“Qılınc və qələm”
romanının özbəkcə nəşri maraqla
qarşılanıb
Xəbər verdiyimiz kimi, Özbəkistandakı Heydər
Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin
(AMM) layihəsi ilə görkəmli Azərbaycan
yazıçısı Məmməd Səid Ordubadinin
(1872–1950) “Qılınc və qələm” tarixi romanı
özbək dilində nəşr olunub. Əsəri özbək
dilinə alimlər Nazira Aliyeva, Muhsin Hamidov və Rustam Komilov
tərcümə ediblər. Kitabın redaktoru və ön
söz müəllifi özbəkistanlı alim Abdulla Ulugovdur.
Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin
həyat və yaradıcılığından,
yaşadığı dövrün tarixi olaylarından bəhs
edən roman Nizami irsinə rəğbət bəsləyən
qardaş ölkənin elm və ədəbiyyat dairələrində
də maraqla qarşılanıb.
Bir qədər əvvəl Əlişir Nəvai
adına Daşkənd Dövlət Özbək Dili və
Ədəbiyyatı Universitetində nəşrin təqdimatı
olmuşdu. Bu günlərdə isə AMM tərəfindən
Xarəzm vilayətindəki Ürgənc Dövlət Pedaqoji
Universitetində (ÜDPU) kitabın təqdimatı
keçirilib.
Mərkəzdən bildirilib ki, təqdimat universitetin
Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan
mədəniyyəti və ədəbiyyatı mərkəzində
gerçəkləşib.
ÜDPU-nun prorektoru professor Sərdar Xocaniyazov giriş
sözündə tarixi romanın özbək dilində nəşrini
iki ölkə arasında ədəbi-mədəni əlaqələrə
töhfə kimi qiymətləndirib.
AMM-in əməkdaşı Kərimulla Məmmədzadə
də iki ölkə arasında ədəbi-mədəni əlaqələrdən
söz açıb, bu istiqamətdə mərkəzin
reallaşdırdığı layihələrdən
danışıb.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin
icraçı direktoru professor Erkin Nuriddinov və digər
çıxış edənlər “Qılınc və qələm”
romanının özbək dilində nəşrinin əhəmiyyətindən
bəhs edərək əsərin Azərbaycanın tarixinin, mədəniyyətinin,
ədəbiyyatının öyrənilməsi
baxımından dəyərli mənbə olduğunu
vurğulayıblar.
Qeyd edək ki, kitab AMM tərəfindən Özbəkistanın
aparıcı kitabxanalarına, ali təhsil ocaqlarına
paylanılacaq.