Əsrin qan
yaddaşı...
Mart qırğınlarının 106-cı
ildönümü
1918-ci il martın son günləri Azərbaycan
tarixinin ən qanlı dövrlərindən biridir. Həmin
günlər erməni silahlı dəstələri Bakıda
misli görünməyən qırğın törətmişdi.
Şaumyanın rəhbərlik etdiyi “Bakı Soveti”nin
daşnak-bolşevik hərbi qüvvələrinin müsəlman
azərbaycanlıların “sovet hakimiyyətinə qarşı
çıxması” bəhanəsi ilə 30 martda
başlatdığı qətliam aprelin 1-dək davam etmiş,
üç gün ərzində Bakıda və ətraf kəndlərdə
10 mindən çox insan öldürülmüşdü.
Daşnak-bolşevik qüvvələri Təzəpir məscidini
topa tutmuş, Bakının memarlıq incilərindən
sayılan “İsmailiyyə” binasına od vurmuş, şəhərin
böyük bir hissəsini xarabalığa çevirmişdi.
Kütləvi qırğınlar Qarabağın azərbaycanlı
kəndlərində, Şuşada, eləcə də aprel-may
aylarında Şamaxıda, Qubada, Lənkəranda, Gəncəbasarda
və başqa bölgələrdə davam etmiş, 30 mindən
çox müsəlman-türk, habelə erməni
quldurlarına boyun əyməyən digər millətlər –
ləzgilər, talışlar, yəhudilər (Quba), almanlar (Gəncəbasar
bölgəsi) qətlə yetirilmişdi.
70 illik sovet ideologiyasının “erməni-müsəlman
davası”, “əks-inqilabi qiyam” kimi
saxtalaşdırdığı 1918-ci ilin Mart hadisələri
bolşevik-daşnak ittifaqının xalqımıza
qarşı yeritdiyi soyqırımı siyasəti idi. Bu
qırğının təşkilatçısı
Şaumyan 13 aprel 1918-ci ildə Leninə yazırdı: “Biz
artıq 6 min nəfərlik silahlı qüvvəyə malik
idik. Daşnakların da 3-4 min nəfərlik silahlı hissələri
var idi ki, o da bizim sərəncamımızda idi... Biz bu işə
şüurlu surətdə getdik. Əgər azərbaycanlılar
üstün gəlsəydi, onda Bakı Azərbaycanın
paytaxtı elan edilə bilərdi”.
Göründüyü kimi, azərbaycanlılara
qarşı genosid həyata keçirən ermənilər
Bakı da daxil bütün Azərbaycanı özlərinin ərazisi
etmək əzmində idilər. 1918-ci il iyulun 15-də Azərbaycan
Xalq Cümhuriyyəti Hökumətinin hələ Gəncədə
ikən yaratdığı Fövqəladə Təhqiqat
Komissiyası bu qətliamlarla bağlı çoxsaylı
materiallar toplamışdı. Bir il sonra, 1919-cu ildə
Cümhuriyyət Parlamenti 31 martın “Azərbaycanlıların
Soyqırımı Günü” kimi qeyd olunması barədə
qərar qəbul etdi.
Dünya ictimaiyyətinə həqiqətləri
çatdırmaq üçün Xarici İşlər
Nazirliyi nəzdində xüsusi qurum
yaradılmışdı. Lakin Cümhuriyyətin süqutu bu
işin başa çatmasına imkan vermədi...
Azərbaycanda 70 illik sovet tarixi bizi gerçək
tarixdən uzaq saldı. Hətta soyqırımı qurbanı
olmuş soydaşlarımızın uyuduğu qəbiristanlığın
üstünü betonlayaraq burada Kirovun heykəlini qoymuş, ətrafda
da istirahət parkı salmışdılar...
1998-ci il martın 26-da Prezident Heydər Əliyev
tariximizin qan yaddaşı ilə bağlı fərman
imzaladı. İki əsr (XIX-XX) azərbaycanlılara
qarşı törədilmiş qırğın və
deportasiya əməllərinə siyasi qiymət verən sənədlə
31 mart Azərbaycanlıların Soyqırımı
Günü kimi yenidən tariximizdə öz yerini tapdı.
Ötən dövr ərzində tarixi gerçəklərin,
xalqımızın iki əsr boyu məruz qaldığı
soyqırımı və etnik təmizləmənin dəhşətli
miqyasını beynəlxalq aləmə çatdırmaq
üçün xeyli iş görülüb. Amma hələ daha çox iş
görməliyik. Çünki hələ də tarixi
gerçəklərə qulaq tıxayan dünyanın bir
sıra yerlərində ermənilərin saxta “tarixi” ayaq
açıb gəzə bilir...
Mədəniyyət .- 2024.- 29 mart (¹23-24).-S.1.