Tablolardakı naxışların pıçıltısı

 

Milena Nəbiyevanın yaradıcılığı haqqında

 

Pol Qogenin sözləri ilə desək, rəssamlıq incəsənətin növlərindən ən gözəlidir. Rəssamlıq sənəti hafizənin heç bir rolu olmadan, bir anda, yalnız tək bir nəzərlə qəlbi ən isti xatirələrlə doldurmaq qabiliyyətinə malikdir.

Sözsüz ki, rəngkar çalarlar arasında uyuma nail olmağı bacarmalı, sənətin texniki sirlərinə bələd olmalıdır. Amma iş bununla bitmir. Rəssam dünyagörüşünü, emosiyalarını, ideyalarını, ətrafdakı gerçəkliyi kətana köçürməyi bacarmalıdır. Dərin təəssürat yarada bilmək, duyğulara xitab etmək rəngkarlığın başlıca meyarıdır. Özünəməxsus yaradıcılığı ilə tamaşaçıda emosiyalar oyada bilən rəssam Milena Nəbiyeva da duyğu və bacarıqlarını eyni anda ortaya qoymaqla sənətini təkmilləşdirir.

Milena Nəbiyeva 1981-ci ildə Bakıda dünyaya göz açıb. Kiyev Milli Memarlıq və İnşaat Universitetinin məzunu, Azərbaycan Rəssamlar İttifaqının, UNESCO yanında Beynəlxalq Rəssamlar Federasiyasının üzvüdür.

İncəsənətə böyük sevgisi çoxsaylı uğurlara imza atmasına zəmin olub. “Minabi – kainat naxışları”, “Payızımın çalarları”, “Qəlbimin naxışları” adlı fərdi sərgiləri ilə sənətsevərlərin rəğbətini qazanıb.

Milena Nəbiyeva yaradıcılığında zərifliyi, kübarlığı təmsil edərək sənət nümunələri yaradan, incə zövqlərə xitab edən rəssamlardandır. O həm realist, həm də ornamentçi rəssamdır. Yaradıcılığında ecazkar naxışlar, sirlərlə dolu elementlər və bu elementlərlə əks qütbdə dayanan realizm bir tabloda qaynayıb-qarışır.

Rəssamın duyğularını kətan üzərində əks etdirməyə başlaması qədim türk motivlərinə yaranan marağından qaynaqlanır. Özünün də qeyd etdiyi kimi, naxışlarda sirli və mistik anlam gizlənir. Onların mahiyyətini dərk etmək isə çox çətindir. Hər ornamental detal, əslində, mifik hekayədən bəhs edir. Saflıq, uğur, xoşbəxtlik, bərəkət, doğulmaq və ölmək, sevgi, sağlamlıq, bəd-nəzərdən qorunmaq kimi xalq inancları və rəmzlərinə bağlı olan naxışlar Milena Nəbiyevanın tablolarında silsilə şəkildə düzülür, eyni anda həyatın fəlsəfəsini özündə daşıyır.

Kompozisiyalarında saflığın simvolu su yolu, bəd-nəzərdən qorunmağın rəmzi göz motivi, alovu simvolizə edən buta kimi xalça elementləri ilə yanaşı, arabesk ornamentlər daha çox gözə çarpır. Rəssamın əsərləri mürəkkəb, təmtəraqlı, zərif və bir-birinə qarışan, sonsuzluğa uzanan, ciddi simmetrik qanuna tabe həndəsi formalı girih, islimi, ləçək turunc, xətai kimi arabesk naxışlarla zəngindir. Qeyd etmək lazımdır ki, girih naxışlar daha çox dahilik və qüdrət, əlçatmazlığı simvolizə etdiyi halda, islimi naxışlar yaxınlığı, mülayimliyi və ətraf aləmin bir-birinə qaynayıb-qarışmasını vurğulayır. Bir-birinə hörülmüş, açılmamış çiçəklər, gözoxşayan qönçələr və bitki gövdələrinin iç-içə təsvir edilməsi xaotik fantaziyanın, gərgin iş prosesinin nəticəsi kimi ortaya çıxır.

Mövzularında Azərbaycanın milli-mənəvi dəyərlərinə, xalça, nar, buta kimi atributlara müraciət edən rəssamın müxtəlif naxışlardan hörülmüş kompozisiyaları sanki şəbəkəni xatırladır. O, tablonun mərkəzinə çəkdiyi təsvirləri nəbati və həndəsi ornamentlərlə haşiyələməklə füsunkar bir görünüşə nail olur. Beləliklə, bir-biri ilə ahəngdar şəkildə uzlaşan fərqli ornamentlər eyni zamanda mərkəzdə çəkilmiş real təsvirlə də möcüzəvi şəkildə uzlaşaraq tamamlanır. Tablolarda gözqamaşdırıcı, növbənöv ornamentlərlə əhatələnmiş təsvir qeyri-ixtiyari olaraq nəzəri cəlb edir. Belə manipulyativ təsvir üslubu, insanın real aləmə paralel olaraq nağıllar, simvollar və inanclarla dolu dünyada yaşadığına eyham vurur.

