“Sevgi butik”lərini də
götürüb Bakıya gəldilər
Bəşər yaranandan, ta Adəmlə Həvvadan
başlayan qadın-kişi münasibətləri,
haqlı-haqsız, doğru-yanlış, pis-yaxşı kimi təzadlar
arasında çalxalanan və günümüzdə gender bərabər(siz)liyi
kimi ifadə olunan problem zaman-zaman bədii ədəbiyyatın,
oradan səhnəyə, ekrana köçərək
teatrın, kinonun da mövzusu olub.
Qazax Dövlət Dram Teatrının martın 12-də
Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) səhnəsində
təqdim etdiyi “Love butik” tamaşası da bu barədədir.
ATXİ-nin Mədəniyyət Nazirliyinin dəstəyi ilə
həyata keçirdiyi “Qonaq teatr” çərçivəsində
göstərilən tamaşa istedadlı yazar Jalə
İsmayılın “Ametist xanım və Apatit bəy” pyesi əsasında
hazırlanıb.
Tamaşanın quruluş müəllifi isə
müasir Azərbaycan teatrında fədakarlıq və sənətə
sevgi baxımından seçkin adlardan olan gənc rejissor – bir
müddət öncə paytaxtdakı rahat işindən imtina
edib Füzuli Dövlət Dram Teatrına (Horadiz şəhəri)
gedən Mirzə Nicatdır. Onun bölgə teatrında nə
edib-edəcəyi bir yana, elə bu addımının
özü təqdirəlayiqdir. Üstəlik, Füzuli
teatrının səhnəsində maraqlı
quruluşlarını nəzərə alsaq, Qazax
teatrının təmsilçiləri ilə də
yaxşı iş ortaya qoyacağı gözlənilən
idi. Nə yaxşı ki, bu gözləntidə də
yanılmadıq.
Yaradıcı heyətə gəlincə, səhnə
tərtibatını teatrın baş rəssamı Səyyad
Məmmədov, musiqi tərtibatını Vahid Bayramov verib,
rejissor assistenti Kəmalə Əyyubovadır. Rolları
Əməkdar artist Hacı Hacıyev, aktyorlar Yusif Qoca, Zəmanə
Dərviş və Xanım Məmmədova ifa edirdilər.
Tamaşa seyrçiyə sevgi adlı həqiqəti təsvir
edir. Çoxdan geyilməyən köhnə-təzə paltarlar
arasında təravətini itirməyən sevgi hekayəti ilə.
Özü də çox sadə, səs-küysüz, təmtəraqsız. Rejissor ortayaşlı kişini
xəyal aləminə aparıb həqiqətlə
üz-üzə qoyur: sevgi fədakarlıqdan daha çox
reallığı sevir.
İki gənc – geoloq qadın ilə dramaturq kişi
bir-birlərinə dəli kimi aşiq olsalar da, sadə məsələlərdə
belə uzlaşa bilmirlər. Qısqanclıq, diqqətsizlik,
etinasızlıq, ani yalanlar, keçici inadlar və az qala
üzərində mübahisə etdikləri fəsillər
kimi tez-tez dəyişirlər: gah ildırım
çaxıb, leysan olur, gah külək uğuldayır, gah da
sazaq üz-gözlərini dalayır. Sonra yaz günəşi
qarları əridir, ilğım kimi damarlarındakı
qanı coşdurur. Sonra yenə, haradasa, nə isə hər
şeyi dağıdır, cığırları, yolları
ot kimi basır.
İllər keçir və bir-birilərindən
başqa gözlədiklərinin və gözləntilərinin
olmadığını anlayaraq yenidən birləşirlər.
Bu dəfə nə qaynar gənclik qalmayıb, nə də
alovlu sevgi. Sadəcə, köhnə hisslərin uzaq
qaraltısı ilə çıxırlar yola...
Tamaşanın musiqi və işıq həlli, aktyor
oyunu, xüsusən əsas qəhrəman Qadının gənclik
təsvirini verən aktrisa (Zəmanə Dərviş) tərəf-müqabilləri
ilə oyun keçidlərində yaxşı təsir
bağışladı. Arada səsi üzərində hakimiyyətini
itirib, tamaşaçı ilə rabitədə uduzsa da,
oyununa nəzarətini saxladı.
Səciyyəvi ifadə üslubu prinsipi ilə
yanaşsaq, Yusif Qoca da qəhrəmanının (Kişi) təsvirində
inandırıcı idi.
Maddi-texniki baza, hətta sadə tərtibat sarıdan
çətinliklərini bildiyimiz Qazax teatrının
quruluşçu rəssamının işi xüsusi qeyd
olunmalıdır. Verdiyi tərtibat həlli sayəsində tamaşa
asanlıqla stasionarda olduğu kimi, səyyarda da oynanıla bilər.
Lap elə ən ucqar kənddə, açıq havada da. Bircə
“butik” üçün dörd divar bəsdir.
Ümumilikdə, sevgi alış-verişli “Love butik”
paytaxt tamaşaçıları tərəfindən maraqla
qarşılandı.
Tamaşadan sonra müəllif Jalə İsmayıl
orijinal ədəbi materiala görə, quruluşçu
rejissor Mirzə Nicat uğurlu quruluşa görə
ATXİ-nin fəxri fərmanı ilə təltif olundular.
Həmidə
Mədəniyyət .- 2024.- 19 mart(¹21-22).- S.5.