Müxtəlifliyin qorunması:
islamofobiya ilə mübarizə
Bakıda beynəlxalq elmi konfrans keçiriləcək
8-9 mart tarixlərində Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin
Təhlili Mərkəzi (BMTM), G20 Dinlərarası Dialoq Forumu
və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı
ilə “Müxtəlifliyin qorunması: 2024-cü ildə
islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq elmi
konfrans keçiriləcək.
Tədbir İslamofobiya ilə Beynəlxalq Mübarizə
Gününə (15 mart) həsr olunub. Martın 5-də bununla
bağlı mətbuat konfransı təşkil edilib.
BMTM idarə heyətinin sədri Fərid Şəfiyev
bildirib ki, konfransda dünyanın 32 ölkəsindən alimlər,
beynəlxalq təşkilatların ekspertləri, din xadimləri
və qeyri-hökumət təşkilatları nümayəndələrinin
iştirakı gözlənilir. Bakıda ikinci dəfə təşkil
olunacaq bu tədbir Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılmasında
mühüm rol oynayacaq.
Qeyd olunub ki, uzun illərdir Azərbaycan
islamofobiyanın fəsadları ilə üzləşib,
hazırda Qərb mediası və siyasətçiləri tərəfindən
ölkəmizə qarşı aşkar qərəzli kampaniya
həyata keçirilir və konfransın bir hədəfi də
bu mənfi tendensiyalara təkan verən siyasi, iqtisadi, mədəni,
diskriminativ faktorların müəyyən edilməsi və
onlara qarşı ortaq strategiyanın
formalaşdırılmasıdır. Azərbaycanın
artıq beynəlxalq münasibətlərdə orta güc
kimi çıxış etdiyini deyən Fərid Şəfiyev
qeyd edib ki, bu il ölkəmiz COP29 və digər qlobal əhəmiyyətli
tədbirlərə ev sahibliyi edəcək.
Konfransın əhəmiyyətini qeyd edən BBMM-in
icraçı direktoru Rəvan Həsənov isə bəzi
qüvvələrin İslam adı altında öz məkrli
məqsədlərini həyata keçirməyə
çalışdıqlarını diqqətə
çatdırıb. Bildirib ki, Azərbaycan isə hər zaman
dini ayrı-seçkiliyin əleyhinə olub və bu siyasətini
davam etdirir. İslamofobiya ilə bağlı ikinci konfrans
zamanı mövzu ətrafında ciddi müzakirələrin,
açıq dialoqların aparılması, araşdırma
materiallarının təqdimatları üçün platforma
təmin ediləcək.
Dövlətimizin dini inanclara çox həssaslıqla
yanaşdığını, qlobal problemlərə münasibətinin
ədalət çərçivəsində olduğunu
vurğulayan Rəvan Həsənov konfransın təşkilində
məqsədin Qərb ölkələrinin islamofobiya ilə
bağlı çirkin niyyətlərini ifşa etmək
olduğunu deyib.
Qeyd edək ki, İslamofobiya ilə Beynəlxalq
Mübarizə Günü barədə ilk dəfə 2020-ci
il noyabrın 27-28-də İslam Əməkdaşlığı
Təşkilatı Xarici İşlər Nazirləri
Şurasının Nigerin Niamey şəhərindəki
toplantısında qərar verilib. BMT Baş Assambleyası isə
2022-ci ildə 15 martı İslamofobiya ilə Beynəlxalq
Mübarizə Günü elan edib.
Mədəniyyət .- 2024.- 6 mart(№18).-S.2.