Köhnə Bakıya rənglərin işığında səyahət

 

Müasir Azərbaycan incəsənətini öz individual yaradıcılıq fəaliyyəti ilə təmsil edən istedadlı rəssamlardan biri də Pərviz Abasovdur. Bədii tərzi olduqca maraqlı olan rəssam rəngkarlıq, heykəltaraşlıq və illüstrasiya sahəsində maraqlı əsərlərin müəllifidir.

Rəssamın aprelin 26-da Muzey Mərkəzinin sərgi qalereyasında təqdim etdiyi “Biz kimik, məclis onun məclisidir” adlı fərdi sərgisi də məhz individuallığı ilə seçilirdi. Sərgi görkəmli qəzəlxan-şair, tərcüməçi Əliağa Vahidə (1895–1965) həsr olunmuşdu.

Sərgiyə gələnləri, ilk növbədə musiqiçilər salamlayırdılar. Milli rəqslərin sədaları altında sərgiyə daxil olan tamaşaçılardan bəziləri yaradılan əhvala uyğun olaraq  musiqiçilərə şabaş verməyi də unutmadılar. Bu isə uzaq keçmişdən gələn ənənələrin yaşadılmasına işarə idi.

Daha sonra tamaşaçılar geniş ekranda sərgiyə hazırlığı əks etdirən videoçarxla tanış oldular. Videoçarxın nümayişindən sonra Əliağa Vahidə həsr olunan “Qəzəlxan” filmindən “Biz kimik, məclis onun məclisidir” adlı meyxana nümunəsi səsləndirildi.

Qalereya otaqlarında isə köhnə Bakı ruhunda dekorasiyalar qurulmuşdu. Burada nərd oynayan, samovar çayı təqdim edən kişilər rəssamın əsərlərinin qəhrəmanlarına oxşayırdılar.

Aprelin 30-dək davam edən sərginin ideyası köhnə Bakını və onun ənənələrini yaşatmaqdır. Rəsmlərin hər biri özü-özlüyündə qədim Bakının hər anını ehtiva edərək tamaşaçını zamanın səyahətinə çıxarır. Pərviz Abasovun Bakıya və onun keçmiş adət-ənənələrinə məhəbbəti əsərlərdə təkcə tematika baxımından deyil, eyni zamanda çəkilmə tərzi və texnika baxımından da bir-birini tamamlayır. “Mərdəkan”, “Bilgəh”, “Ciyər axşamı” kimi əsərlərdə unudulmaqda olan köhnə Bakı adət-ənənələri və ona olan bağlılıq rəssamı bu mövzuda silsilə əsərlər yaratmağa sövq edib. Rəssam sintez etməyi çox sevir. Məsələn, Bakıdakı toy axşamında amerikalı reperlər Tupak və Biggienin meyxana deyişməsinin kətan üzərində təsvirini görə bilərik. Rəssamın düşüncəsi belədir ki, hər yerdə həyat eynidir, fərqli olan personajlardır.

Sərgidə “Love is...” silsiləsindən maraqlı rəsmləri də yer almışdı. Ümumilikdə müəllif 80 rəngkarlıq, 20 illüstrasiya və 13 heykəltaraşlıq nümunəsini tamaşaçıların ixtiyarına vermişdi.

 

L.Azəri

Mədəniyyət.-  2024.- 3 may, ¹33-34.- S.5.