“Bülbül vokal məktəbi”nin hesabat konserti

 

Xəbər verdiyimiz kimi, ötən il Əməkdar artist, tanınmış vokal ifaçısı Ramil Qasımovun təşəbbüsü ilə bu sənətə yeni gələn gənclər üçün “Bülbül vokal məktəbi” yaradılıb.

Martın 15-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində “Bülbül vokal məktəbi”nin ilk hesabat konserti keçirildi.

Konsertdən əvvəl çıxış edən Ramil Qasımov layihə haqqında məlumat verdi. Dedi ki, məktəbin məqsədi dahi Bülbülün bizə miras qoyduğu Azərbaycan vokal məktəbi ənənələrini gələcək nəsillərə aşılamaqdır: “Bu gün vokal məktəbinin ilk hesabat konsertidir. Mərhum müəllimim, Xalq artisti Mobil Əhmədov Bülbüldən öyrəndiklərini bizlərə çatdırdı. Biz də onu yeni nəsillərə ötürürük. “Bülbül vokal məktəbi”nin bütün şagirdlərinə uğurlar arzulayıram”.

Daha sonra söz musiqiyə verildi. “Bülbül vokal məktəbi”nin şagirdləri Tunar Cəfərov, Mehdi Niftəliyev, Şəhriyar Əliyev, Elşən Məmmədov, Fidan Sultanova, Nəzrin Mansırlı, Lalə Namazova, İbrahim Quliyev, Fidan Məmmədzadə və başqaları rəngarəng proqramla çıxış etdilər.

Proqramda Ü.Hacıbəylinin “Sevgili canan”, Neapolitan mahnısı “Santa Lucia”, E.Kapuanın “O sole mio”, F.Əmirovun “Sevil” operasından Balaşın nəğməsi, S.Rüstəmovun “Alagöz”, A.Falconierinin “O bellissimi capelli”, Z.Bağırovun “Aygünün mahnısı”, S.Ələsgərovun “Şuşa”, V.Adıgözəlovun “Bakı” və digər əsərlər səsləndirildi.

Sonda bütün ifaçılar birlikdə Polad Bülbüloğlunun “Şən Azərbaycan” mahnısını söylədilər və xatirə şəkli çəkdirildi.

 

Nurəddin

Mədəniyyət .- 2024.- 19 mart(¹21-22).-S.3.