Qusarlıların “Adət”inə
görə...
Novruz tətilindən sonra Azərbaycan Teatr Xadimləri
İttifaqı (ATXİ) sənətsevərləri salonuna
toplayaraq onlara daha bir bayram havası yaşatmağa
çalışdı. Özü də 27 mart – Dünya Teatr
Günündə. Həmin gün qusarlı teatr təmsilçiləri
paytaxtdakı teatrsevərlərə qoşularaq əlamətdar
günü qeyd etdilər.
ATXİ-nin məsul katibi, teatrşünas Aida Qafarova tədbirə
qatılanları beynəlxalq peşə bayramı münasibətilə təbrik
etdi, bu günün əhəmiyyətindən, dünyada və
ölkəmizdə teatra münasibətdən qısa söz
açdı. İttifaqın il ərzində reallaşacaq tədbirləri,
ənənə halını alan layihələr barədə
də məlumat verildi.
Sonda səhnə ATXİ-nin “Qonaq teatr” layihəsinin
növbəti iştirakçısı – Qusar Dövlət Ləzgi
Dram Teatrının aktyorlarına verildi. Teatrın
repertuarındakı maraqlı səhnə nümunələrindən
olan “Adət” tamaşası (müəllif Turqut Özakman)
göstərildi.
Əsər iki ailə arasında uzun illər baş
verən qan davasını ön plana çıxarır.
Tamaşa boyu sadə, insanların köhnə fikir və adətlər
ucbatından necə asanlıqla bədbəxtliyə düçar
olaraq neçə-neçə talelərin məhvə
yuvarlandığına şahidlik edirik.
Səhnə əsərinin quruluş müəllifi Xəzər
Gəncəli, quruluşçu rəssamı Marina Mahmudova,
musiqi tərtibatçısı Şaiq Qardaşovdur.
Rolları Bağır Əhmədov, Bədəl Bədəlov,
Elnur Hacıyev, Lalə Qurbanova, Emma Xeyirbəyova, Kəmalə
Səfərova, Yeganə Kərimova, Sədaqət
Əlimuradova, Şəküfə Mirzəağayeva, Rəhilə
Hacıyeva, Diana Cəfərova ifa edirdilər.
Maraqla izlənilən tamaşadan sonra teatrın
direktoru Əməkdar mədəniyyət işçisi Faiq
Qardaşov və quruluşçu rejissor Əməkdar artist Xəzər
Gəncəli ATXİ-nin fəxri fərmanı ilə təltif
olundular.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi və
ATXİ-nin təşkilatçılığı ilə həyata
keçirilən layihənin məqsədi bölgə
teatrlarının paytaxta inteqrasiyasına təkan vermək,
onların yaradıcılıq potensialını daha geniş
auditoriyaya təqdim etməkdir.
Həmidə
Mədəniyyət
.- 2024.- 29 mart(¹23-24).- S.5.