“İndi oxuyanların
çoxu pedaqoq yanına getmir, texniki vasitələrlə səslərinə
düzəliş verirlər”
1968-ci ildə ölkəmizdə ilk dəfə Azərbaycan
Dövlət İncəsənət İnstitutunda (indiki
ADMİU) səsyazma studiyası yaradılıb. Studiya Mehdi Məmmədov,
Adil İsgəndərov, Rza Təhmasib, Müxlis Cənizadə
kimi görkəmli sənətkarların rəhbərliyi ilə
böyük bir tələbə ordusuna təcrübə
meydanı olub. Tələbələr burada müstəqil
musiqili proqram və verilişlər hazırlayıblar. Eyni
zamanda studiya tələbələrə səs tembrlərini,
intonasiyalarını tənzimləmələrinə imkan
yaradıb. Uzun illər bu studiyaya rəhbərlik etmiş səsyazma
üzrə mütəxəssis, Əməkdar mədəniyyət
işçisi Faiq Babayevlə görüşüb söhbətləşdik.
– Faiq müəllim, bu sahəyə gəlişiniz təsadüfi
olub, yoxsa əvvəlcədən
planlaşdırırdınız?
– Təhsil aldığım 1 nömrəli musiqi məktəbi
ilə 18 saylı orta məktəb bir-birinə yaxın məsafədə
yerləşirdi. Hazırkı Vaqif Mustafazadə adına 2
nömrəli Uşaq incəsənət məktəbinin
skripka sinfində oxuyurdum. Sonradan Asəf Zeynallı adına
Musiqi Texnikumuna daxil olsam da, oxumadım. Orta məktəbi
bitirdikdən sonra yaxın dostumla birlikdə sənədlərimizi
İncəsənət İnstitutuna verdik və Aktyorluq
fakültəsində Rza Təhmasibin sinfinə qəbul
olunduq. Burada təhsil aldığım müddətdə Tədris
teatrında tamaşalara musiqi tərtibatı verməyə,
musiqi ilə məşğul olmağa böyük həvəsim
yarandı. Hərdən aktyorların səsini də
yazırdım. Getdikcə bu iş xoşuma gəldi və
davam etdirməyi qərara aldım.
– Bu sahədə kimlərdən öyrənirdiniz?
– Görkəmli bəstəkarımız mərhum
Adil Bəbirov Azərbaycan Televiziyasının səsyazma evində
səs rejissoru işləyirdi. Onun yanına gedib-gəlirdim,
maraqlanırdım. Mənə deyirdi qıraqdan baxma, gəl
pultda otur, öyrən. Ondan bu sahənin sirlərini öyrəndim.
O deyirdi ki, sənin eşitmə qabiliyyətin yaxşıdır
və istəsən, səs rejissoru ola bilərsən. Beləliklə,
institutun nəzdindəki səsyazma studiyasında müəyyən
peşəkar avadanlıq olduğu üçün, həm də
texnikaya meyilli olduğuma görə studiyanı qurub işləməyə
başladım. Burada həm dərs keçirildi, həm də
müğənni və aktyorlar səslərini
yazdırırdılar. Bununla da bu sahəyə
bağlandım.
– Həmin dövrdə ali təhsilinizi
bitirmişdiniz?
– Bəli, təyinatla Gənc Tamaşaçılar
Teatrına yollandım. Bir il hərbi xidmət edib
qayıtdıqdan sonra birbaşa studiyaya gəldim. Eyni zamanda
institutda dərs deməyə başladım. O vaxt Kütləvi
bayramlar rejissorluğu fakültəsində səs
rejissorluğunu tədris edirdim. 1980–2022-ci illərdə orada
çalışdım. Son illər Estrada fakültəsində
dərs deyirdim. Müğənnilərlə praktiki məşğələlər
keçirdik. Hazırda təqaüdə
çıxmışam.
– Bildiyim qədər, siz dövlət tədbirlərinin
də səs rejissoru olmusunuz.
– Bəli, bir müddət Azərbaycan
Televiziyasında da çalışdım. Burada baş səs
rejissoru idim. Təvazökarlıqdan uzaq olsa da deyim ki, çətin
və məsuliyyətli işləri mənə həvalə
edirdilər. 2015-ci ildə ölkəmizdə ilk dəfə
keçirilən Avropa Oyunları münasibətilə Xalq
artisti Rauf Abdullayevin dirijorluğu ilə Dövlət Simfonik
Orkestri, Dövlət Xor Kapellası ilə himnimizin yeni
versiyasını hazırladıq.
– Bəs yeni
versiyasının aqibəti necə oldu? Hazırda səsləndirilirmi?
– Həmin tədbir zamanı səsləndi. Hələlik
təsdiq olunmayıb deyə köhnə səslənmə
verilir. Eyni zamanda qeyd edim ki, “Leyli və Məcnun”,
“Koroğlu”, “Sevil” və s. operaların səsyazmasını
həyata keçirmişəm.
