Üç gün
sonra Şuşaya ayaq basacaqdı...
Tariximizin şanlı səhifəsi olan 44
günlük II Qarabağ müharibəsi Vətən
övladlarının mərdliyinin, cəsarətinin, yurd
sevgisinin miqyasını dünyaya nümayiş etdirdi. Dostlar
sevindi, düşmənlər xar oldu.
Vətən müharibəsində şəhidlik zirvəsinə
ucalan igidlərimiz haqqında oxuculara məlumat verməyə
davam edirik. Bu dəfə şəhid Vüqar Zamanov
haqqında söz açacağıq.
Vüqar İsmayıl oğlu Zamanov 1995-ci il martın
10-da Füzuli rayonunun Horadiz şəhərində anadan olub.
Horadiz şəhər Firudin Mehdiyev adına 2 nömrəli
tam orta məktəbdə təhsil alıb. Orta məktəbi
bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi
xidmətini başa vurduqdan sonra bir müddət mülki
işlərdə işləyib, idmanın ağır atletika
növü ilə məşğul olub.
Qəlbi Vətən eşqi ilə döyünən,
doğma yurdun düşmən işğalında qalması
ilə barışa bilməyən Vüqar hərbçi
olmağa qərar verir. 2016-cı ildə müddətdən
artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi
xidmətini davam etdirir.
2020-ci ilin 27 sentyabrı. Müasir tariximizin
dönüş anı. Torpaqlarımız 30 ilə yaxın
idi düşmən işğalındaydı. Tarixi yurd yerlərimiz
həqiqi sahiblərinin yolunu gözləyirdi. Yağı
düşməndən qisas alaraq doğma
torpaqlarımızı azad etmək məqamı
yetişmişdi. Bu şərəfli vəzifəni yerinə
yetirənlər arasında Vüqar da var idi...
Vüqar Zamanov Vətən müharibəsinin ilk
günündən qanlı döyüşlərdə
iştirak edir. Döyüş yolu Şuşaya qədər
davam edir, səngər yoldaşları ilə verilən
tapşırıqların öhdəsindən layiqincə gəlir,
düşmənə divan tuturlar. Noyabrın 5-də
Şuşanın Daşaltı kəndi istiqamətindəki
döyüşlər Vüqarın ömrünü də,
qala-şəhərimizə ayaq basa bilmək, “Şuşa
fatehi” ünvanını almaq ümidlərini yarıda qoyur. Həmin
gün qəhrəmancasına şəhidlik zirvəsinə
yüksəlir. Doğulduğu Horadiz şəhər qəbiristanlığında
torpağa tapşırılır.
Şəhidin anası Lətifə Zamanovanın
sözlərinə görə, Vüqar uşaqlıqdan
çox zəhmətkeş olub: “Orta məktəbin VI sinfinə
qədər əla qiymətlərlə təhsil alıb.
Sonra idmana həvəs göstərməyə başladı.
Vətən borcunu ödədikdən sonra yenidən hərbiyə
qayıtmaq arzusunda idi. Bir neçə il mülki işlərdə
işləməsinə baxmayaraq, öz istəyilə yenidən
şanlı hərbçi formasını geyindi”.
Lətifə xanım oğlu ilə sonuncu dəfə
oktyabrın 28-də əlaqə saxladıqlarını deyib:
“Həmin gündən sonra Vüqarla əlaqəmiz kəsildi.
Noyabrın 5-də şəhid xəbərini aldıq.
Vüqarın şəhid olmağı atasına çox pis
təsir etdi. Atası Vüqarın şəhadətindən
sonra heç bir il yaşamadı. 2021-ci ilin avqustun 24-də vəfat
etdi. Bilirsiniz, mənim üçün danışmaq
çox çətindir. Bir il içində həm oğul,
həm də həyat yoldaşımın acısını
daddım. Tək təsəllim odur ki, Vüqarın qanı
yerdə qalmadı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə qüdrətli Ordumuz torpaqlarımızı
düşməndən azad etməklə bütün şəhidlərimizin
qisasını aldı. Allah bütün şəhidlərimizə
rəhmət eləsin”.
Qeyd edək ki, Vüqar Zamanov ölkə
başçısının müvafiq sərəncamları
ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur
döyüşçü”, Füzuli, Xocavənd və
Şuşanın azad olunmasına görə medalları ilə
təltif olunub.
Ruhu şad olsun.
Nurəddin
Mədəniyyət .- 2024.- 29 mart (¹23-24).-S.6.