Folklor və ədəbiyyatımızın
yorulmaz tədqiqatçısı
Həmid Araslı-115
Ədəbiyyatşünaslıq və
folklorşünaslıq elmimizin inkişafında mühüm
xidmətləri olan görkəmli alimlərimizdən biri də
Əməkdar elm xadimi, akademik Həmid Araslıdır. Bu il fədakar
elm xadiminin anadan olmasının 115 illiyidir.
Həmid Məmmədtağı oğlu Araslı 23
fevral 1909-cu ildə Gəncə şəhərində
dünyaya göz açıb. Atası dövrünün təhsilli,
açıqfikirli alim-ruhanilərindən idi. Həmidin iki
yaşı olanda atası dünyasını dəyişir.
Çox keçmir anasını da itirir.
Qohumlarının himayəsində qalan Həmid şəhərdə
Şah Abbas məscidinin nəzdindəki mədrəsədə
təhsil alır. 1921–1926-cı illərdə Gəncə
Kişi Müəllimlər Seminariyasında oxuyur. 1929-cu ildə
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Dil və
ədəbiyyat fakültəsinə daxil olur. Təhsilini
vaxtından əvvəl başa vurub 1932-ci ildə Gəncəyə
qayıdır. Şəhər Maarif şöbəsində
müdir müavini vəzifəsinə təyin olunur. Bir ildən
sonra Bakıda indiki AMEA-nın nəzdində təşkil
olunmuş kitabxanada Şərq şöbəsinin müdiri vəzifəsində
işə düzəlir. Həmin illərdə Şərq əlyazmalarını
toplayaraq Əlyazmalar Fondunun yaradılmasında müstəsna
rol oynayır və fondun direktoru olur.
Həmid Araslı 1937-ci ildə, minlərlə parlaq
ziyalımız kimi, həbs olunma təhlükəsi ilə
üzləşir. Çünki rəhbərlik etdiyi Şərq
Əlyazmaları Fondunda sovet məfkurəsinə zidd əski əlyazmaları
toplayıb tədqiq edirdi. Bunun üçün də
tutduğu vəzifədən və partiyadan
uzaqlaşdırılır. Buna baxmayaraq, tədqiqatçı
şifahi xalq ədəbiyyatımızın öyrənilməsinə
xüsusi diqqət yetirir. O, “Kitabi-Dədə Qorqud”,
“Koroğlu” dastanları və aşıq
yaradıcılığı haqqında sanballı elmi əsərlər
yazır. “Kitabi-Dədə Qorqud”un Azərbaycanda ilk naşiri
də Həmid Araslı olub. Görkəmli alim yeni
yaradılan Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində
elmi katib vəzifəsinə təyin edilir. 1943-cü ildə
“XIII–XVI əsrlərdə Azərbaycan ədəbiyyatı
tarixi” mövzusunda namizədlik (fəlsəfə
doktorluğu) dissertasiyası müdafiə edir. Bir il sonra Azərbaycan
Dövlət Universitetində (indiki BDU) Yaxın Şərq ədəbiyyatı
kafedrasının müdiri vəzifəsinə irəli
çəkilir.
Elmi tədqiqatlarını davam etdirən alim
“XVII–XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi”
mövzusunda doktorluq dissertasiyası müdafiə edir. 1955-ci
ildə “professor” elmi adı alır. Azərbaycan Elmlər
Akademiyası Nizami adına Ədəbiyyat və Dil
İnstitutunun Mətnşünaslıq şöbəsinin
müdiri, Yaxın və Orta Şərq Xalqları
İnstitutu (indiki Şərqşünaslıq İnstitutu) Ədəbiyyat
şöbəsinin müdiri olur. Alim 1958-ci ildə Azərbaycan
EA-nın müxbir üzvü, 1968-ci ildə həqiqi
üzvü seçilir.
***
H.Araslı “Müxtəsər Azərbaycan ədəbiyyatı
tarixi” kitabında Azərbaycan ədəbiyyatının ən
qədim dövrlərindən başlayaraq XVII əsrə qədərki
inkişaf mərhələlərinin ədəbi-mədəni
mənzərəsini yaradıb. Alim eyni zamanda SSRİ və
dünya ədəbiyyatşünaslığında
yanlış konsepsiyaların geniş yayıldığı
bir vaxtda dahi Azərbaycan şairi və mütəfəkkiri
Nizami Gəncəvi sənətinin milli ruhuna həssaslıqla
yanaşıb. Şairin öz irsinə əsaslanaraq onun
türkcə düşünüb farsca
yazdığını elmi dəlillərlə sübut edib.
