Məşhur balaban
ustasına həsr olunan tədbir
Martın 13-də Tahir Salahovun Ev-Muzeyində
“İçərişəhərin sənətkarlarından:
balaban ustası Məmmədnaib Hacıyev” adlı tədbir
keçirildi.
Muzeyin direktoru Səadət Mirzəyeva İçərişəhərdə
yaşayıb-yaradan sənət adamlarının irsinin
tanıdılması məqsədilə həyata keçirilən
layihənin əhəmiyyətindən söz açdı.
Bildirdi ki, məqsəd mədəni irsimizi və bu irsi
yaşadan insanları gənc nəslə təbliğ etməkdir.
Bu səbəbdən də tədbirə Azərbaycan Milli
Konservatoriyası nəzdində Musiqi Kollecinin tələbələri
və müəllimləri, musiqi və orta məktəblərin
şagirdləri dəvət olunublar.
Ötən il “Balaban sənətkarlığı və
ifaçılıq sənəti” (Azərbaycan və
Türkiyə) nominasiyasının UNESCO-nun Qeyri-Maddi Mədəni
İrsin Reprezentativ Siyahısına daxil edildiyini də diqqətə
çatdıran direktor sonra Məmmədnaib Hacıyevin həyat
və yaradıcılığından bəhs etdi. Qeyd etdi ki,
sənətkar 1922-ci ildə anadan olub. Atası Hacı
Şıxəli İçərişəhərdə
sayılıb-seçilən tacirlərdən idi. O, 1918-ci ildə
Bakını erməni-bolşevik birləşmələrindən
təmizləməyə gələn Qafqaz İslam Ordusunun ərzaqla
təminatına böyük dəstək verib. Onun vətənpərvərliyini
yüksək qiymətləndirən Qafqaz İslam Ordusunun
komandanı Nuru paşa Şıxəli kişiyə xatirə
olaraq gümüş qəmə (xəncər)
bağışlayıb. Bu xəncər hazırda balaban
ustasının İçərişəhərdəki mənzilində
qorunur.
Sonra Əməkdar artist, balaban ifaçısı
Şirzad Fətəliyev bu qədim alət haqqında
danışdı. Bildirdi ki, balaban ney, sümsü, bülban,
musiqar və digər nəfəs alətləri ilə
müqayisədə daha mürəkkəbdir və
hazırlanması da əziyyət tələb edir. Alətin
hazırlanmasında uzun illər xidmət göstərmiş
Məmmədnaib Hacıyevin 2022-ci ildə 100 illik yubileyi
münasibətilə ailəsi tərəfindən ustanın ən
dəyərli balabanı ona hədiyyə edilib.
Şirzad Fətəliyev sənətkarla bağlı
xatirələrini də bölüşdü. Bildirdi ki,
balabanla müşayiət zü böyük ustalıq tələb
edir ki, Məmmədnaib Hacıyev balaban ustası olmaqla
yanaşı, həm də mahir ifaçı idi.
M.Hacıyevin qızı, Əməkdar mədəniyyət
işçisi Mələk Hacıyeva da atası ilə
bağlı xatirələrini danışdı. Bildirdi ki,
bütün milli musiqi alətlərimiz ona əzizdir, amma
bunların sırasında balabanın öz yeri var.
Çünki dünyaya balaban səsi ilə göz
açıb. Balabanın həzinliyi, ürəyəyatımlılığı
onu hər zaman valeh edib. M.Hacıyeva həmçinin evlərinə
gəlib-gedən Kamil Cəlilov, Bəhruz Zeynalov, Ələkbər
Əsgərov, Elşad Cabbarov kimi görkəmli sənətkarları
xatırlayaraq onların atası ilə sənət söhbətlərini
yada saldı.
Tədbirdə ustanın öz əli ilə düzəltdiyi
balabanlar və yarımçıq qalan işləri, şəxsi
əşyaları və tanınmış musiqi xadimləri
ilə fotolarından ibarət sərgi də təqdim olundu.
M.Hacıyevin Azərbaycan Televiziyasının fondunda qorunan
lent yazılarından “Şur” muğamı, rəqs
havalarından nümunələr səsləndirildi. Həmçinin
Şirzad Fətəliyevin tələbələrinin
çıxışları dinlənildi.
Lalə Azəri
Mədəniyyət .- 2024.- 19 mart(¹21-22).-S.5.