Mədəniyyət
işçisinin zəngin səs-sənət arxivi
Lənkəran rayonunun Cil kənd sakini Əli Əkbərovun
qeyri-adi hobbisi var. Hələ uşaqlıqdan musiqiyə,
xüsusilə də muğam ifaçılığı sənətinə
maraq göstərən Əli uzun illərdir qrammofon
vallarını toplamaqla məşğuldur.
O, musiqi sahəsinə həvəsin ona anasından
keçdiyini deyir: “Anam klassik Azərbaycan musiqisinə
yaxşı bələd idi. Evdə iş-güclə məşğul
olanda görkəmli xanəndələrimizin
muğamlarını astaca zümzümə edərdi. Elə
həmin zümzümənin mənə həyat yolumu müəyyənləşdirməkdə
müstəsna rolu olub”.
Əli orta məktəbi bitirdikdən sonra Bakıda Mədəni-Maarif
Texnikumuna daxil olub. Qrammofon vallarını toplamağa da həmin
dövrdən başlayıb. Hazırda qonşu
Şağlaser kəndindəki Sənətkarlıq evində
çalışan Əli Əkbərovun evindəki şəxsi
arxivində Azərbaycanın 100-dən çox muğam
ifaçısının və müğənnisinin səsləri
yazılmış 1200-ə yaxın qrammofon valı var.
Əlinin sözlərinə görə, tələbəlik
illərində sevdiyi sənətkarların evlərini
qapı-qapı gəzməklə bu zəngin musiqi xəzinəsini
əldə etməyə nail olub: “İnanın ki, bəzən
bir sənətkarın evinə dəfələrlə getməklə
istəyimə nail olmuşam. Cibimdəki son qəpikdən belə
keçərək mağazadan sevdiyim muğam
ifaçısının valını almışam”.
Görkəmli xanəndələrdən Cabbar
Qaryağdıoğlunun, Məşədi Məhəmməd Fərzəliyevin,
Keçəçi oğlu Məhəmmədin və digərlərinin
1904, 1905, 1912-ci illərdə Varşava, Riqa, Vilnüs kimi
şəhərlərdə yazılmış valları da bu
gün Əli Əkbərovun şəxsi arxivindədir. Deyir
ki, onda olan bəzi nadir valları respublikanın hər
hansı bir arxivində tapmaq qeyri-mümkündür: “Xoşbəxtəm
ki, Şövkət Ələkbərova, Gülağa Məmmədov,
Fatma Mehrəliyeva, Tükəzban İsmayılova, Rübabə
Muradova və onlarla digər görkəmli sənət xadimləri
ilə şəxsən görüşüb söhbətləşmək,
onların canlı ifasını eşitmək mənə qismət
olub”.
Əli evinin bir otağını vallara, kitablara
ayırıb. Son illər Azərbaycanda muğam sənətinin
inkişafı üçün həyata keçirilən
layihələri yüksək qiymətləndirən mədəniyyət
işçisi gənc xanəndələrimizin öz sələflərindən
hələ çox mətləbləri öyrənməli
olduqlarını bildirir: “Qoy cavan ifaçılarımız
arxayınlaşmasınlar. Klassik muğam
ifaçılarımızın hər birinin dəst-xətti
ayrıca bir məktəbdir. Onların təcrübəsindən
öyrənmək, əxz etmək isə yalnız fayda verə
bilər”.
Onu da bildirək ki, hazırda Əli Əkbərovun
kolleksiyası həm də şəxsi muzey kimi
tanınır. Öyrəndik ki, yazıçı-jurnalist,
Əməkdar mədəniyyət işçisi Sədaqət
Kərimova unudulmaz sənətkarımız, Əməkdar
artist Fatma Mehrəliyevanın sorağı ilə bu
yaxınlarda Cil kəndində Əlinin qonağı olub və
axtardığı qrammofon vallarını burada tapıb.
Tanınmış diktor, Xalq artisti Eldost Bayram isə
Əli Əkbərovun xidmətlərini yüksək dəyərləndirərək
yazır: “Əli Azərbaycan mədəniyyəti və incəsənətinin
təbliği sahəsində çalışanlar içərisində
çıraqla axtarılmağa və qiymətləndirilməyə
layiq olan insanlardan biridir”.
Əlavə edək ki, Ə.Əkbərov Sənətkarlıq
evində çalışmaqla yanaşı, “Babalar” folklor
kollektivinin üzvü kimi tez-tez rayonda keçirilən tədbirlərdə
də çıxış edir.
Bəli, mədəniyyət işçisi Əli
Əkbərovun min bir əziyyətlə topladığı
vallar sənət yaddaşımızın saxlanc yeridir. Bu sərvəti
qorumalı və gələcək nəsillərə yadigar
qoymalıyıq. Bunu biz etməsək, nə vaxtsa, uzun
zamanlardan sonra bu valların da sorağı bir çox mədəni
sərvətlərimiz kimi yaxın-uzaq ölkələrin
muzeylərindən, sərgi salonlarından, şəxsi
kolleksiyalarından gələr...
Ağaddin Babayev
Lənkəran
Mədəniyyət
.- 2024.- 29 mart(¹23-24).- S.6.