Öyrətmək
missiyalı poeziya
Teymur Elçin-100
XIX əsrin ikinci yarısından təşəkkül
tapan uşaq ədəbiyyatının sistemli şəkildə
inkişafı üçün S.Ə.Şirvani,
F.Köçərli, M.Ə.Sabir, A.Səhhət, S.S.Axundov,
A.Şaiq, M.Seyidzadə, Ə.Cəmil, M.Dilbazi, X.Əlibəyli
və başqaları yorulmadan yazıb-yaradıblar. Sələflərinin
yaradıcılıq ənənələrini uğurla davam
etdirən görkəmli şairlərimizdən Dövlət
mükafatı laureatı, publisist, tərcüməçi
Teymur Elçindir. Bu il ədibin anadan olmasının 100
illiyidir.
Teymur Süleyman oğlu Əliyev (Teymur Elçin) 28
mart 1924-cü ildə Şuşa şəhərində anadan
olub. Uşaq ikən ailələri Bakıya
köçür. O, paytaxtdakı 132 nömrəli orta məktəbdə
oxuyur. 1941-ci ildə orta təhsilini başa vurduqdan sonra Azərbaycan
Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsinə
qəbul olunur. Tələbə ikən Azərbaycan Radiosunda
ştatdankənar müxbir və diktor işləyir. 1943–1945-ci
illərdə II Dünya müharibəsində iştirak edir.
Cəbhədən qayıtdıqdan sonra ali təhsilini davam
etdirir və 1948-ci ildə universiteti bitirir.
Teymur Elçin ədəbi yaradıcılıqla bərabər
bir çox məsul vəzifələrdə, o cümlədən respublika komsomol komitəsində
çalışıb, 1957–1964-cü illərdə Azərbaycan
Televiziya və Radio Verilişləri Komitəsinin sədri,
1975–1988-ci illərdə respublika mədəniyyət nazirinin
müavini olub. Beş çağırış Ali Sovetin
deputatı seçilib. O, teleradio komitəsinə rəhbərlik
etdiyi dövrlərdə Azərbaycan dilinin qorunmasına
xüsusi həssaslıqla yanaşıb, eyni zamanda gənclərə
qayğı göstərib.
Teymur Elçinin “İspaniya qəhrəmanlarına”
adlı ilk şeiri 1938-ci ildə mətbuatda dərc olunub.
Ümumilikdə 15-ə yaxın şeir kitabı işıq
üzü görən şairin əsərləri
keçmiş ittifaq respublikalarında çap edilib. Şair
tərcümə ilə də məşğul olub.
İ.V.Turgenev, S.Marşak, K.Çukovski, P.Voronko və
başqalarının əsərləri Azərbaycan
oxucularına Teymur Elçinin tərcüməsində
çatdırılıb...
Yaradıcılığında uşaq
dünyasına da xitab edən şair bir-birindən dəyərli
əsərlər qələmə alıb. Müəllifin
“Qar qız”, “Qulaq asın, danışım”, “Bahar, adlar,
uşaqlar”, “Sözlər, nəğmələr,
nağıllar, laylalar”, “Laylalar”, “Şəkərim, duzum”,
“Torağayın nəğməsi”, “Babalar, nənələr,
nəvələr” və s. əsərləri uşaqların
marağını cəlb edib.
Onun şeirlərində Azərbaycan dilinin məna
çalarları ustalıqla ifadə olunur, misralar ahəngdar
şəkildə bir-biri ilə uzlaşır. “Gəl, bahar”
şeirində yazır:
Gəl, bahar,
Çətir-çətir,
Güllər gətir,
Otaqlara
Dolsun ətir.
“Mən kiməm?” şeirində isə müəllif
incə bir vasitə ilə uşaqlara peşə və sənətləri
sevdirir:
Bilirsiniz mən kiməm?
Balaca bir həkiməm.
Trubkanı qulağıma
Bax beləcə taxaram.
Xəstələrə bax beləcə,
Bax beləcə baxaram.
Mən balaca bağbanam,
Siz tanıyan bağdanam.
Ağacları cərgə-cərgə,
Bax beləcə əkərəm.
Suyunu mən bax beləcə,
Bax beləcə tökərəm…
Teymur Elçinin yaradıcılığında diqqətçəkən
yanıltmaclar da çoxdur. Şeirlərində bir-birinə
yaxın və oxşar sözlərin təkrarı maraqlı
ahəngdarlıq yaradır. Uşaqlar həmin şeirləri
oxuduqca cazibəsindən çıxa bilmir.
Şair şeirlərində həm də çox
böyük ustalıqla uşaqları dərin məhəbbətlə
sevən, onların qayğısına qalan böyüklərin
bədii obrazını yaradıb. Bu əsərlərdə
eyni zamanda Vətənə məhəbbət motivləri də
maraq doğurur. “Anamın laylası” da bu silsilədəndir:
Layla dedim balama,
İl keçə, ay dolana.
Balam gedə yuxuya,
Başına Ay dolana.
Ədəbiyyatşünas-alim Zahid Xəlil “Söz
adamı” məqaləsində yazır: “Teymur Elçin bir
söz sərrafı kimi əsərlərində kəlmələri
zərgər dəqiqliyi ilə seçir. Xalqın dilindən
eşitdiyi sözləri ustalıqla oxucusuna öyrədirdi”.
Şair yaradıcılığında sözə məsuliyyətlə
yanaşıb. Fikri zərgər dəqiqliyi ilə cilalayaraq
yeni sözlər yaradıb. Zəngin yaradıcılıq yolu
keçən şairin şeirlərinin hər birinin ahəngində
öyrətmək missiyası duyulur. “Kirpinin laylası”,
“Turacın laylası”, “Siçan balası” kimi şeirlərində
uşaq aləminin min bir məqamı diqqətə
çatdırılır.
Görkəmli şairin əsərləri
uşaqların könlünü oxşadığı kimi,
musiqiyə də yatımlıdır. Onun neçə-neçə
şeirinə mahnılar bəstələnib. O, Tofiq Quliyev,
Rauf Hacıyev, Əşrəf Abbasov, Süleyman Ələsgərov,
Oqtay Zülfüqarov, Oqtay Rəcəbov və başqa bəstəkarlarla
birlikdə çalışıb. Fikrət Əmirovla
şairi çox yaxın yaradıcılıq əlaqələri
birləşdirib. “Göygöl”, “Toy mahnısı”, “De
görüm, neyləmişəm?”, “Gülür ellər” və
s. kimi məşhur mahnılar bu uğurlu əməkdaşlığın
bəhrəsidir.
Şair mənzum pyeslər də qələmə
alıb. Əsərləri Gənc Tamaşaçılar
Teatrında səhnələşdirilib
Ədəbi və ictimai fəaliyyəti dövlət
tərəfindən yüksək qiymətləndirilən
şair bir sıra təltiflərə layiq görülüb.
“Qarabağ şikəstəsi” oratoriyasına görə bəstəkar
Vasif Adıgözəlovla birgə 1990-cı ildə
respublikanın Dövlət mükafatını alıb.
Əsərləri bu gün də uşaqlar tərəfindən
sevilən Teymur Elçin 14 mart 1992-ci ildə vəfat edib.
Savalan Fərəcov
Mədəniyyət .- 2024.- 29 mart (¹23-24).-S.6.