Rəssam “Buta”, “Naxışlı narlar”, “Qurama”, “Butalı qurama”, “Düşüncə”, “Dövrə vuran dərvişlər”, “Misirli qadın”, “Akvarium”, “Tovuzquşu” və başqa nümunələri zəngin rəng çalarlarından, eləcə də tamaşaçıda dərin emosional reaksiya doğuran psixoloji naxışlardan istifadə etməklə yaradıb.

Milena Nəbiyeva əsərlərində payızın çalarlarına xüsusi vurğunluğunu göstərir. Tablolarında qızılı, sarı, narıncı, qəhvəyi, qırmızı, yaşıl rənglərə sıx müraciət edir. Müraciət etdiyi mövzular da əsərləri kimi rəngarəngdir. Bol meyvəli, vazada güllərin təsvir olunduğu natürmortlar, xalı və xalça məmulatlarının, tarixi abidələrin kətana həkk olunmuş təsvirləri diqqətəlayiqdir.

O, uzun illər ayrı düşdüyümüz doğma Qarabağın tarixi abidələrini “Xudafərin körpüsü”, “Kəlbəcərdə payız səhəri”, “Ağdam. Cümə məscidi” kimi əsərlərində tərənnüm edib. “Ağdam Cümə məscidi” tablosunu göz önünə gətirsək burada bir-birini təkrarlamayan nəbati və həndəsi naxışların yarışını görmək olar. Kompozisiyanın mərkəzindəki Cümə məscidinin memarlıq xüsusiyyətlərinin qabarıq təsviri onu sanki canlı izləmə effekti verir. Müstəqil Azərbaycan xəritəsini də başdan-başa xalça ornamentləri ilə bəzəyərək rəssam orijinal sənət əsəri yaratmağa müvəffəq olub.

Rəssamın natürmortları da özünəməxsusluğu ilə seçilir. O, ənənəvi üslubla işləyərək nar, xurma, şaftalı, alma və üzümləri canlı, optimist çalarlarla boyayır, kompozisiyasını saxsı qablar, zənbillərlə zənginləşdirərək ecazkar naxışların əhatəsində ön plana çıxarır. “Almalar” adlı natürmortunda rəssam boşqabın və süfrənin bəzəklərini harmonik şəkildə uzlaşdırmış, işıq və kölgə texnikasını ustalıqla işləmiş, bütün bunlarla kifayətlənməyib almaların həcmini kifayət qədər canlı təsvir etməklə heyrətləndirici əsər yaradıb. “Borçalı. Nar natürmortu”, “Aşiq armudlar”, “Narlı qarpız”, “Barlı heyva budağı”, “Narlar gecəyarısı”, “Albalı düsturu”, “Quba alması” kimi natürmortlarında isə incə naxışların əhatəsində meyvələr canlı və həcmli görünür.

Milena Nəbiyeva el sənəti nümunələrimiz – xalçaları da kətana həkk etməklə gözoxşayan ornamentləri dəqiqliklə işləyir. Bu silsiləyə “Qarabağ xalçası. Çələbi”, “Qarabağ xalçası” əsərlərini nümunə göstərmək olar. Başdan-başa ilmələrdən ibarət tablolara nə qədər səbir gərəkdiyini isə təsəvvür etmək mümkün deyil. Bunun öhdəsindən yalnız sevgi və böyük həvəs sahibi gələ bilər. Onun yaradıcılığında tamaşaçı ilə şüuraltı səviyyədə ünsiyyət qurmaq, dünyanın incə və estetik mənzərəsini nümayiş etdirmək cəhdləri duyulur.

İncə ruhlu rəssam öz fəaliyyətini rəngkarlıqla məhdudlaşdırmır. O, “Həyata ümid” xeyriyyə layihəsinin də təsisçisidir. Bu layihə çərçivəsində 2019-cu ildə Müasir İncəsənət Muzeyində Azərbaycan rəssamlarının əsərlərindən ibarət “Həyata ümid” adlı xeyriyyə sərgisini təşkil edib. 2023-cü ildə rəssamın “QGallery”də keçirilən “Qəlbin naxışları” adlı fərdi sərgisi də xeyriyyə məqsədli olub. Əsərlərin satışından əldə olunan vəsait xəstə uşaqların müalicəsinə sərf edilib. O, həmçinin Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının fəaliyyətinə verdiyi töhfəyə görə bu qurumun fəxri üzvüdür.

Bu günlərdə (26 aprel) Bakı şəhərinin möhtəşəm “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” hotelində Milena Nəbiyeva “Alovun ahəngi” adlı fərdi sərgisini təqdim edib. İstedadlı rəngkara çoxşaxəli yaradıcılığında yeni uğurlar arzulayırıq.

 

Dürdanə Qurbanova

Azərbaycan Dövlət Rəsm Qalereyasının elmi işçisi

Mədəniyyət.-  2024.- 3 may, ¹33-34.- S.7.