Sankt-Peterburqda azərbaycanlı rejissorun filmi təqdim edilib

 

Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı rejissor, ssenarist Rauf İbrahimzadənin “Özümü axtarıram” tammetrajlı filminin təqdimatı keçirilib.

“White Film Production” studiyasında Azərbaycan dilində çəkilən film rus dilində altyazısı ilə nümayiş olunub. Bu, Rauf İbrahimzadənin Azərbaycan dilində çəkdiyi ikinci tammetrajlı filmdir.

Detektiv dram janrında çəkilən filmin baş qəhrəmanı Arif doğmaları tərəfindən emosional təzyiqə məruz qalır, onların xəyanəti və yalanları ilə üzləşir. Tamaşaçı, paralel olaraq, digər qəhrəmanların da həyat hekayəsi ilə tanış olur.

Film mayın 31-də Moskva şəhərində də nümayiş etdiriləcək.

Rauf İbrahimzadə (Kelvin) Bakıda anadan olub. Türkiyədə oxuyub və yaşayıb. 2018-ci ildən Sankt-Peterburqa köçüb. “Miqrant”, “Dejavu” və s. filmləri ilə tamaşaçıların qarşısına çıxıb.

 

Mədəniyyət.-  2024.- 3 may, ¹33-34.- S.8.