– İncəsənət ustalarımızın səsləri
ilk dəfə nə vaxt yazılıb?
– Qısa desək, ilk Azərbaycan plastinkası
(qrammofon valı) 1905-ci ildə yazılıb, müğənni
Əbdülqədir Cabbarova məxsusdur. Latviyanın Riqa şəhərində
yazılıb. Ondan sonra Cabbar Qaryağdıoğlunun səsi
yazılmışdı. İndi bu sahədə çox
böyük yeniliklər var. Rəqəmsal sistemlə
yazılır və daha təmiz səslənmə verir. Burada
əsas odur ki, alətlərin, insan, yaxud heyvanın səslərini
olduğu kimi, düzgün çatdırmağı bacarasan.
Daha sonra isə səhvləri düzəltmək
lazımdır. İndi yeni texnoloji avadanlıqla bu işləri
yoluna qoymaq olur. Ancaq keçmişdə belə bir imkan yox
idi.
– Düzgün səslənmə deyərkən nəyi
nəzərdə tutursunuz?
– Əgər orkestr zalda ifa edirsə, zalın bir tərəfində
oturan bir səslənmə, digər tərəfində oturan
başqa səslənmə eşidir. Hansı alət hansı
tərəfdə üstünlük təşkil edirsə,
tamaşaçının qulağı həmin səsi daha
çox eşidir. Bu səbəbdən də biz səslənməni
elə qururuq ki, bütün alətlərin səsi eyni
paylansın.
– Səsyazmanın əsas meyarı nədir?
– Bu sahədə üç meyar var: səsin
perspektivliliyi, dərinliyi və genişliyi. Bu üç amil
düzgün verilirsə, demək, rejissor öz işini
qüsursuz icra edib.
– Bunlardan hansısa çatışmayanda nə
baş verir?
– Sadə dildə desək, sanki səsləri
yorğan-döşək kimi üst-üstə
yığıblar. Kiçik studiyalarda şərait
olmadığı üçün yazılış bəzən
qeyd etdiyim kimi alınır. Səs rejissorluğu xüsusi bir
sahədir. Bir sıra ali bədii təhsil ocaqlarında tədris
olunur. Bununla bağlı kitablar, dərsliklər də var. Mən
o vaxt Moskvada bu sahə üzrə altıaylıq kurs
keçmişəm. Bizdə hələlik ali təhsil müəssisələrində
səs rejissorluğu ilə bağlı
ixtisaslaşmış fakültə yoxdur.
– Səs rejissorluğu sahələr üzrə fərqlənir?
– Əlbəttə, musiqi üzrə səs
rejissorluğunun teatr və kino sahəsi üzrə səs
rejissorluğundan fərqi var. Musiqi sahəsi üzrə səs
yazanın həm musiqidən xəbəri olmalıdır, həm
rejissorluğu, həm də texnikanı bilməlidir.
– Bu sahədə ən son yeniliklər nələrdir?
– Yeniliklər çoxdur. Xüsusilə də texniki cəhətdən.
Hazırda sempler səslərdən daha çox istifadə
edilir. Bu işdə də dəqiq olmaq lazımdır.
– Sizə də məlumdur ki, son zamanlar səsi istənilən
səviyyədə olmayanlar da studiyada səs yazdırıb
ictimaiyyətə təqdim edirlər.
– Əvvəllər müğənnilər pillə-pillə
qalxır, illər ötdükcə tanınırdılar.
İndi baxırsan ki, bir müğənni peyda oldu və 15
mahnıdan ibarət bir albom yazdırdı. Mən həmişə
deyirəm, səsin var, oxuyursan. Amma xaric oxuyursan, səsin pərdəyə
düşmür. Bunun üçün vokalla məşğul
olmaq, pedaqoqla işləmək lazımdır ki, səs
inkişaf etsin. Getmirlər, tezbazar pul qazanmaq naminə
texnikadan istifadə edib səslərinə düzəliş
verirlər.
– Təklif alanda siz də düzəldirsiniz?
– Bəli, hərdən olur. Texnika olsa da, onu işlədən
peşəkar olmalıdır. Peşəkara çevrilmək
üçün vaxt və təcrübə lazımdır.
Bir də əsas məkandır. Məkanın da xüsusi tələbləri
var. Peşəkar qurulan studiyalar şərtdir. Mühəndislər
məkanın ölçülərini götürür, səsin
əksi haradan gəlirsə, həmin hissələri
bağlayırlar. Əks-səda verən məkanlara süngər
tipli materiallarla müdaxilə edilir.
– Bəs böyük sahələrdə necə olur? Yəni
orkestrin ifasını yazanda?
– Simfonik orkestri yazmaq üçün genişlik
lazımdır. Səs rejissoru ən yüksək səviyyədə
yazılışı bilməli, balansı qorumalıdır.
