Uşaqdan-böyüyə
hər kəsin sevdiyi sənətkar
Hüseynağa Sadıqov-110
Bu il görkəmli teatr və kino aktyoru, Xalq artisti
Hüseynağa Sadıqovun (1914–1983) anadan olmasının 110
illiyidir. 69 il ömür sürən sənətkar teatr və
ekranda bir-birindən maraqlı obrazlar qalereyası yaradıb.
Əslən Cənubi Azərbaycandan olan
Hüseynağa Sadıqov 1914-cü il martın 21-də
Bakının qədim məhəllələrinin birində
tacir Ələsgərin ailəsində dünyaya gəlib. Sənətkarın
qızı Tamella Sadıqova müsahibəsində bu barədə
söyləyib: “Atam Bakıda doğulub, amma kökümüz
Cənubi Azərbaycandandır, sonralar bu tərəfə
köçüb yaşayıblar. 30-cu illərdə yenidən
Cənubi Azərbaycana qayıtmalı olublar. Atam bu barədə
danışmağı sevməzdi, bu mövzu onu çox
ağrıdırdı. Ailəsi Cənubi Azərbaycana
köçəndə atam getməyib. Onda təxminən 20
yaşı varmış, Gənc Tamaşaçılar
Teatrında işləyirmiş. Teatrdan ayrıla bilməyib.
Atası, anası, bacı-qardaşları, hamı o tərəfə
keçib. O burda tək-tənha qalıb. Fikirləşirmiş
ki, yəqin ailəsi bir müddətdən sonra geri
qayıdacaq. Amma onların ayrılığı heç bitmədi…”.
Hüseynağa orta məktəbdə oxuyarkən həvəskar
teatr truppalarına maraq göstərib. 1930-cu ildə Gənc
Tamaşaçılar Teatrının aktyor truppasına
sınaq müddətinə qəbul olunub və qısa
müddətdən sonra teatrda aktyor kimi fəaliyyətə
başlayıb.
Onun da yolu II Dünya müharibəsinin od-alovundan
keçib. Döyüşlərdə yaralandıqdan sonra
ordudan tərxis olunub və yenidən
çalışdığı teatrda fəaliyyətini davam
etdirib.
H.Sadıqov 50 ildən çox fəaliyyət göstərdiyi
teatrın səhnəsində Məşədi Cabbar, Tarverdi
(“Molla İbrahimxəlil kimyagər” və “Xırs quldurbasan” –
M.F.Axundzadə), Trufadino (“İki ağanın bir nökəri”
– K.Qoldoni), aptekçi, Spid (“Romeo və Cülyetta”, “İki
veronalı” – V.Şekspir), Jiront (“Skapenin kələkləri” –
J.B.Molyer), Cəbi, Əhməd (“Hacı Qəmbər”,
“Ağa Kərim xan Ərdəbili” – N.Vəzirov) və s.
dramatik və komik rollar ifa edib. “Komsomol poeması”
(S.Vurğunun poeması əsasında İ.Coşqunun
yazdığı pyes) tamaşasında oynadığı
Mirpaşa roluna görə 1967-ci ildə respublika Lenin komsomolu
mükafatına layiq görülüb. İstedadlı aktyor
uşaqlar üçün tamaşalarda da
çıxış edib, balaca teatrsevərlərin rəğbətini
qazanıb.
Kinoda da bənzərsiz obrazları ilə yadda qalan sənətkar
“Azərbaycanfilm”də lentə alınan “Səhər” (1960),
“Telefonçu qız” (1962), “Sehrli xalat” (1964), “Yenilməz
batalyon” (1965), “Yeddi oğul istərəm” (1970), “O qızı
tapın” (1970), “Babamızın babasının babası”
(1981), Moskvada M.Qorki adına kinostudiyada istehsal olunan “Ələddinin
sehrli çırağı” (1966) və digər ekran əsərlərində
çəkilib.
Görkəmli sənətkar epizodik rollarda
rahatlıqla çəkilib, istedad və
bacarığını ortaya qoymağa çalışıb.
H.Sadıqov 1975-ci ildə rejissor Arif Babayevin lentə
aldığı “Alma almaya bənzər” filmində Nadir baba
rolu ilə tamaşaçıların qarşısına
çıxır. Həmin filmdə Kərimov rolunu ifa edən
Azərbaycan Dövlət Film Fondunun direktoru, kinorejissor Əməkdar
incəsənət xadimi Cəmil Quliyev müsahibələrinin
birində deyir: “Hüseynağa Sadıqovla ilk dəfə həmin
filmin çəkilişlərində tanış olmuşam.
Hüseynağa müəllim çox qürurlu insan idi.
Öz sənətinə hörmətlə
yanaşırdı. Yadımdadır ki, bir dəfə söhbətlərinin
birində bildirirdi: “Mən fəxr edirəm ki, aktyoram.
Axşamlar çox rahat yatıram. Bilirəm ki, qapım
döyüləndə və ya telefon zəngi
çalınanda məni ya televiziyaya, ya kinostudiyaya, ya da teatra
çağırırlar. Həyatda nə qazanmışamsa,
öz zəhmətim sayəsində olub”.
Aktyorun ən unudulmaz rolu, heç şübhəsiz,
Xalq artisti, kinorejissor Tofiq Tağızadə tərəfindən
1981-ci ildə çəkilmiş “Babamızın
babasının babası” filmindəki Əziz baba
obrazıdır. Filmdə 160 yaşlı Əziz baba məhəbbət
və əbədilik ideyalarının
daşıyıcısı kimi göstərilib. Bir gün
baba zorla ərə verilən Zeynəbi (Həmidə Ömərova)
toy vaxtı atın tərkinə alıb öz evinə gətirir.
Nəvəsinin (Sabir Məmmədov) bu qızı sevdiyini biləndə
sevinci yerə-göyə sığmır. Əziz babanın
böyük sevincinin səbəbi ondan yan keçən
xoşbəxtliyin nəvəsinə çatdığını
görməsindədir...
Hüseynağa Sadıqov uşaqların sevimli səhnə
personajları – ayı, tülkü, xoruz rolundan tutmuş, el qəhrəmanlarına
qədər ən mürəkkəb obrazların ifasında
uğurlar qazana bilib. Radio verilişlərindəki işləri
indi də xatırlanan sənətkar Xoruz baba, Piri baba kimi
obrazlarla uşaqların sevimlisi olaraq yaddaşlarda qalıb.
Geniş tamaşaçı rəğbəti qazanan
aktyor bunu hər addımında hiss edirdi. Tamella Sadıqova
xatırlayır ki, atası taksiyə minəndə
sürücü ondan pul götürmürdü: “Atamsa buna
razı olmurdu. Trolleybusa da minə bilmirdi, hamı onunla
söhbət eləməyə can atırdı. Atam da piyada
getməyə məcbur olurdu. Bazara gedəndə ondan pul almaq
istəmirdilər. Amma pulsuz bir çöp də
götürməzdi...”.
Görkəmli aktyorun sənəti dövlət tərəfindən
də yüksək qiymətləndirilib. 1956-cı ildə
“Əməkdar artist”, 1979-cu ildə isə “Xalq artisti” fəxri
adları ilə təltif olunub.
Hüseynağa Sadıqov 1983-cü il fevralın 23-də
Bakıda vəfat edib.
Nurəddin Məmmədli
Mədəniyyət
.- 2024.- 19 mart(¹21-22).- S.7.