Sənətkar qəlbinin hərarəti duyulan naxışlar

 

Azərbaycanın qədim sənətkarlıq növlərindən biri də ağac üzərində oymadır. Ölkəmizin bir çox bölgələrində populyar olmuş bu sənət Nizami yurdu Gəncədə də yaşadılır. Bu sənətin ustadlarından Saləddin Məhərrəmov haqqında söhbət açacağıq. Bu il sənətkarın 70 illik yubileyidir.

Saləddin Şurəddin oğlu Məhərrəmov 4 avqust 1954-cü ildə Goranboy rayonunun Faxralı kəndində anadan olub. 1970-ci ildə Gəncə Uşaq Rəssamlıq Məktəbini, 1979-cu ildə isə Gəncə Pedaqoji Texnikumunun Rəssamlıq fakültəsini bitirib. 2011-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Saləddin Məhərrəmov 1990-cı ildən oyma sənəti ilə məşğul olur. Sənətkar deyir ki, oymaçı olmaq insandan, əsasən, iki şey tələb edir: birincisi, rəssamlıq qabiliyyəti, ikincisi və ən əsası, böyük səbir: “30 ildən çoxdur bu sahədə çalışıram. Təbiət vurğunu olduğum üçün ilk zamanlar naxışlar bəlkə də daha gözəl görünürdü. Naxışları, təbiətin bəxş etdiyi gözəllikləri ağac üzərinə həkk etməkdən böyük zövq alırdım. Tədricən bu sənət üzrə təcrübə qazandım. Hər bir ağacın öz naxışı, öz gözəlliyi var. Bu gözəlliyi duyub hiss etmək lazımdır. Əgər qarşındakı ağacın səndən nə istədiyini hiss edib duya bilmirsənsə, demək, o da sənə istədiyini verməyəcək”.

Saləddin müəllim bir çox sərgilərdə iştirak edib, maraqlı əsərləri ilə diqqət mərkəzində olmağı bacarıb. Əl işləri ölkəmizlə yanaşı, Rusiya və Amerikada da kolleksiyalarda qorunub saxlanılır.

Düşündüyü mövzuları ağac üzərinə köçürərkən qəlbinin hərarətini də bu əsərlərə ötürür. Təqdim etdiyi hər bir əsər məhz özünün düşüncə təxəyyülünün məhsuludur. Heç vaxt kimsəni təkrarlamır. Çünki hər yeni əsərində sənətin yeni kodlarını kəşf edə bilir.

Sənətinin incəlikləri haqqında danışan Saləddin müəllim deyir: “Bu sənətdə, əsasən, qiymətli ağac növlərindən istifadə etmək lazımdır. Bu sırada qoz, palıd, cökə və çinar ağaclarını qeyd edə bilərəm. Həm də ağac üzərində oyma sənətkardan yüksək dəqiqlik və səliqə tələb edir. Bir əsəri ərsəyə gətirmək üçün ən azı 25 gün, bir ay vaxt ayırmalı olursan. Bu isə ustadan səbir istəyir”.

Saləddin Məhərrəmovun vurduğu naxışlar sirli, rəmzlərlə dolu məktublar kimidir. Ünvanı bəlli olmayan, ancaq danışan və susan məktublar... Hərdən sərgilərdə onun əsərlərinin naxışlarına toxunanda bir həqiqət özünü təsdiqləyir: ustadın əllərinin hərarəti hər bir işində yaşayır. “Qədim yurd yerlərimiz”, “Mənim Kəpəzim”, “Nar budağı”, eləcə də tarixi şəxsiyyətlərin portret cizgilərini özündə əks etdirən “Şah İsmayıl Xətai”, “Cavad xan”, “Nizami Gəncəvi”, “Səlahəddin Əyyubi” kimi əsərləri diqqətəlayiq nümunələr olmaqla yanaşı, müəllifin mövzu dairəsinin genişliyini göstərir. 

44 günlük Vətən müharibəsi və şanlı Zəfərimiz də Saləddin Məhərrəmovun ilham qaynağına çevrilib, onu bir-birindən maraqlı, bitkin, orijinal, koloritli əsərlər yaratmağa sövq edib. Müəllif Vətən müharibəsinin ağrı-acısını və qürurlu məqamlarını maraqlı sənət əsərlərində yaşatmağa müvəffəq olub. “Ömər aşırımı”, “Xudafərin körpüsü”, “Qarabağ mənzərələri”, “Alban-türk məbədləri”, “Ana məhəbbəti”, “Şəhid anasının ürəyi” kimi əsərləri tariximizin bu şanlı səhifəsinə işıq tutur.

Saləddin Məhərrəmovu 70 illik yubileyi münasibətilə təbrik edir, möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayırıq.

 

Anar Ərtoğrul Burcəliyev

sənətşünas

Mədəniyyət .- 2024.- 6 mart(¹18).-S.7.