Qəlb Sevgi ilə rəqs
edərsə...
Qədimlik və çağdaşlıq qovuşar
Özbəkistanın Mədəniyyət və
İncəsənətin İnkişafı Fondunun dəstəyi
ilə Bakıda “Lazgi. Qəlb və Sevginin rəqsi” adlı
balet tamaşasının təqdimatı oldu. İndiyədək
müxtəlif ölkələrdə nümayiş olunan səhnə
əsəri UNESCO tərəfindən Bəşəriyyətin
Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına
daxil edilən özbək xalq rəqsi lazgiyə həsr
edilib.
Məşhur balet tamaşası iki gün – martın
16-da və 17-də Azərbaycan Dövlət Akademik Musiqili
Teatrının səhnəsində təqdim edildi. Birinci
gün tamaşanı izləyənlər arasında Özbəkistan
Prezidentinin köməkçisi Saida Mirziyoyeva, Azərbaycan
Respublikası Prezidentinin köməkçisi, Heydər
Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov,
Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm
və dini məsələlər şöbəsinin müdiri
Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli,
Milli Məclisin deputatları, çoxsaylı mədəniyyət
və incəsənət xadimləri vardı.
***
Bu tamaşanın hazırlanması, xaricdəki
uğurlu nümayişləri barədə vaxtilə məlumat
vermişdik. Üstəlik, arzulamışdıq ki, bir gün
bu tamaşaya biz də baxmaq imkanı qazanaq. “Lazgi. Qəlb və
Sevginin rəqsi”nin dünya səhnələrində
alqışlar qoparandan sonra Bakıda nümayişi xoş
sürpriz oldu.
Bizim daha çox “Qaragöz, boy-boy” özbək xalq
mahnısı kimi tanıdığımız “Xarəzm
lazgisi” qədim rəqs növü olub, Xarəzmşahlar
dövründə təkcə gözəllik deyil, həm də
qəhrəmanlıq rəqsi kimi məşhurlaşıb.
Əslində, 19 mürəkkəb əsas rəqs hərəkətindən
ibarət “Xarəzm lazgisi”ni layiqincə ifa etmək elə sənət
qəhrəmanlığıdır. Həm qadınların, həm
də kişilərin ifa etdiyi bu rəqsdə melodiya
çalınmağa başlayandan bitənədək rəqqas
musiqinin tempinə uyğun olaraq daha iti hərəkət etməyə
başlayır, üstəlik, ifa zamanı mimikaya, artistizmə
verilən tələbləri də gözləməlidir.
Balet tamaşası beynəlxalq komandanın zəhməti
sayəsində ərsəyə gəlib. Layihənin ideya rəhbəri
Özbəkistan Respublikası Prezidentinin köməkçisi
Saida Mirziyoyeva, məsləhətçiləri – görkəmli
rəqqasə və xoreoqraflar Gülnora Musayeva və Gövhər
Mətyakubovadır. Tamaşanın musiqi kompozisiyası və
aranjimanı Devidson Cakonelloya məxsusdur. Devidson Cakonellonun sənətə
balet artisti olaraq başlaması onun başqa bir xalqın milli
musiqisini daha yaxından duymağını və
çatdırmasını şərtləndirir. Baletin
libretto və xoreoqrafiyası isə dünyaşöhrətli
Raul Raymondo Rebekin (Almaniya) istedadının məhsuludur.
Ssenoqrafiyanın müəllifi də tanınmış
multimediaçı rəssam, yaponiyalı Yoko Seyama, geyim
dizayneri əslən rusiyalı Frol Burimski, işıq üzrə
rəssamı isə çexiyalı Tim Vatslavekdir.
“Lazgi. Qəlb və Sevginin rəqsi” balet
tamaşası şərti olaraq 4 hissəyə
bölünüb: “İpək yolu vahəsi”, “Təbiət
elmləri muzeyində”, “Müasir dövr və ənənələr”,
bir də “Sevgi və Qəlb”. Tamaşada Ə.Nəvai
adına Özbəkistan Dövlət Akademik Böyük
Teatrının balet truppası çıxış edir.
Əsas partiyaları Özbəkistanın Əməkdar
artisti Nadirə Xamrayeva (Qəlb), solistlər Uluqbəy Olimov
(Lider), Elmira Yusupova (Sevgi), Radion İsyanov (Şaman), Xarəzm
Filarmoniyasının rəqqasəsi, hazırda Özbəkistanda
ən gözəl “Lazgi” ifaçılarından olan Dilnoza
Artikova solo xalq rəqsini ifa edir.
“Lazgi. Qəlb və Sevginin rəqsi” tamaşası bir
neçə ölkənin böyük səhnələrində
uğurla qarşılandıqdan sonra Azərbaycana gəldi...
Beləcə, biz də bu unikal tamaşanı seyr etdik – rəqs
dili ilə ənənələrin və müasirliyin üzvi
qovuşduğu Qəlb və Sevginin rəqsinin şahidi olduq.
Gülcahan Mirməmməd
Mədəniyyət
.- 2024.- 19 mart(¹21-22).- S.3.