Kino ittifaqları birləşdi
– kinomuz üçün xeyirli olsun!
Ayrılığın sonu varmış...
12 il əvvəl yaradıcılıq, sənət məsələlərinə
heç dəxli olmayan bir sıra səbəblər
üzündən iki təşkilat arasında parçalanan
kino cameəsi, nəhayət, birləşdi.
Martın 5-də Azərbaycan Kinematoqrafçılar
İttifaqı (AKİ) və Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsilə
bağlı ittifaqların üzvlərinin iştirakı ilə
konfrans keçirilib. Kino xadimlərini bir araya gətirən
toplantıya isə Azərbaycan Teatr Xadimləri
İttifaqı (ATXİ) ev sahibliyi edib. Konfrans ATXİ-nin
böyük zalında – “Aktyor evi”ndə gerçəkləşib.
Xatırladaq ki, AKİ 1963-cü ildən fəaliyyət
göstərir. Uzun illər ittifaqın sədri olmuş
Rüstəm İbrahimbəyovun vəfatından (2022) sonra
AKİ-yə Xalq artisti Rasim Balayev rəhbərlik edir.
ARKİ 2012-ci ilin iyununda, bir qrup kino xadiminin AKİ-ni
tərk etməsindən sonra yaradılıb və o vaxtdan bu
quruma Xalq artisti Şəfiqə Məmmədova rəhbərlik
edib.
İki kino ittifaqının birləşməsi məsələsi
ötən il gündəmə gəlib. 2023-cü il iyulun
26-da AKİ və ARKİ idarə heyətlərinin birgə
iclası keçirilib və iki təşkilatın birləşməsi
haqqında ortaq bəyanat qəbul edilib.
Birləşmə konfransının gündəliyinə
bu niyyətin rəsmiləşdirilməsi və vahid təşkilatın nizamnaməsinin təsdiqi, eləcə
də sədr və idarə heyətinin seçilməsi məsələləri
daxil edilib.
İki kino ittifaqının birləşməsi və
yeni təşkilatın adının Azərbaycan
Kinematoqrafçılar İttifaqı olması məsələsi
səsverməyə qoyularaq, demək olar ki, yekdilliklə qəbul
edilib. İştirakçılardan yalnız rejissor Xalq artisti
Oqtay Mirqasımov birləşmənin əleyhinə səs
verib.
Səsvermə ilə təşkilatın nizamnaməsi
təsdiq edilib.
Sədr seçkisinə gəlincə, Şəfiqə
Məmmədova yeni yaradılan kino ittifaqının sədrliyinə
namizədliyini geri götürüb. Sədrliyə bir namizəd
– Rasim Balayev təqdim olunub.
Xalq artisti Rasim Balayev yeni yaradılan (birləşmiş)
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri
seçilib.
Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr
seçilən Rasim Balayev çıxış edərək
ona etimad göstərənlərə təşəkkürünü
bildirib.
“Şəfiqə Məmmədovanın namizədliyini
geri götürməsini gözləmirdim, çox sağ
olsun”, – deyə o əlavə edib.
Xalq artisti milli kinonun mövcud durumuna da toxunub: “Təəssüf
edirəm ki, ömrümün bu vədəsində,
yaşlı vaxtımda kinomuz belə bir böhran
yaşayır. Amma bizi yaşadan kinodur. Və biz o kinonu
birliyimizlə yaşatmalıyıq. Baxın, mənim
ayağımda hazırda problem var. Axsayıram. Bu zədə
kinoda olub. Biz hamımız ömrümüzü kinoya qurban
vermişik. Azərbaycan kinosu tənəzzül edə bilər,
olsun, amma əminəm ki, biz kinomuzu yenidən relsinə
salacağıq...”.
Konfransda birləşmiş Azərbaycan Kinematoqrafçılar
İttifaqının yeni idarə heyəti seçilib.
İdarə heyətinin tərkibində Xalq artistləri Şəfiqə
Məmmədova, Vaqif Mustafayev, Xalq yazıçısı Anar
da daxil olmaqla təxminən 30 nəfərin adı təsdiqlənib.
Mədəniyyət .- 2024.- 6 mart(¹18).-S.1;2.