Opera və Balet
Teatrından “Qu gölü” və “Qıpçaq rəqsləri”
Yenilənmiş xoreoqrafiyada təqdim olunub
Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrının balet truppası Heydər Əliyev
Sarayının səhnəsində iki tamaşanı – “Qu
gölü” və “Qıpçaq rəqsləri”ni
nümayiş etdirib.
Hər iki birpərdəli balet baletmeyster, Rusiyanın
Əməkdar artisti Ruslan Proninin təqdimatında və yenilənmiş
xoreoqrafiyada təqdim olunub.
Pyotr Çaykovskinin “Qu gölü” baleti görkəmli
baletmeyster Yuri Qriqoroviçin özünəməxsus
xoreoqrafik üslubunu çox incə hiss olunan bədii-tarixi
kontekstdə nümayiş etdirir. R.Pronin tərəfindən
birpərdəli pyes formatında reproduksiya edilmiş tamaşa
Əməkdar artist Makar Verstandtın ifasında şər
dahisi Rotbartın və İlya Manenkovun
canlandırdığı qəhrəman şahzadə
Ziqfridin səhnədə görünməsi ilə
başlayır. Odettanın partiyasını beynəlxalq balet
müsabiqələri laureatı Ayan Eyvazova ifa edib.
“Qu gölü” həmçinin ayrı-ayrı
nömrələrlə kordebaletdir. Tamaşaçılar Cəmilə
Məmmədova, Yuliya Verstandt, Səbinə Hacıyeva və
Dilarə Mehdiyevanın ifasında Pitep-İvanovun “Balaca qu
quşlarının rəqsi”nin kanonik versiyasına baxa biliblər.
Böyük qu quşlarını Əməkdar artist Elmira
Süleymanova, Liana Praqa və Samirə Məmmədova
oynayıblar. Orkestri teatrın baş dirijoru və musiqi rəhbəri
Əməkdar artisti Əyyub Quliyev idarə edib.
Gecənin ikinci hissəsində XX əsrin məşhur
rus bəstəkarı Aleksandr Borodinin “Knyaz İqor”
operasından “Qıpçaq rəqsləri” təqdim olunub.
Operanın ilk nümayişindən böyük populyarlıq
qazanan “Qıpçaq rəqsləri” artıq neçə illərdir
ayrıca balet tamaşası kimi səhnələri bəzəyir.
Rəqs silsiləsi kaleydoskop şəkilləri kimi
tamaşaçının gözləri önündə
parlayır. Bu dəfə Mixail
Fokin və Kasyan Qoleyzovskinin üzvi şəkildə birləşmiş
xoreoqrafiyası təqdim olunub, onlar tamaşa zalını həssas
gözəllik və alovlu enerji mühitinə qərq ediblər.
Cariyələrin zərif və çevik rəqsi (“Küləyin
qanadlarında uçun”), oxatanların “sıx” rəqsi,
döyüşçülərin əzələ-ritmik rəqsi
də bu qəbildəndir. Kölə qadın
partiyasını Liana Praqa, şıltaq və
çılğın xasiyyətli Çağanı ram edən
yaraşıqlı döyüşçü Kumanın rəqs-qarşıdurmasını
isə Seymur Qədiyev və Fatimə Xələfova ifa ediblər.
Möhtəşəm musiqi palitrası Xalq artisti
Yalçın Adıgözəlovun dirijorluğu ilə təqdim
edilib. Əməkdar artist Sevil Hacıyevanın rəhbərliyi
ilə rəqsləri müşayiət edən xor zala
süzülən “azadlıq eşqi ilə parıldayan quru
çöl havasını” hiss etdirib. Tamaşa sürəkli
alqışlarla qarşılanıb.
Mədəniyyət .- 2024.- 19 oktyabr(№21-22).- S.5.