“Gəncədən
Bakıya” – yeni layihənin ilk konsertləri
Fikrət Əmirov adına Gəncə Dövlət
Filarmoniyası “Gəncədən Bakıya” adlı yeni layihəyə
başlayıb.
Layihə çərçivəsində ilk konsert
proqramı görkəmli bəstəkar, Xalq artisti, öz bənzərsiz
mahnıları ilə qəlbləri fəth edən Elza
İbrahimovaya həsr olunub.
Proqramda filarmoniyanın estrada ansamblının
müşayiəti ilə Əməkdar artistlər Arzu
Əliyeva, Kəmalə Tağızadə, Tural Abdullayev, gənc
ifaçılar Zabitə Alıyeva, Səbinə Ərəbli,
Kamilə Nəbiyeva, İlkin Fuad, solistlər Rüstəm Cəfərov,
Əli Məmmədov, Vasif Bayramov, Məhərrəm
Qasımov bəstəkarın “Bakının
işıqları”, “Sən yadıma düşəndə”,
“Gedək üzü küləyə”, “Gəl,
barışaq”, “Mehribanım”, “Təki sən səslə məni”,
“Ötən günlərimi qaytaraydılar”, “Gecələr
bulaq başı” və s. populyar mahnıları oxuyublar.
Sonda səsləndirilən “Ey Vətən”
mahnısı tamaşaçılar tərəfindən hərarətlə
qarşılanıb.
Aprelin 30-da layihə çərçivəsində
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində
Gəncə Dövlət Filarmoniyası solistlərinin konserti
keçirilib.
Muzeyinin direktoru Əməkdar mədəniyyət
işçisi Alla Bayramova, Gəncə Dövlət
Filarmoniyasının direktoru Əməkdar artist Ramil
Qasımov tədbirdə giriş sözü söyləyiblər.
Gəncə filarmoniyasının solistləri və gənc
istedadların ifalarında Azərbaycan və dünya bəstəkarlarının
əsərlərindən ibarət rəngarəng proqram təqdim
olunub.
Qeyd edək ki, layihə çərçivəsində
ayda bir dəfə Gəncə Dövlət
Filarmoniyasının solistləri Bakıda konsert proqramı ilə
çıxış edəcəklər.