– Kiçik studiyada ansamblın ifasını yazmaq, yəqin
çətin olar?
– Tək-tək yazılır, sonra bir yerə
yığılır. Tamaşaçı bilməsə də,
peşəkar bilir ki, bu musiqi üst-üstə
yığılıb. Bayaq dediyim yorğan-döşək məsələsi.
Bütün alətlər eşidilsə də, vəhdət,
bağlılıq düzgün qurulmur. Fizikanın bəzi
qanunlarını nəzərə almaq lazımdır. Bəzən
mən kiçik studiyada yazanda musiqiçilərin yerlərini
dəyişirəm ki, səs dövr eləsin.
– Faiq müəllim, nə zamansa aktyorluğu davam
etdirmədiyinizə görə təəssüf etmisinizmi?
– Xeyr, heç zaman. Rza Təhmasib hər dəfə
bu sualı mənə verirdi. Ona “Rza əmi” deyə müraciət
edirdim. Deyirdim, Rza əmi, mən yenə də aktyorlarla, sənət
adamları ilə işləyirəm. Həm aktyorluq, həm
rejissorluq, həm də musiqi sənətimi davam etdirirəm.
– Ailənizdən bu sənəti seçən oldumu?
– Bacı və qardaşlarımla musiqi məktəbinə
gedirdik. Onlar davam etdirmədilər.
– Bu illər ərzində ən maraqlı və
çətin işiniz hansı olub?
– Ən maraqlı və çətin operalar və
himnimizin səslənməsi. Avropa Oyunları gedişində
Prezidentimiz hər dəfə qaliblərimizə medalları təqdim
edərkən himnimiz səslənəndə qürur duyurdum.
Eyni zamanda 10 filmin musiqisinin yazılmasını həyata
keçirmişəm: “Cavad xan”, “Qala”, “Qorxma, mən səninləyəm!
1919” və s.
– 45 il yol gəldiyiniz bu sənət sizə nə
verib?
– Əslində, biz sənətə nələrsə
verməliyik. Çox vaxt hansısa sahəyə yiyələnəndə,
ilk növbədə mənfəət gözləyirlər. Mən
bu sahəni seçəndə heç bu barədə
düşünmürdüm. Əgər ilk gündən mənfəət
güdsəydim, bu səviyyəyə gəlib çıxa
bilməzdim. Gərək insan sənətə xidmət etsin.
Bundan sonra sən seçilirsən və sənə olan etibar
artır.
– Son dövrdə ən çox hansı
tanınmışlarla çalışmısınız?
– Gənclər, demək olar ki, məni bəyənmir.
Çünki onlar gənclərlə işləməyə həvəslidirlər.
– Niyə?
– Tutalım, biri Ələkbər Tağıyev, Ramiz
Mirişli və yaxud digər görkəmli bəstəkarın
mahnısını oxuyur. Bu əsərlərin
melodiyasını və sözlərinin hamısını əzbər
bilirəm. Səhv olanda deyirəm ki, bunun sözü belə
deyil, müəllif belə yazıb, yaxud deyirəm
melodiyanı düz oxumursan. Bu zaman mənə cavabları bu
olur ki, siz dediyiniz o zamanda qalıb, indi belə oxuyurlar. Mən
də deyirəm əsərin müəllifi var və necə
yazıbsa, elə də oxunmalıdır. Ona görə də
deyirlər ki, o kişi bizi çox sıxır. Mən
heç kimə təzyiq etmirəm, sadəcə,
düzgünlüyün tərəfdarıyam. Məsələn,
bir müğənni necə gəldi ifa edir və efirə də
elə verilir. Üstündən 5 il keçir, ondan sonra gələn
deyir ki, filankəs belə oxuyub, mən də belə ifa edirəm.
Mən onlara müğənni yox, oxumaq istəyən deyirəm.
Biri gəlir ki, səs yazdırmaq istəyirəm.
Soruşuram, ay oğul, nə ifa edəcəksən? Deyir Faiq
Ağayevin “Dəşti”sini. Soruşuram Faiq Ağayev “Dəşti”
yazıb? Deyir bəli, onun oxuduğu. Onlara deyirəm ki, Faiq
Ağayev də mənimlə işləyib, o da əvvəlcə
ilk müəllifi dinləyib. Heç olmasa, denən ki, filankəsin
repertuarından...
– Faiq müəllim, sizə cansağlığı və
işlərinizdə uğurlar arzulayıram.
– Mən də “Mədəniyyət” qəzetinə
minnətdarlığımı bildirirəm. İlk müsahibəmi,
haradasa, 30 il əvvəl vermişəm və uzun fasilədən
sonra siz məni yada saldınız. Bir də sözüm budur
ki, sənətlə məşğul olan insanlar saxtakarlıq
edib tamaşaçını aldatmasınlar...
Lalə Azəri
Mədəniyyət .- 2024.- 19 mart(¹21-22).-S.6.