Azərbaycan elminin
günü...
Martın 27-də Azərbaycan Milli Elmlər
Akademiyasında (AMEA) Elm Günü münasibətilə tədbir
keçirilib.
AMEA-dan bildirilib ki, tədbir
iştirakçıları əvvəlcə Xalq rəssamı,
akademik Ömər Eldarovun heykəltaraşlıq sərgisi,
AMEA loqosunun eskizləri, eləcə də Arxeologiya və
Antropologiya İnstitutunun nəşrləri ilə
tanış olublar.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin
“Elm Günü və günün elmi: humanitar tədqiqatlar və
süni intellekt” mövzusunda nitqi dinlənilib. Elm
Gününün ölkə başçısının
2018-ci il 9 aprel tarixli sərəncamı ilə təsis
edildiyini diqqətə çatdıran akademik Azərbaycan
elminin Orta əsrlərdən bu günədək tarixinə
qısa nəzər salıb.
Ölkəmizdə elmin təşkilatlanmasından
söz açan İsa Həbibbəyli bildirib ki, 1923-cü
ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti,
1932-ci ildə onun əsasında SSRİ Elmlər
Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi
təşkil edilib. Şöbə 1935-ci ildə isə
SSRİ EA Azərbaycan Filialına çevrilib. 1945-ci il
martın 27-də isə 15 həqiqi üzvün
iştirakı ilə Azərbaycan SSR Elmlər Akademiyası təsis
olunub.
AMEA-nın ötən müddətdə zəngin
inkişaf yolu keçdiyini deyən akademik bu xüsusda
Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri
olduğunu vurğulayıb. Qeyd olunub ki, Prezident İlham
Əliyevin yüksək diqqət və qayğısı sayəsində
Azərbaycan elmi yeni inkişaf mərhələsinə qədəm
qoyub. O cümlədən “Azərbaycan Milli Ensiklopediyası”
Elmi Mərkəzi təşkil olunub, Yüksək Texnologiyalar
Parkı yaradılıb, AMEA-nın Mərkəzi Elmi
Kitabxanasının yeni binası tikilib, Şamaxı Astrofizika
Rəsədxanasının maddi-texniki bazası yenilənib.
Prezidentin “Azərbaycan Respublikasında elm və təhsil
sahəsində idarəetmənin təkmilləşdirilməsi
ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci
il 28 iyul tarixli fərmanını da diqqətə
çatdıran İsa Həbibbəyli Elm və Təhsil
Nazirliyinin AMEA ilə birgə ölkəmizdə elmi fəaliyyətin
təşkili istiqamətində səylər göstərdiyini
deyib.
Beynəlxalq əlaqələrə də toxunan AMEA rəhbəri
2023-2024-cü illərdə akademiyanın 3 beynəlxalq elmi təşkilata
üzv olduğunu, xüsusilə türk dövlətlərinin
akademik qurumları və ali təhsil müəssisələri
ilə sıx əməkdaşlıq edildiyini
vurğulayıb.
Tədbirdə çıxış edən Milli Məclisin
Mədəniyyət komitəsinin sədri Fazil Mustafa
AMEA-nın Azərbaycan xalqının intellektual
potensialının formalaşmasında, onun sosial-ictimai tərəqqisində
mühüm rol oynayan qurum olduğunu deyib. O, dünya elminin
çağırışlarına cavab verən elmi tədqiqatlara
üstünlük verməyin, Azərbaycan elmini beynəlxalq
elmi tələblərə uyğunlaşdırmağın
vacibliyini qeyd edib.
Tədbir çərçivəsində həmçinin
Xalq rəssamı, akademik, ömrünün 70 ildən
çoxunu heykəltaraşlıq sənətinə həsr
etmiş Ömər Eldarovun həyat və fəaliyyətini əks
etdirən “Hələ axşam deyil” sənədli filmi və
akademik Yusif Məmmədəliyev haqqında film nümayiş
etdirilib.
Elmi fəaliyyətində fərqlənən bir
sıra alimlərə AMEA-nın fəxri fərmanları təqdim
olunub.
Mədəniyyət .- 2024.- 29 mart (¹23-24).-S.3.