İllər öncə
qəzetlər nədən yazırdı?
Milli Kitabxananın dövri mətbuat arxivindən (10)
Mətbuat xronikasından növbəti seçmələr
sovet dövrünə aiddir. Dövran, ictimai-siyasi quruluş dəyişsə
də, mədəniyyətdə (eləcə də digər
sahələrdə) hər zaman aktual, həlli vacib məsələlər
qalmaqdadır. Məsələn, dekorativ-tətbiqi sənətin
inkişafı ilə bağlı. Xalq rəssamı
Mikayıl Abdullayev ötən əsrin 50-ci illərində də
bu barədə fikirlərini mətbuatda
bölüşmüşdü. Yaxud yerlərdə teatr sənətinə
kütləvi marağın təşviqi, paytaxtdan bölgələrə
qastrolların təşkili. Bu gün olduğu kimi, onilliklər
əvvəl də mədəni həyat üçün əhəmiyyət
kəsb edirdi...
Seçmələrdə qəzetlərin
orfoqrafiyası saxlanılıb...
***
Tətbiqi incəsənətimizi inkişaf etdirək
Mikayıl Abdullayevin “Sənətimizin
çatışmayan cəhətləri” məqaləsində
haqlı olaraq göstərilir ki, tətbiqi incəsənətimizin
bəzi növləri çox zəif inkişaf etdirilir. Bu səbəbdən
sərgilərimizdə tətbiqi incəsənət əsərlərinə
az rast gəlirik. Onu da əlavə etmək lazımdır ki,
bizim qab-qacaq istehsal edən zavod, toxuculuq fabrikalarımız və
başqa müəssisələr milli naxışlarla bəzənmiş
zərif qablar və parçalar buraxmırlar.
Ə.Əzimzadə adına rəssamlıq məktəbində
vaxtilə tələbələrə milli ornamentləri
öyrədirdilər. Ancaq son illərdə burada təhsil
alan gənclər tətbiqi və dekorativ sənətlərlə
məşğul olmurlar.
Ayrı-ayrı xalq ustalarının təcrübəsini
öyrənmək, xalqımızın zəngin bədii
irsini qoruyub inkişaf etdirmək, tətbiqi-dekorativ əsərləri
toplayıb kitab şəklində nəşr etmək
vaxtı gəlib çatmışdır.
Bədii xalq sənətlərinin inkişafı
işi ilə Azərbaycan Sənaye Şurası və
Respublika xalq yaradıcılığı evi ciddi məşğul
olmalıdırlar. Xalqımızın milli incəsənətini
qorumaq, onu inkişaf etdirmək, onun şöhrətini daha da
artırmaq mühüm vəzifədir. Azərbaycan rəssamlarının
III qurultayı başqa məsələlərlə
yanaşı tətbiqi incəsənət
ustalarımızın yaradıcılıq işinə də
yekun vurmalı və bu sənətin hərtərəfli
inkişafı üçün tədbir görməlidir.
“Ədəbiyyat və incəsənət” qəzeti,
15 mart 1958-ci il
Teatr və kənd
M.Əzizbəyov adına Azərbaycan Dövlət
Akademik Dram Teatrı Azərbaycan KP Abşeron Rayon Komitəsi
ilə birgə teatr həftəsi keçirmişlər.
Abşeron rayon mədəniyyət evində təntənəli
açılışı olan teatr həftəsi ərzində
Əzizbəyov teatrının kollektivi “Büllur sarayda”
(İ.Əfəndiyev), “Kimdir haqlı?” (B.Vahabzadə),
“Torpağa sancılan qılınc” (N.Xəzri),
“Nişanlı qız” (S.Rəhman), “Çahargah
fantaziyası” (K.Kərimov), “Atabəylər” (N.Həsənzadə)
tamaşalarını göstərmişdir. Bu tamaşalara
rayonun sakinləri, ayrı-ayrı sovxozların, təşkilatların,
idarə və müəssisələrin nümayəndələri
baxmışlar. Teatrın kollektivi həftə ərzində
Mehdiabad və Məhəmmədli sovxozlarında olmuşlar.
Əsl teatr bayramına çevrilmiş həftənin
yekun günü tamaşaçıların arzusu ilə
onlarla teatr aktyorlarının görüşü
keçirilmişdir. Azərbaycan SSR xalq artistləri Nəcibə
Məlikova, Məhluqə Sadıqova, Məlik Dadaşov, Həsən
Turabov, Səyavuş Aslan, əməkdar incəsənət
xadimləri Hüseynağa Atakişiyev, Mərahim Fərzəlibəyov,
respublikanın əməkdar artistləri Hamlet Xanızadə,
Səfurə İbrahimova, Kamal Xudaverdiyev, İlham Əhmədov,
Lütfi Məmmədbəyov, rejissor Ağakişi Kazımov,
aktyorlardan Mikayıl Mirzəyev, Bəsti Cəfərova, Zemfira
Nərimanova, Firəngiz Mütəllimova, Nurəddin Quliyev və
başqaları tamaşaçıların suallarına cavab
vermiş, gələcək yaradıcılıq
planlarından danışmışlar.
“Kommunist” qəzeti, 18 mart 1986-cı il
Mədəniyyət .- 2024.- 19 mart(¹21-22).-S.6.