Niyazinin
ocağında tanınmış violin ifaçısı ilə
görüş
Martın 28-də Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil-Muzeyində
tanınmış violin ifaçısı, Əməkdar
artist Arif Manaflı ilə görüş və “Sənətin
Arifi” kitabının təqdimat mərasimi keçirildi.
Tədbiri Musiqi Mədəniyyəti Dövlət
Muzeyinin direktoru sənətşünaslıq elmləri
doktoru, Əməkdar mədəniyyət işçisi Alla
Bayramova açaraq Arif Manaflının sənət yolundan,
ifaçı kadrların hazırlanmasında əməyindən
danışdı.
Muzeyin şöbə müdiri Xanım Abdinova sənətkarın
həyat və yaradıcılıq yolundan söz
açdı. Diqqətə çatdırdı ki,
A.Manaflı erkən çağlardan musiqiyə maraq göstərib.
Onun qəlblərə süzülən özünəməxsus
ifası dinləyicilər tərəfindən maraqla
qarşılanır.
Tədbirdə daha sonra Xalq artistləri Sərdar Fərəcov,
Azər Dadaşov, Əməkdar müəllim Adilə
Yusifova, Əməkdar incəsənət xadimi Məmmədağa
Umudov, sənətşünaslıq üzrə fəlsəfə
doktoru Fəttah Xalıqzadə çıxış edərək
A.Manaflının Azərbaycan və Türkiyə musiqi mədəniyyətinin
inkişafındakı roluna və yaradıcılıq
portretinə nəzər saldılar. Bildirildi ki, o, Türkiyədə
Azərbaycan bəstəkarları ilə yanaşı, xalq
musiqisi nümunələrinin də təbliğinə
töhfələr verib.
Muzeyin direktoru Alla Bayramova Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin nəşrləri olan not
kitablarını A.Manaflıya hədiyyə etdi. O da öz
növbəsində ifaları olan CD-ləri,
yaradıcılığını əks etdirən afişa və
fotoşəkilləri muzeyə bağışladı.
Tədbir iştirakçılarının
suallarını cavablandıran A.Manaflı Azərbaycan bəstəkarları
ilə yaradıcılıq əlaqələrindən
danışdı, maestro Niyazi haqqında xatirələrini
bölüşdü. Kitabın müəllifi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Fazilə Nəbiyeva nəşrin
ərsəyə gəlməsindən bəhs etdi.
Çıxışlar A.Manaflının
yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə
müşayiət olundu.
Sonda sənətkarın ifalarının
videoyazıları nümayiş olundu. F.Əmirov adına 11
illik İncəsənət məktəbi şagirdlərinin
ifasında musiqi proqramı təqdim edildi.
S.Fərəcov
Mədəniyyət .- 2024.- 29 mart (№23-24).-S.2.