıdır. Bir sıra Avropa
ölkələri ilə yazışmaları var, onlar da
araşdırılmalıdır. Görək, onların
mühacirlərə münasibəti necədir? Eyni zamanda
mühacirlərin izlənilməsi ilə bağlı
keçmiş SSRİ-nin Dövlət Təhlükəsizliyi
Komitəsində saxlanılan bir sıra sənədlər
var. Bu sənədlər vasitəsilə Rəsulzadənin də
nə dərəcədə izlənildiyi
aydınlaşdırılmalıdır. Rəsulzadə
böyük təzyiqlərə məruz qalıb, amma öz
yolundan dönməyib, mübarizəsini axıra qədər
davam etdirib.
– Bildiyim qədər, Üzeyir Hacıbəylinin
redaktoru olduğu “Həqiqət” qəzetində Rəsulzadənin
iki yeni məqaləsini də aşkarlamısınız...
– Rəsulzadənin biblioqrafiyasını
hazırlamışam. Həmin biblioqrafiyada onun 1178 məqaləsinin
adını vermişəm. Bu yaxınlarda öyrəndim ki,
Ü.Hacıbəylinin 1910-cu illərdə nəşr etdiyi
“Həqiqət” qəzetində Rəsulzadənin iki məqaləsi
var. Amma bu da son deyil. Ola bilsin ki, digər qəzetlərdə
yenə məqalələrini tapmaq mümkündür.
İndiki halda Rəsulzadənin 1180 məqaləsi məlumdur.
Onun sağlığında 27 kitabı nəşr edilib. Bunlardan
6-sı Azərbaycanda, 11-i Türkiyədə, qalanları isə
digər ölkələrdə çap olunub. Rəsulzadənin
bu günə qədər məlum olan 15 tərcümə əsəri
var. Yəni o, çox zəngin bir irs qoyub gedib. Amma bu, son
deyil. Çünki hələ bizim tapmadığımız,
araşdırmadığımız mənbələr var. Həmin
mənbələr bir sıra ölkələrdədir. Ora
getmək, araşdırmaq böyük maliyyə tələb
edir. Bu işlər reallaşarsa, Rəsulzadənin yeni əsərlərini
tapmaq, ortalığa çıxarmaq mümkün olacaq. Bir məqam
isə səs və təsvir lent yazıları ilə
bağlıdır. Qeyd etdiyim kimi, onun 1953-cü ildə
“Amerikanın səsi” radiosu ilə Azərbaycan xalqına
müraciətini taparaq xalqımıza
çatdırmışam. Amma onun bir neçə əlavə
lent yazısı da var. Onları əldə etmək
üçün xarici ölkələrdə axtarışlar
aparmaq lazımdır. Mən tam əminəm ki, Rəsulzadənin
qatıldığı bir neçə tədbirdən çəkilmiş
görüntüləri Polşa, Fransa və Türkiyədən
tapmaq mümkündür. Biz onları əldə edə bilsək,
Rəsulzadənin 140 illiyinə də böyük bir töhfə
vermiş olacağıq.
– Dövlət başçısının Rəsulzadənin
140 illiyi ilə bağlı sərəncamını necə
qarşıladınız?
– Sərəncam imkan verir ki, Rəsulzadə ilə
bağlı çoxlu tədbirlər keçirək. Sərəncamın
icrasını bir az da faydalı etmək üçün
böyük şəxsiyyətin mühacirətdəki əsərlərinin
nəşrinə kömək etmək, onunla bağlı
araşdırılmayan sənədləri tapıb Azərbaycana
gətirmək lazımdır. Bundan başqa, Rəsulzadənin
heykəlinin qoyulması məsələsini gündəmə
gətirmək, ən azından doğulduğu Novxanı kəndində
xatirə muzeyini yaratmaq olar.
– Son olaraq rəhbəri olduğunuz Məhəmməd
Əmin Rəsulzadə İrsini Araşdırma Mərkəzinin
fəaliyyəti haqqında məlumat verərdiniz...
– Bu mərkəz təxminən 30 il öncə
yaradılıb. Mərkəzin əsas vəzifəsi Rəsulzadənin
əsərlərini toplamaq, araşdırmaq və nəşr
etməkdən ibarətdir. Bundan başqa, mərkəz olaraq
qarşımızda duran əsas vəzifələrdən biri
də gənc nəsli elmi araşdırmalara cəlb etməkdir.
Nurəddin Məmmədli
Mədəniyyət .- 2024.- 6 mart(¹18).-S.7.