Dünya Teatr
Günündə “Dovşanın ad günü”
Dünya Teatr Günü ilə bağlı daha bir tədbir
Azərbaycan Dövlət Kukla Teatrında keçirilib
Martın 27-də teatrın sosial-mədəni layihələri
çərçivəsində 200 nəfərə yaxın əlilliyi
olan uşaq və yeniyetmələr üçün sənət
ocağının son premyerası – “Dovşanın ad
günü” tamaşası göstərilib. Sonra balacalara hədiyyələr
təqdim olunub.
Tamaşa uşaq ədəbiyyatımızın
görkəmli nümayəndəsi Xanımana Əlibəylinin
“Dovşanın ad günü” nağıl-poeması əsasında
ərsəyə gəlib. Bədii nümunənin səhnələşdirmə
və quruluş müəllifi Saida Haqverdiyeva,
quruluşçu rəssamı Rəna Abasova, bəstəkarı
Əməkdar artist Vüqar Camalzadə, mahnıların mətn
müəllifi Sevinc Nuruqızıdır.
Tamaşada hadisələr bir meşədə təsvir
olunur. Canavar Dovşanı yemək üçün nə qədər
cəhd göstərsə də, buna nail ola bilmir. Günlərin
bir günü meşəyə soraq yayılır ki,
Dovşanın ad günü olacaq. Bunu eşidən Canavar
Tülkü ilə hiylə qurub Dovşanın ad
gününü gözləyirlər. Dovşan, Kirpi,
Alabaş, Çəpiş, Quzu, Qaranquş daim bir yerdə
olurlar və bir-birinə kömək edirlər. Onlar əlbir
olub Tülkü ilə Canavarı da məğlub edirlər.
Beləcə, dostluq və dürüstlük, qorxmazlıq və
birlik qalib gəlir.
Maraqla qarşılanan tamaşadan sonra X.Əlibəylinin
qızı, professor Gülər Abdullabəyli, UAFA (Azərbaycana
Birgə Yardım) Valideyn Birliyinin koordinatoru Zəhra Xələfova
çıxış edərək tədbirin təşkilatçılarına
və yaradıcı heyətə təşəkkür ediblər.