“Sabah ölkəsi”
Odlar yurdu ilə görüşür”
Azərbaycan və Almaniya gənc musiqiçilərinin
birgə layihəsi
Martın 27-də Rəşid Behbudov adına Dövlət
Mahnı Teatrında “Morgenland” Odlar yurdu ilə
görüşür” (“Morgenland Meets The Land of Fire”) adlı Azərbaycan
və Almaniya gənc musiqiçilərinin birgə layihəsi
təqdim olundu.
Konsertdən əvvəl Mahnı Teatrının bədii
rəhbəri Xalq artisti Salman Qəmbərov layihə
haqqında məlumat verdi. Qeyd etdi ki, layihə 20 ildir
Almaniyanın Osnabrük şəhərində təşkil
edilən “Morgenland” (“Sabah ölkəsi”) festivalı çərçivəsində
keçirilir. O, almaniyalı musiqiçiləri ölkəmizdə
salamlayaraq layihəyə qatılan yerli gənclərin
seçimində göstərdiyi dəstəyə görə
Azərbaycan Milli Konservatoriyası və Sumqayıt Musiqi
Kollecinin rəhbərliyinə minnətdarlığını
bildirdi.
Sonra konsert təqdim olundu. Alman bəstəkarlarının
əsərləri və Azərbaycan xalq mahnıları
üzərində qurulan caz kompozisiyaları maraqla
qarşılandı.
Qeyd edək ki, Yaxın Şərq mədəniyyətinə
həsr olunan festivalın əsas aksiyalarından biri 14-20
yaş arası gənc musiqiçilər üçün nəzərdə
tutulmuş “Morgenland akademiyası”dır. Professional
musiqiçilərin rəhbərliyi altında birhəftəlik
musiqi düşərgəsi çərçivəsində
iştirakçılar Avropa musiqi ənənələrindən
fərqlənən, muğama əsaslanan Qafqaz və Orta Asiya
musiqisi ilə tanış olurlar. “Morgenland akademiyası” məzunlarından
ibarət “Morgenland gəncləri” ansamblı mütəmadi
olaraq layihə və konsertlər təşkil edir.
“Morgenland” Odlar yurdu ilə görüşür” layihəsinin
rəhbəri Salman Qəmbərov artıq 2009-cu ildən bu
festivalda iştirak edir. Hər il festival çərçivəsində
gənclər üçün ustad dərsləri təşkil
olunur. Bu il festivalın təşkilat komitəsi belə bir
layihəni ona həvalə edib.
Lalə Azəri
Mədəniyyət .- 2024.- 29 mart (№23-24).-S.5.