Sənət
şövqünün ilmələrdə ifadəsi
Görkəmli xalçaçı-rəssam Fazil
Abbasquluzadənin yaradıcılığında dünyaşöhrətli
fırça ustası Tahir Salahovun əsərləri əsasında
toxuduğu xalçalar xüsusi yer tutur. Hər detalı dəqiqliyi
ilə ölçüb-biçdikdən sonra işə
başlayan Fazil müəllim bildirir ki, bu xalçalar üzərində
çalışarkən xalça texnologiyasında mövcud
olan qaydalara maksimum əməl etməklə yanaşı,
yağlı boya vasitəsilə yaradılmış rəsm əsərlərinin eynilə
yun saplarla toxunmasına çalışmışdır.
Sənətindən söz açmaq istədiyim səxavətli,
genişqəlbli Fazil müəllimlə elmi
yaradıcılığımla əlaqədar tanış
olmuşdum. Həmin gün məni başında buxara papaq
olan əsl Azərbaycan ağsaqqalı, ziyalısı
qarşıladı. Sumqayıt şəhərindəki
emalatxanasında qonağı olduğum Fazil müəllim
dissertasiya müdafiəm üçün gərəkli olan
çox dəyərli məlumat və materiallarla mənə
dəstək oldu. Bu da sənətkarın heç zaman gənclərdən
yardımını əsirgəməməsinin göstəricisidir.
Məlumat üçün qeyd edim ki, Fazil Abbasquluzadə
1961-ci ildə Qubadlı rayonunun Cılfır kəndində
dünyaya göz açmışdır. Orta məktəbi
bitirdikdən sonra indiki Azərbaycan Dövlət Pedaqoji
Universitetinə qəbul olunur və 1984-cü ildə
universitetin Bədii qrafika fakültəsini bitirir. Təyinatla
İsmayıllı rayonuna gedir. Buradakı fəaliyyəti
zamanı xalçaçılıq məktəbinin sirlərinə
də dərindən yiyələnir. Beləliklə,
İsmayıllı rayonundakı iş fəaliyyəti onu
ömürlük xalça sənətinə bağlayır.
Fazil müəllim elə ilk əsərlərini də məhz
o zamanlarda yaradır. Həmin illərdə bir sıra görkəmli
xalçaçı-rəssamın elmi-tədqiqat, nəzəri
əsərləri ilə tanış olaraq araşdırmalar
aparır, daha fərqli, heç kəsə bənzəməyən
eskizlər hazırlayır. 1993-cü ildə Sumqayıta
köçən xalçaçı-rəssam
yaradıcılıq fəaliyyətini bu şəhərdə
davam etdirir. Rəssamın şəxsi emalatxanasında öz
təxəyyülündən süzülən fikirləri
toxucu xanımlar bu gün də xalça üzərinə
köçürməkdədir.
Əvvəldə qeyd etdiyimiz kimi, Fazil Abbasquluzadənin
yaradıcılığında diqqətçəkən məqamlardan
biri də Tahir Salahovun əsərləri əsasında
toxunmuş xalçalardır. Fazil müəllimlə
görüşümüz zamanı o, Tahir Salahovla
bağlı xatirələrindən də söz
açdı: “Tahir Salahov bir dəfə mənim süjetli
xalçalarımdan birini görüb çox bəyənmiş
və müəllifini soruşmuşdu. Müəllim
yoldaşımın vasitəçiliyi ilə tanış
olduq. Məni emalatxanasına dəvət edib əməkdaşlıq
etmək istədiyini bildirdi. Tahir Salahovu cərrahi əməliyyat
edən həkimin portretini mənə verib onu xalça üzərinə
köçürməyimi xahiş etdi. İş bitdikdən
sonra Salahov həmin xalçanı portret sahibinə hədiyyə
elədi. Həkim Hetsel ilk olaraq bunun xalça olduğuna
inanmamışdı. İlmələrin və rəng
çalarlarının canlılığı onu heyran
etmişdi. Bundan sonra Tahir Salahov xalça üzərinə
köçürülməsi üçün növbəti əsərlərini
də mənə həvalə etdi. “Qara Qarayev”, “Mirzə
Ələkbər Sabir”, “Səhər eşelonu” və digər
xalçaları təhvil verdikdən sonra Tahir müəllimin
əsərlərini kütləvi şəkildə işləməyə
başladım. Heç bir vasitəçi olmadan Tahir Salahov
şəxsən özü xalçaya
köçürüləcək əsərləri
seçib mənə verirdi. Tahir müəllimin
palitrasını xalçalarda canlandırmaq olduqca çətin
idi. Məsələn, belə əsərlərdən
“Payızda Paris” xalçasını nümunə göstərə
bilərəm. İlk baxışdan rənglərin lakonikliyi
gözə çarpsa da, diqqətlə baxdıqda fərqli rəng
çalarlarını, rəng keçidlərini görmək
olar. Tahir müəllimin əsərlərini sürətli
işləmək üçün işimi sistemli şəkildə
qurmağa çalışmışam. Eskizləri
hazırladıqdan sonra bir neçə xalça eyni zamanda
toxunurdu. Lissabon şəhərində 36 ölkədən
tanınmış sənətkarların iştirak etdiyi sərgidə
mənim 29 xalçam nümayiş olunmuşdur. Hər kəs
sərgini maraqla izləyib müsahibə alırdı.