O, Nizami sənətinin XII əsr Azərbaycanında təsadüfi
hadisə olmadığını, şairi ictimai-mədəni
yüksəlişlə səciyyələnən əlamətdar
bir dövrün, mərhələnin yetirdiyini söyləyib.
H.Araslı öz tədqiqatları ilə Nizaminin guya
İranın Qum şəhərindən olması
haqqındakı əfsanəni də alt-üst edib.
Ədəbiyyatşünas-alimin Məhəmməd
Füzuli irsinin ardıcıl tədqiq olunmasında və
xaricdə təbliğində də mühüm xidmətləri
var. Şairin həyat və
yaradıcılığının müxtəlif problemlərinə
həsr etdiyi 20-dən artıq məqaləsi və
çoxillik araşdırmalarının yekunu, rus və Azərbaycan
dillərində nəşr edilən “Böyük Azərbaycan
şairi Füzuli” monoqrafiyası elmi ictimaiyyət tərəfindən
maraqla qarşılanıb.
H.Araslı Nəsimi
yaradıcılığının da ilk
araşdırıcılarından sayılır. O, “Fədakar
şair” adlı oçerk, elmi məqalə və Nəsimi əsərlərinin
nəşrlərinə müqəddimələr yazıb.
Alim təqdirəlayiq mətnşünaslıq fəaliyyəti
ilə də tanınır. Onun bu sahədə xidmətləri
Azərbaycan mətnşünaslıq elmində ayrıca bir mərhələ
təşkil edir. Müxtəlif illərdə Məhsəti,
Nəsimi, Xətai, Füzuli, Qövsi, Vidadi, Vaqif və
başqa görkəmli şairlərin əsərlərini nəşr
etdirib.
***
Azərbaycanda Qorqudşünaslıq elminin
formalaşmasında da H.Araslının müstəsna xidmətləri
var. Alim 1938-ci ildən “Kitabi-Dədə Qorqud” dastanına aid
məqalələrlə dövri mətbuatda
çıxışlar edir. O, abidənin boylarını
bütövlükdə ilk dəfə latın qrafikası ilə
Azərbaycan dilində, sonralar isə rus dilində nəşrinə
nail olur. “Kitabi-Dədə Qorqud”da dil, üslub, hadisələrin
cərəyan etdiyi məkanların Azərbaycanla
bağlılığını konkret dəlillərlə əsaslandıran
alim dastanda çətin anlaşılan ifadələrin
folklorda və klassik şairlərin əsərlərində
işlənilən bədii nümunələrlə
müqayisə edərək abidənin dilinin Azərbaycan dilinə
yaxınlığını göstərib.
H.Araslı 1951-ci ildə “Kitabi-Dədə Qorqud”
dastanı ilə bağlı araşdırmalarına görə
tənqid və təqiblərə məruz qalır.
Müzakirələr zamanı dastandakı boyların milli
folklor mədəniyyətimiz üçün heç də
yad olmadığını bildirir. Bir neçə il sonra onun
Məmməd Arif, Əbdüləzəl Dəmirçizadə
və Məmmədhüseyn Təhmasiblə birlikdə
yazdıqları “Dədə Qorqud” dastanları” adlı məqalə
ilə abidənin Azərbaycanda öyrənilməsi və nəşrinə
qarşı olan qərəzli çıxışlara son
qoyulur.
H.Araslı ölkəmizdə və xaricdə “Kitabi-Dədə
Qorqud” abidəsinə həsr edilən bir sıra mötəbər
elmi tədbirlərin iştirakçısı olub. Onun bu
dastanla, eləcə də klassik ədiblərimizlə
bağlı məruzələri mütəxəssislər tərəfindən
yüksək qiymətləndirilib.
Ədəbiyyatşünas fars şairləri Ə.Firdovsi,
Ə.Cami, H.Şirazi, özbək şairi Əlişir Nəvai
irsini də araşdırıb. H.Araslı eyni zamanda Orta əsrlər
Azərbaycan ədəbi əlaqələrinə dair ilkin
araşdırmaların da müəllifi kimi tanınır.
Onun elmi rəhbərliyi ilə onlarla elmlər doktoru və
elmlər namizədi (fəlsəfə doktoru) yetişib.
Akademik Həmid Araslı 20 noyabr 1983-cü ildə
dünyasını dəyişib.
Savalan Fərəcov
Mədəniyyət .- 2024.- 19 mart(№21-22).- S.6.