Yurdumuza bahar gəlir

 

Martın 19-da ölkəmizdə Novruzun sonuncu müjdəçisi olan Torpaq çərşənbəsi qeyd olunur. Artıq elimizə bahar gəlir, təbiət canlanır. Türk etnik-əxlaqi dəyərlər sistemində torpaq yurd, vətən, el-oba anlayışına söykənir və buna görə də müqəddəs hesab olunur.

İllər öncə yağı zülmündən yurdundan didərgin düşən soydaşlarımız artıq Novruzu öz ocaqlarında qarşılayırlar. Sərhədləri bütövləşən, suverenliyi tam bərpa olunan ölkəmizin hər yerində bayram tonqalları qalanır. Bölgələrdəki mədəniyyət müəssisələrində də Novruz bayramı münasibətilə müxtəlif tədbirlər keçirilir.

Qazax şəhər 1 nömrəli Uşaq musiqi məktəbi “Fəsillərin gözəli” adlı konsert proqramını təqdim edib. Qazax rayon Mədəniyyət Mərkəzində keçirilən konsertdə mahnılar, rəqslər ifa olunub, Novruz personajları iştirakçıları təbrik ediblər. Şagirdlərin hazırladıqları səhnəciklər maraqla qarşılanıb.

Tovuz rayon Aşıq Əsəd Rzayev adına Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə Abulbəyli kənd Folklor evində “Yurdumuza bahar gəlir” adlı konsert proqramı təqdim edilib. Tədbirdə Qazax-Tovuz RMİ-nin rəisi Nurəddin Mehdiyev, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Xalq mahnı və rəqsləri, müxtəlif alətlərdə ifalar, məktəbin xor kollektivlərinin çıxışları alqışlarla qarşılanıb.

***

Qusar Dövlət Ləzgi Dram Teatrı Novruz bayramı ərəfəsində uşaqlar üçün yeni tamaşa təqdim edib. Vüqar Haqverdiyevin “Saçları səməni oğlan” əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Bağır Əhmədov, rəssamı Bədəl Bədəlov, musiqi tərtibatçısı Şaiq Qardaşovdur. Qusar Mədəniyyət sarayında nümayiş olunan tamaşa üçün Novruz atributları ilə zəngin səhnə dekorasiyası qurulub.

***

Ağcabədi rayon MKS-nin Mərkəzi Kitabxanası “Açdı çiçək, gəldi yaz” adlı sərgi-tədbir təşkil edib. Kitabxana əməkdaşları tədbirdə iştirak edən məktəblilərə Novruz ənənələri haqqında məlumat veriblər. Sonra birlikdə müxtəlif oyunlar oynanılıb, rəqslər ifa edilib.

***

Şirvan şəhər Mədəniyyət Mərkəzinin Şirvan Folklor evi, həmçinin Şirvan klubu Mərkəzi Kitabxana ilə birgə konsertlər təşkil ediblər. “Gur”, “Aysun” rəqs kollektivlərinin üzvləri, Mədəniyyət Mərkəzinin solistləri, incəsənət ustaları baharı tərənnüm edən çıxışlarla tamaşaçıların zövqünü oxşayıblar.

Biləsuvar şəhər Orxan Əkbərov adına Uşaq incəsənət məktəbində “Yurdumuza bahar gəlir” adlı tədbir keçirilib. RMİ-nin rəisi Şahin Şahbazovun da iştirak etdiyi tədbirdə Novruza aid adət-ənənələr nümayiş etdirilib. Rəssamlıq sinfi şagirdlərinin bayrama həsr etdikləri əl işlərindən ibarət sərgi qonaqlarda xoş təəssüratlar yaradıb.

***

Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində bayram tədbiri keçirilib. Tədbirdə musiqi nömrələri, şeirlər, rəqslər təqdim olunub, Novruz səhnəcikləri, sərgilər nümayiş etdirilib.

Masallı rayon Ərkivan qəsəbə Sənətkarlıq evi və Əlvan Bağırov adına 4 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə tədbir keçirilib. Çıxışlardan sonra tədbir iştirakçıları rəqs və idman səhnələrini, xalq yaradıcılığı nümunələrini izləyiblər.

***

Laçın şəhər 2 nömrəli tam orta məktəbdə bayram tədbiri keçirilib. Milli geyimli məktəblilər Keçəl və Kosa obrazlarını canlandırıblar. Həmçinin açılan bayram süfrəsi şəkərbura, paxlava, qoğal və digər şirniyyatlarla bəzədilib. Şagirdlər yumurta döyüşdürüb, oyunlar oynayıb, rəqslər ediblər.

***

Ağsu Rayon İcra Hakimiyyəti və Dağlıq Şirvan RMİ-nin dəstəyi, Ağsu rayon mədəniyyət müəssisələrinin təşkilatçılığı ilə Novruz bayramı qeyd edilib.

Ağsu şəhər Heydər Əliyev parkında keçirilən şənlikdə Novruz personajları tədbir iştirakçılarını salamlayaraq onlara ən xoş arzularını çatdırıb. Gənc rəsm həvəskarlarının Novruza aid tabloları, xalqımızın milli musiqi alətləri, adət-ənənələri, geyimlərinin yer aldığı sərgilər nümayiş olunub, kəndirbazların, rayon idmançılarının, nağaraçıların nümunəvi çıxışları maraqla qarşılanıb.

***

Mil-Muğan RMİ və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə “Yaşıl çərşənbə” adlı inklüziv festival keçirilib.

Sabirabad rayon Mədəniyyət Mərkəzində Novruz bayramına aid milli adət-ənənələrimizi əks etdirən nümunələrə, o cümlədən əlilliyi olan şəxslərin əl işlərinə baxış keçirilib.

Tədbir “Hophopnamə” kitab mərkəzində davam edib. Rayon icra başçısının birinci müavini Həsən Həsənov, Sosial Xidmətlər Agentliyi idarə heyətinin sədri Vüqar Behbudov, Mil-Muğan RMİ-nin rəisi Faiq Xudanlı çıxış ediblər. Uşaq incəsənət və musiqi məktəblərinin şagirdləri, dərnək üzvləri və şəhid övladlarının ifasında musiqilər, rəqs nümunələri təqdim edilib, şeirlər səsləndirilib.

***

Salyan Dövlət Kukla Teatrı Sabirabad rayon Mədəniyyət Mərkəzində “Bahar sovqatı” adlı tamaşa nümayiş etdirib. Kosa, Keçəl, Bahar qızı və başqa Novruz personajlarının iştirakı ilə nümayiş olunan tamaşa balacaların xüsusi marağına səbəb olub. Tamaşanın quruluşçu rejissoru Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova, quruluşçu rəssamı Ceyhun Rüstəmbəyli, rəssamı Gülay Abasova, musiqi tərtibatçısı Elvin İsayev, rejissor assistenti Aynur Ağalarovadır.

 

Mədəniyyət .- 2024.- 19 mart(¹21-22).-S.4.