İşlədiyim kollektivlə 8 ildə Tahir Salahovun 50-yə
yaxın əsərini xalça üzərinə
köçürtdük”.
Tahir Salahovun portret, mənzərə, natürmort və
süjetli kompozisiyalarından ibarət məşhur əsərləri
əsasında Fazil Abbasquluzadənin eskizləri üzrə
toxunan xalçaların haşiyə qurşaqlarının bəzilərinin
klassik xalça elementləri, bəzilərinin isə əsərin
məzmunu ilə bağlı elementlərlə tərtib
edildiyini görə bilərik. Sözügedən
xalçaların texniki və bədii tərtibatındakı
unikallığına əmin olmaq üçün təkcə
müasir Azərbaycanın qurucusu Heydər Əliyevin
portretinin toxunduğu xalçaya nəzər salmaq kifayət
edər. Tahir Salahovun naturadan təsvir etdiyi Heydər
Əliyevin portreti Fazil Abbasquluzadənin eskizi əsasında
2011-ci ildə xalça üzərinə
köçürülmüşdür. Fazil müəllim
bildirir ki, dahi liderin portretini xalçada əks etdirərkən
çiyinlərində böyük məsuliyyət hiss edirdi.
Çox düşündükdən sonra portretin
toxunacağı xalçanın haşiyə
qurşağını tərtib etmək üçün o, Təbriz
xalçaçılıq məktəbinə müraciət
etmək qərarına gəlir. Belə ki, bu xalçaya nəzər
yetirsək görərik ki, xalçanın yeləni ana
haşiyə, onu əhatə edən iki bala haşiyə və
bir cağ haşiyədən ibarətdir. Təbriz
xalçalarında tez-tez rast gəldiyimiz nəbati üslubda
işlənilmiş ana haşiyənin üzərində
“Şah Abbası” adlı böyükölçülü
elementlər var. Haşiyənin əsasını təşkil
edən bu element qarışların mərkəzində yerləşdirilmişdir.
Qarışların arasında isə bala butalar stilizə
edilmişdir. Bala butalar S formalı şaxələrin üzərində
göstərilərək ahəngdar görünüş
yaradır. Bala haşiyə isə
ağ yerlik üzərində stilizə edilmiş islimi,
köməkçi və doldurucu forma elementləri ilə bəzədilmişdir.
Ara sahənin ətrafını dilikli cağ elementləri əhatə
edir. Təbii ki, böyük siyasi xadimin portretini Təbriz
şəhəri kimi sənət beşiyinin
xalçaçılıq məktəbinə xas elementlərinin
müşayiət etməsi özündə dərin bir mənəvi
məna daşıyır.
Hər zaman bəsitlikdən qaçan, daha çətin
texnologiyaya malik eskizlər hazırlayan Fazil müəllim Tahir
Salahovun əsərlərinin xalça üzərində
toxunmasını özü üçün mürəkkəb
bir sənət mərhələsi hesab edir. Xüsusi rəssamlıq
duyumu olan xalçaçı böyük rəngkar Tahir
Salahovla əməkdaşlığı dövründə
onun əsərlərini olduğu kimi xalça üzərinə
həkk etməklə yanaşı, həm də xalçalara
öz üslub yanaşmasını ortaya qoymuşdur. Buna
görə də həmin xalçalar
xalçaçının da dəst-xəttini özündə
əks etdirir. Beləliklə, Fazil Abbasquluzadə öz
çeşniləri ilə bu əsərlərə sanki ikinci
ömür bəxş edərək həm təsviri sənətdə,
həm də Azərbaycan
xalçaçılığında fərqli bir təcrübəyə
imza atmışdır.
Sədaqət Əliyeva
sənətşünas
Mədəniyyət .- 2024.- 19 mart(¹21-22).-S.7.